Elxan Şahinoğlu: “Həmsədrlər yerlərində sayır” MÖVQE

Elxan Şahinoğlu: “Həmsədrlər yerlərində sayır” MÖVQE

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə bu dəfəki turist səfəri də başa çatdı. Həmsədrlər Bakıda, İrəvanda və Xankəndidə oldular. Vasitəçilərin səfərin yekunu ilə bağlı yaydıqları açıqlama onların yerlərində saydıqlarının ən bariz nümunəsidir”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, həmsədrlər bəyanatda vurğulayıblar ki, “Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa çağırırıq”: “Gərginliyi ortadan qaldırmaq sizin vəzifənizdir. Bunun üçün həll planı işə düşməlidir. Bu olmayınca gərginlik əlbəttə ki, azalmayacaq. Həmsədrlər İrəvanda olanda Ermənistan prezident Serj Sərkisyan həmsədrlərə İlham Əliyevdən şikayət edərək deyib ki, bəs Azərbaycan Prezidenti son çıxışında Zəngəzurun və İrəvan xanlığının geri alınacağını deyib və guya bu fikir gərginliyə xidmət edir. Elə görünür, həmsədrlər ortaq bəyanatlarında “gərginlik azaldılmalıdır” deyərkən bunu nəzərdə tuturmuşlar. Reallıqda “İrəvan və Zəngəzuru geri qaytaracağıq” psixoloji savaşın tərkib hissəsidir. Necə ki, Ermənistan prezidenti xülyasını dilə gətirərək deyir ki, "Dağlıq Qarabağ heç zaman Azərbaycanın tərkibində olmayacaq", bu iddiaya qarşı da Azərbaycan Prezidenti Dağlıq Qarabağla yanaşı Ermənistan torpaqlarını da geri almağın zəruriliyini vurğulayır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə