"Azərbaycanın tarixi torpaqları ilə bağlı mübarizədən əl çəkməyəcək" ŞƏRH

"Azərbaycanın tarixi torpaqları ilə bağlı mübarizədən əl çəkməyəcək" ŞƏRH

Fevralın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI Qurultayında çıxış edərkən tarixi torpaqlarımızın geri qaytarılması məsələsinə toxunaraq, bunun gələcək fəaliyyətimiz üçün əsas istiqamət olduğunu açıqladı. “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”- deyə, Dövlət başçısı bildirdi. Azərbaycan Prezidenti İlham Əliyevin möhtəşəm çıxışından sonra Ermənistan ictimaiyyəti bundan narahat olduğunu dilə gətirməkdə davam edir. Belə ki, onlar Azərbaycan Prezidentinin inamlı çıxışında özlərini günahkar bilir və indiyədək belə çıxışlara o də qədər önəm vermədikləri üçün gələcəkdə peşmançılıq yaşayacaqları ilə bağlı fikir bildirirlər. Erməni ictimaiyyəti bu öz hakimiyyətinin fiaskoya uğradığını və hazıki siyasətin davamlı olmacağı təqdirdə tezliklə evsiz-eşiksiz qalacağını bəyan edir.

“Ermənilər bilməlidir ki, onlar hazırda yaşadıqları torpaqlara gəlmədirlər”

Məsələ ilə bağlı SİA-ya açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, ermənilər ilk növbədə tarixi yaxşı öyrənməli və bilməlidirlər ki, onlar yaşadıqları torpaqlara gəlmədirlər.

Onun sözlərinə görə, ermənilər Türkmənçay sülh müqaviləsindən sonra Rusiyanın və bir sıra başqa dövlətlərin köməyi ilə Qərbi Azərbaycan ərazisinə məskunlaşıblar: “İrəvanı isə yalnız 1920-ci ildə bir sıra dövlətlərin təzyiqi və xahişi ilə Azərbaycan Xalq Cümhiyyəti tərəfindən bir növ onlara ərmağan edilib. Bir sözlə ifadə etsək, indiki Ermənistan ərazisi başdan-başa Azərbaycan türklərinin yaşadığı məkan olub. Azərbaycan Prezidenti İlham Əliyev tarixi fatları dərin bildiyinə görə, Yeni Azərbaycan Partiyasının VI Qurultayında çox haqlı olaraq bəyan etdi ki, hədəfdə olan məsələlərdən biri tarixi torpaqlarımızın geri qaytarılmasıdır”.

“İrəvan rus və ingilislərin təzyiqi ilə Ermənistana ərmağan edilib ”

Q.Hüseynli bildirib ki, ermənilər dövlət başçımızın çıxışına görə özlərini günahlandırmalıdırlar: “Ermənilərin əli dirsəyə qədər qana batıb. Onlar radikal erməniçilik təfəkkürünün qurbanıdırlar. Onlar bizim ərazilərimizə gətirilməklə öz sərhədlərini genişləndiriblər. Hətta 1920-ci ildə Zaqafqaziya seymi dağıldıqdan sonra Azərbaycan, Gürcüstan, Ermənistan öz müstəqlliklərini élan etdi. Lakin həmin dövrdə Ermənistan özünə paytaxt tapa bilmir, paytaxt kimi Gümrünü seçmək istəyirdilər. Lakin sonradan ingilis və rusların təzyiqi altında İrəvanın Ermənilərə paytaxt kimi verilməsi təklifini etdilər və Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı onlara 99 illik müddətində paytaxt seçməyə icazə verdi. Amma erməni özünə yer etdikdən sonra onlar öz təcavüzkarlıqlarını davam etdirdilər. Ermənistan öz müstəqilliyini élan etdikdə onların ərazisi cəmi 10 min kvadrat kilometr idi. Amma Sovet dövründə Rusiya höküməti tərəfindən bir sıra ərazilərimizin - Meğrinin, Göyçənin, 1962-ci ildə isə hətta Qazax rayonunun bəzi ərazilərinin ermənilərə ərmağan edilməsi nəticəsində Ermənistanın torpaqları birdən-birə 26 min kvadrat kilometr təşkil etdi. Zəngəzur, Laçın və Qazaxın bəzi bölgələri də sovet dövründə ermənilərə ərmağan edilib. Bu baxımdan Azərbaycan prezidenti tarixi yaddaşları silkələyərək bizə itirilmiş tarixi torpaqlarımızla bağlı hədəfləri göstərir. Dövlət başçısı çıxışında bildirdi ki, Dağlıq Qarabağ bizim son 170 illikdə itirdiyimiz torpaqlar deyil. Ermənilər bu ərazilərin yerli əhalisi deyil, onlar gəlmədirlər. Bu gəlmələr Rusiya və İngiltərənin qəyyumluğu altında Azərbaycan türklərinin oradan çıxarılması və deportasiyasına səbəb olub. Bir neçə dəfə həyata keçirilən deportasiyalar nəticəsində indiki Ermənistan dövlətinin yaranmasına, 1988-ci ildə başlayan Dağlıq Qarabağ münaqişəsi isə Ermənistanla Azərbaycan arasında müharibəyə gətirib çıxarıb. Rusiyanın da köməkliyi ilə ölkəmizin 20 faiz torpaqları işğal edilib”.

“Ermənistan torpaqlarımızı qaytarıb, ölkəmizlə təminatlı sülhə nail olmalıdır”

Politoloq qeyd edib ki, ermənilər zaman-zaman Azərbaycandan çox şey qopardıblar: “ Azərbaycan tarixi yaddaşı oyanıb. Ölkə başçısı bu istiqamətdə çox mühüm hədəflər müəyyənləşdirib. Bəziləri bu hədəflərə ehtiyatlı yanaşır. Amma buna ehtiyac yoxdur. Çünki, Azərbaycan xalqının qan yaddaşında, İrəvan, Göyçə, Zəngəzur da var və bu qan yaddaşı tezliklə hərəkət formasına keçəcək. Ona görə də Ermənistan özünü indiki şəraitdə nə qədər konstruktiv aparsa, o qədər uda bilər. Düşmən ölkə Dağlıq Qarabağ münaqişəsi ilə işğalçı mövqeyindən əl çəkməli, işğal edilmiş 7 rayonla birgə Dağlıq Qarabağı Azərbaycana qaytarıb ölkəmizlə təminatlı sülhə nail olmalıdır. Bəlkə bundan sonra Azərbaycan Ermənistanın mövcudluğu ilə barışa bildi. Azərbaycanın yaddaşından tarixi torplaqları çıxarmaq mümkün deyil və bu məsələ iki dövlət arasında daim ciddi mübarizə meydanına çevriləcək. Burada kompromisi tapmaq ermənilərin üzərinə düşür və erməni silahlı birləşmələri işğal olunmuş ərazilərdən çıxmalı və münasibətlərin sağlamlaşdırılması üçün ciddi güzəştlərə getməlidirlər. Əks təqdirdə Azərbaycan xalqı son nəfəsinə tarixi torpaqları ilə bağlı imübarizədən əl çəkməyəcək. Bu mübarizə şimalda yaşayan təkcə 10 milyonluq Azərbaycan xalqın mübarizəsi deyil, Cənubda yaşayan 35 milyonluq azərbaycanlının idealıdır. Buna görə də ermənilər 50 milyonluq Azərbaycan xalqı qarşısındakı məsuliyyətini dərk edib bu xalqla yaşamağın yollarını öyrənməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə