Nikolun Serjikin kabablarını soyutmaq planı ANALİTİK

Nikolun Serjikin kabablarını soyutmaq planı ANALİTİK

Yaxud, məxməri inqilabdan qanlı qarşıdurmalara doğru bir addım

Ermənisanda son günlər cərəyan edən hadisələrin, daha dəqiq desək qaldırılmış qiyamın bilavasitə Serj Sarkisyanın “Qarabağ klanı”na qarşı baş verdiyini dərk etmək elə də çətin deyil. Lakin bununla yanaşı, ölkədə uzun illərdir davam edən diktatorluq rejimi və bu faktordan doğan iqtisadi tənəzzül, işsizlik, kütləvi mühacirət və s. hallar “Qrabağ klanı”na qarşı xalq hiddətini, nifrətini daha da artırmış oldu. Zaman-zaman kütləvi etirazların yaranması da məhz bu amili ehtiva etməkdədir.

Ermənistan parlamentinin “Yelk” (“Çıxış”) fraksiyasının müxalifətçi lideri Nikol Paşinyanın bu dəfə daha sərt şəkildə vətəndaş itaətsizliyinə rəhbərlik etməsi isə Ermənistanda baş verən kütləvi etiraz dalğasının daha da radikallaşmasına səbəb olub. Artıq onun rəhbərliyi ilə inqilab komitəsinin yaradılması, məxməri inqilabın reallaşdırılması və bu çərçivədə işlərin aparılması da belə qənaətə gəlməyə zəmin yaradır ki, budəfəki qiyam öncəkilərdən daha sərtliyi ilə seçiləcək. Paytaxt Yerevanda və ətraf bölgələrdə polisin etirazçılara qarşı tətbiq etdiyi vəhşilik də bunu göstərir. Daha doğrusu, məxməri inqilab fonunda qanlı hadisələrin baş verə biləcəyini də proqnozlaşdırmaq mümkündür. Düzdür, Paşinyan bunu istəmədiyini deyir, lakin hökumət başına keçən əliqanlı Serj Sarkisyan üçün bunu etmək heç də çətin deyil.

Hərəkat lideri Nikol Paşinyan: “Əzizim Arsine, min təyyarəyə və uç Yerevana, məktublar yazmaq lazım deyil, çünki abonent cavab verməyəcək”

Yeri gəlmişkən, Respublika meydanında çıxış edən N.Paşinyan bildirib ki, hökumət binalarının blokadası davam etdiriləcək. SİA lragir.am saytına istinadən xəbər verir ki, etirazlara rəhbərlik edən Paşinyan tutduqları ərazilərdə xalqın gecələməməsi barədə danışıb və bunu belə izah edib ki, əgər xalq hər gün istədiyi yeri zəbt edə bilirsə, bu zaman gecələməyə də gərək yoxdur. “Aksiyalar “Azadlıq” meydanından başlayaraq, “Respublika” meydanında başa çatdırılacaq”-deyə çağırış edən müxalifətçi lider xaricdə yaşayan dostlarına da müraciət edib: “Serj Tankyan, meydan dayanıb və sən də xalqla bir yerdə dayanmalısan. Əzizim Arsine, min təyyarəyə və uç Yerevana, məktublar yazmaq lazım deyil, çünki abonent cavab verməyəcək. Mən Şarl Aznavura müraciət edirəm ki, o da bu meydanlarda belə bir kütləni görüb. Sizlərin burada olmağınız vacibdir ona görə ki, qansız-qadasız bu mafiyaya son qoyulsun”.

N.Paşinyan həmçinin qeyd edib ki, ilk günlərdə inqilab komitələri yaradılacaq ki, yaranmış hərəkata rəhbərlik ediləcək və bu, qələbə qazanılanadək olacaq. “İnqilab komitələri bütün yaşayış məntəqələrində yaradılacaq. Çox yaxın günlərdə qurumlar, o cümlədən polis S.Sarkisyanın deyil, inqilab komitələrinin ntapşırıqlarını icra edəcəklər”-hərəkat lideri bildirib. O, bütün Yerevanın iflic vəziyyətinə çatdırılacağını, S.Sarkisyanın və köməkçilərinin Yerevan üzərində hərəkətlərinin sərt qaydada məhdudlaşdırılacağını da deyib: “Belə bir məlumat var ki, S.Sarkisyan və onun tərəfdarları şəhər kənarında fəxrlə onun baş nazirliyini “yuyurlar”. Biz, elə bir hərəkata sahib olmalıyıq ki, onların yedikləri kababları soyusun”.

Hakim partiyanın deputatı Qalust Saakyana görə, hakimiyyət daha böyük qarşıdurmaların yaranmaması üçün əlindən gələni edir

Bu arada hakim Respublika partiyasının parlament fraksiyasının deputatı Qalust Saakyan deyib ki, insanlar toplaşa bilər, ancaq burada hər hansı bir məxməri inqilabdan söhbət gedə bilməz. Ermənistanın 1in.am saytına açıqlama verən hakimiyyət təmsilçisinə görə, məxməri inqilabı gerçəkləşdirməkdən ötrü müxalifətə onun arxasında gedə biləcək xalq dəstəyi lazımdır. Q.Saakyan ölkədə problemlərin olduğunu etiraf etsə də, 3-5 min nəfərin bu cür yanaşmalarla nə isə edə biləcəyinə inanmadığını deyib. O, hətta iddia edib ki, hakimiyyət daha böyük qarşıdurmaların baş verməməsi üçün əlindən gələni edir. Əlbəttə, hakimiyyət təmsilçisi bundan o tərəfə açıqlama verə bilməz və əslində, onun özü də yaxşı bilir ki, vəziyyət çərçivədən çıxarsa, Sarkisyan sərt addımlara gedəcək. Necə ki, 2016-cı ildə baş verən “Sasna srer” qiyamının yatırılması da buna sübutdur.

Hüquq müdafiəçisi Artur Sakunts: “Polis tərəfindən hər kəsə qarşı xüsusi vasitələrdən istifadə olundu”

Helsinki vətəndaş assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts isə hesab edir ki, polis güc tətbiqi zamanı istifadə etdiyi xüsusi vasitələrin nəyə görə xalqa qarşı istifadə edildiyini izah etməlidir. “Polis birmənalı olaraq bu vasitələri kimsəyə qarşı istifadə etməməlidir”-deyə qeyd edən erməni hüquq müdafiəçisi güc sktrukturlarına xatırlatma edib: “Polis unudur ki, qanunlara əsasən, hər kəs sərbəst toplaşmaq hüququna malikdir. Güc strukturları aksiyalar zamanı öz arasından elə insanları seçməlidir ki, onlar sərt tətbiqlərdən istifadə etməsinlər. Ancaq biz. əksini gördük. Polis tərəfindən hər kəsə qarşı xüsusi vasitələrdən istifadə olundu və 46 vətəndaş yaralandı, müxtəlif bədən xəsarətləri aldı. Sual: Yaralanmış 46 nəfər, o cümlədən 6 polis güc tətbiqi ediblərmi?”

A.Sakunts xatırladıb ki, polis yalnız qanunları köklü şəkildə pozaraq, ictimai təhlükə yarada biləcək insanlara qarşı həmin vasitələri istifadə etməliydi, lakin yenə də ətrafdakıları nəzərə almaqla.

Siyasi təhlilçi Zauri Ovannisyan: “Polis tərəfindən fəalların individual təqib olunması barədə xəbərlər var”

“Qeyd etmək istəyirəm ki, 80 nəfərdən çox vətəndaş müxtəlif polis şöbələrinə aparılıblar ki, orada onların hüquqları pozulub”. Bu fikirləri isə siyasi təhlilçi və publisist Zauri Ovannisyan deyib. O, qeyd edib ki, bütün bunlarla yanaşı, saxlanılanlara vəkillərdən istifadə etmək hüquqları da tanınmayıb. Belə ki, buna səbəb olaraq, saxlanılanların vətəndaş itaətsizliyi göstərilib.: “Bizdə məlumatlar var ki, insanları mağazalarda, yaxud digər ictimai yerlərdə həbs ediblər. Polis tərəfindən fəalların individual təqib olunması barədə xəbərlər var. Bu, belə deməyə əsas verir ki, fəalları izolə etməyə çalışırlar. Çünki saxlanılanlar hələ də polis məntəqələrində qalmaqda dava edirlər”.

Beləliklə, fakt budur ki, baş verən hadisələr və Ermənistanda yaranmış vəziyyətin bu dəfə davamlı şəkil alması hakimiyyətin öz rıçaqlarını əlindən verməməsi istiqamətində daha sərt tədbirər görməsi ilə nəticələnməsinə doğru inkişaf edir. Hər halda, gündə bir neçə mərkəzi küçələrin qaiyamçılar tərəfindən blokadaya alınması, paytaxt və ətrafın iflic vəziyyətinə gətirilməsi bu cür qənaətə gəlməyə imkan yaradır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə