"Gənclər Prezident İlham Əliyevin siyasətini dəstəkləyir" RƏYLƏR

"Gənclər Prezident İlham Əliyevin siyasətini dəstəkləyir" RƏYLƏR

Müstəqil Azərbaycanın inkişafında böyük potensiala malik, yenilməz qüvvə kimi fəallıq göstərən gəncliyin cəmiyyətdəki rolu artır. Gənclərin hərtərəfli hazırlıqlı mütəxəssis, vətəndaş kimi yetişməsi, təhsil alması, fiziki cəhətdən sağlam böyüməsi, gələcəyini təmin etməsi, öz istəyinə uyğun həyat yolunu seçməsi üçün ölkəmizdə hər cür şərait mövcuddur. Prezident İlham Əliyevin gənclərə qayğısı da bu məntiqə əsaslanır. “Azərbaycanı ən qüdrətli ölkəyə çevirək” çağırışına uyğun aparılan islahatlarda yeni nəslin nümayəndələrinin fəallığı hər sahədə hiss olunur. Bu mənada Azərbaycan gəncliyi Prezident İlham Əliyevin daxili və xarici siyasətini birlik və həmrəyliyi ilə dəstəkləyir. SİA bununla bağlı gənclərimizin və idmançılarımızın fikirlərini öyrənib:

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov: “Bu gün xeyli sayda gəncimiz, bizim Azərbaycan gənclər siyasətinin ön sıralarında yer alan gənclər və ən əsası idmançılarımız Azərbaycan gəncliyinin tək və yeganə səsi olan ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx biləşiblər. Təbii ki, bu siyasətin banisi Ümummilli Lider Heydər Əliyevdir. Hansı ki, bu gün bu siyasət dünya miqyasında və beynəlxalq platformalarda çox uğurla yürüdülür. Bu gün Azərbaycan idmançıları beynəlxalq platformalarda Azərbaycan adını, onun milli kimliyini, ölkəmizin şanlı bayrağını ən yüksək zirvələrdə dalğalandırır. Belə ki, Azərbaycan gəncliyinin ən aktiv gəncləri, təşkilatları, tanınmış idmançıları cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib və 11 aprel Azərbaycanda keçiriləcək prezident seçkilərində onun namizədliyini birmənalı formada dəstəkləyəcək”.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov: “Bu gün prezident seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş Respublika toplantısına toplaşan 3000 mindən artıq gəncin toplaşmaq məqsədi bir idi, vahid idi. Biz hamılıqla birlikdə gənclər və idmançılar ölkə başçısı cənab Prezident İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyini dəstəkləmək üçün toplaşdıq. Təbii ki, bu da təsadüfi deyil. Çünki həqiqətən də cənab Prezidentin ölkə başçısı olduğu dövrdə, son illər ərzində gənclər, idmançılar üçün o qədər yeniliklər, müsbət hallar baş verib ki, təbii ki, gənclərimizin vahid namizədi birdir. Bu gün gənclərimiz müxtəlif sahələri təmsil edirlər. Onlar arasında sahibkarlar, fermerlər, idmançılar, müəllimlər, polislər, hərbçilər və s. var. Sahəsindən asılı olmayaraq hər bir gəncimiz ilk növbədə özündə bir dəyişikliyi görür. Bu gün Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilib. Bu həm bizim dövlət olaraq beynəlxalq miqyasda tanınmamızda böyük rol oynayır, həm də hər bir gəncimizin, vətəndaşımızın həyatında bilavasitə öz büruzəsini verir”.

Yunan-Roma güləşçisi, Rio Olimpiya Oyunlarının bürünc mükafatçısı Rəsul Çunayev: “Bu gün prezident seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş Respublika toplantısına toplaşan 3000 mindən artıq gəncin 1000-nə yaxını idmançılar idi. Əlbəttə ki, bu qədər gəncin bir araya gələrək cənab Prezident İlham Əliyevə dəstək olması çox qürurvericidir və bizlərdə qürur hissi yaradır. Bunun yalnız bir səbəbi var. Cənab Prezidentin gənclərə, idmançılara göstərdiyi diqqət və qayğının nəticəsidir ki, biz beynəlxalq arenalarda bayrağımızı yüksəklərə qaldırırıq və dövlət himnimizi səsləndiririk. Təbii ki, bunun davamlı olması üçün biz gənclər yalnız cənab İlham Əliyevi dəstəkləməliyik. Mən bütün gəncləri layiqli namizəd Prezident İlham Əliyevə səs verməyə çağırıram”.

Bakı Karate-do Akademiyasının rəhbəri, dünya çempionu Vüsal Abdullazadə: “Təbii ki, idman sahəsində bir çox uğurlarımız vardır. Mən bir gənc olaraq Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan söz açılanda ilk bizim yadımıza cənab Prezident İlham Əliyev düşür. Həqiqətən də cənab Prezidentin tək idmançılara deyil, eləcə də ümumi gənclərə diqqət və qayğısı göz önündədir. Son 15 il ərzində görülən işlərə tək Azərbaycan daxilində yox, biz ölkə xaricində də rast gəlirik. Təbii ki, bunlar bizim üçün qürurverici hislərdir. Bunlar hamısı cənab İlham Əliyevin siyasətinin nəticəsidir. Mən Azərbaycanı dünya arenalarında təmsil edən bir gənc olaraq gəlmişəm ki, cənab Prezidentə dəstək olaq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə