Əli Kərimli müxalifətçi gəncləri Cəmil Həsənliyə söydürdü QARŞIDURMA

Əli Kərimli müxalifətçi gəncləri Cəmil Həsənliyə söydürdü QARŞIDURMA

AXCP sədrinin “Milli Şura”dakı ruporu özünü pis vəziyyətdə qoydu və qarşı tərəfdən cavabını aldı

AXCP sədri Əli Kərimlinin “Milli Şura”dakı ruporu rolunu oynayan Cəmil Həsənli sosial şəbəkədə canlı yayımda olarkən, onların çirkin siyasətlərinə dəstək göstərməyən, lakin hakimiyyətə qarşı müxalif mövqedə dayanan şəxsləri aşağılayan ifadələr işlədib. Daha dəqiq desək, C.Həsənlinin özünü müxalifətin “Dədə Qorqudu” adlandırması müxalifətçi gəncləri hövsələdən çıxarıb və zaman-zaman bənzər yersiz ifadələrinə qarşı əks ifadələr yazılıb. Yazılan cavab statuslarında daha çox Tural Abbaslının “Ağ Partiya”, Rəsul Quliyevə yaxınlığı ilə seçilən “Gələcək Azərbaycan Partiya”sının, Sərdar Cəlaloğlunun sədri olduğu ADP-nin, “ADR” və “REAL” hərəkatlarının, eləcə də digər müxalif mövqeli gənclərin rəyləri nəzərə çarpıb. Qeyd olunub ki, bu həmin C.Həsənlidir ki, məhz 2005-ci ildə deputat mandatına görə sədr müavini olduğu AXCP-yə xəyanət edib, o cümlədən, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev həbs edilərkən onun hüquqlarını müdafiə komitəsinin rəhbəri olub. Eyni zamanda, millət vəkili olarkən, hakimiyyətə dəstək göstərən çoxsaylı məqalələri, kitabları işıq üzü görüb.

“Milli Şura”nın sədri hədəf olaraq niyə “Ağ Partiya”nı seçdi və onu rənglərə böldü?

Lakin ona sual ünvanlayan jurnalistin Azərbaycan müxalifətinin bəlli kəsiminin gələn ay keçiriləcək prezident seçkilərində iştirak edəcəyi ilə bağlı sualına cavabı daha kəskin etirazlarla müşahidə olunub. “Milli Şura”nın sədri bu cür cavab verib: “Kimdir o partiyalar ki, müxalifətdədirlər və seçkilərə də qatılırlar?”

Maraqlıdır ki, daha çox “Ağ Partiya”ya kəskin cavab verən C.Həsənli daha sonra bildirib: “Ağ Partiya”dır, sarı partiyadır yaxud qırmızı partiyadır nədir, bunların seçkiyə getməyi heç nəyi dəyişmir. Bu partiyanı Biləcəridən o tərəfə kim tanıyır?”

Beləliklə, sözlərinə və özünə hakim olmağı bacarmadığını deyən siyasiləşmiş “Dədə Qorqud” bununla nəninki hakimiyyətlə, heç zəif müxalifətlə də siyasi mübarizə aparmaq gücündə olmayan bir fərd olduğunu isbatlayıb. Məsələn, adıçəkilən partiyanın sədri Tural Abbaslı və tərəfdarları Ə.Kərimlinin ruporuna yazdıqları rəy cavablarında bildiriblər ki, AXCP C.Həsənli 2013-cü ilin prezident seçkilərində bu gün “Ağ Partiya”da cəmləşən bir sıra gənclərin sona qədər onun yanında olduqlarını, onun seçki təbliğatında əllərindən gələni etdiklərini unudub. “C.Həsənli ittihamlara cavab vermək əvəzinə, ona suallar verən, tənqid edən gəncləri ya bloklayır, ya da dostluqdan çıxarır. Bununla işini bitmiş hesab edir”-deyə statuslarda bildirilib.

Tural Abbaslının Cəmil Həsənliyə cavabı sərt və acımasız oldu: “Əli Mirəliyev Cəmil Həsənlidən beş dəfə, Röya 10 dəfə məşhurdur”

Bu arada T.Abbaslı da müxalifətyönlü mətbuata açıqlamasında sözügedən olaya sərt münasibət bildirib və qeyd edib ki, özünü ciddi hesab edən bir siyasətçi bu tərzdə çıxış edə bilməz. SİTAT: “Nə Cəmil Həsənlidən, nə də onun “liderindən” “müxalifət lisenziyası” almaq fikrində deyilik. Belə bir öhdəliyimiz də yoxdur. Bu səlahiyyəti onlara heç kim verməyib. Onu qınamıram, çünki ətrafındakılar onu elə atmosferə salıblar ki, özünü tamam itirib, Azərbaycanın Nelson Mandelası olduğunu düşünür. Cəmil müəllimdən soruşmaq lazımdır ki, neçə ildir siyasətdədir və siyasətə necə gəlib? Ümumiyyətlə, siyasət nədir bilirmi? Yaxud mitinqlərin, seçkilərin nə olduğundan anlayışı varmı? Mitinqi bir kənara qoyuram, bir piket belə təşkil edibmi, bir strukturda təmsil olunubmu? Bunları etsin, ondan sonra gəlsin bizə ağıl öyrətsin”.

“O, intellektinin, məntiqinin olmadığını göstərir. Guya ki, bizə sarı, qırmızı və ya digər rənglər deyəndə nəyimiz dəyişir?”-deyə sual edərək, “Milli Şura”nın milli şuriklər adlandıırıldığını xatırladıb və onu da qeyd edib ki, belə bir “siyasətçinin” təfəkkürü ümumiyyətlə, yoxdur.

“Milli Şura” sədrinin ayağısürüşkənliyini də xatırladan T.Abbaslı təəssüflə deyib ki, bu gün Azərbaycan siyasətinin onun kimi “müxalifətçilərin” əlində qalması bədbəxtlikdir: “Bizi tanınmadığımızı deyir. 36 yaşım var və bunun yarısı siyasətdə keçib. Onun 16 ilini Cəmil Həsənli və onun kimilərini tanıtmaqla keçirmişəm. Ona görə özümüzü tanıtmağa vaxtımız olmayıb…Bizi Biləcəridən o tərəfə tanımırlar deyir, Biləcəri də bizimdir. Qoy bizi Biləcəriyə qədər tanısınlar. Tanınmaq kimi bir problemimiz yoxdur. Cəmil Həsənli qoy Röya, Elza Seyidcahanla yarışsın, görək hansı daha çox tanınır. Əgər siyasətçi olmaq tanınmaqla ölçülürsə, o zaman Əli Mirəliyev Cəmil Həsənlidən beş dəfə, Röya 10 dəfə məşhurdur”.

Beləliklə, qənaətə gəlmək mümkündür ki, C.Həsənlinin siyasi “paravozunun” kömürü tükənib və onun Ə.Kərimlinin yanına geri dönməsi, daha doğrusu yenidən qucağına oturması qoca professorun, yaxud, saxta “Dədə Qorqudun” bəlli sifətlərini daha çox ufşa edib. Hər halda, özünə hörmət qoya biləcək bir siyasət adamı əsla və kimliyindən asılı olmayaraq, özünü bu qədər ucuz və polyaçi tiində göstərməməlidir…

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə