“Rusiya Ermənistana konkret təzyiqlər etməlidir” MÖVQE

“Rusiya Ermənistana konkret təzyiqlər etməlidir” MÖVQE

“Əslində Rusiyanın XİN nümayəndəsi Mariya Zaxarova Dağlıq Qarabağın həlli ilə bağlı açıqlamasında öz ölkəsinin mövqeyini səsləndirir. Lakin burada əsas problem Rusiyanın Ermənistana təzyiq etməməsidir”. Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloqun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistana təzyiq etməlidir: “Rusiya Azərbaycanın strateji partnyoru, digər tərəfdən də Ermənistanın hərbi-siyasi müttəfiqi kimi münaqişənin həllinə çalışır. Lakin Rusiya başa düşməlidir ki, burada uzun illərdir danışıqlar gedir və biz bundan imtina etmirik. Bu məsələnin yeganə həll yolu beynəlxalq hüquq normalarına uyğun addımlar atılması, Rusiya tərəfindən Ermənistana müəyyən təzyiqlərin edilməsidir”.

F.Sadıqov qeyd edib ki, əgər Rusiya regionda sabitliyin qorunmasında maraqlıdırsa, Ermənistanı sadəcə sülhə çağırmaqla kifayətlənməməlidir: “Qonşu dövlət anlamalıdır ki, əks halda Ermənistan münaqişənin həlli müddətini uzadacaq və nəticədə problem həllini tapmayacaq. Lakin konkret təzyiq etməklə, beynəlxalq hüquq normalarına uyğun olaraq, münaqişənin həlli istiqamətindəki qətnamələrin yerinə yetirilməsinə şərait yaradılmalıdır”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan, Ermənistan və Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesini necə görməsi ilə bağlı suala “Rusiyanın Qarabağ münaqişəsinin həllini tapacağına ümidi var”- deyə, cavab verib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə