Millət vəkili: “Bəzi marginal qruplar cəmiyyətə müxalifət kimi sırınmağa çalışılır” AÇIQLAMA
“Azərbaycan demokratik ölkədir. Azərbaycanda insan hüquqları və azadlıqları, siyasi azadlıqlar, vicdan, dini-etikad azadlıqları qorunur. Bunların hamısının təminatçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir, Azərbaycan dövlətidir və ölkəmizin Konstitusiyasıdır”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan demokratik ölkə kimi həmişə istəyir ki, konstruktiv müxalifət olsun: “Eləcə də cəmiyyətdə sözün həqiqi mənasında siyasi rəqabət yarada biləcək, cəmiyyətə yeni ideyalar verə biləcək, problemlərin həlli ilə bağlı alternativ fikirlər istehsal edə biləcək siyasi təşkilatlanmaya hər bir cəmiyyətdə ehtiyac var. Çox təəssüf ki, Azərbaycanda özünü müxalifət kimi təqdim etməyə çalışan bəzi marginal qruplar heç bir rasional siyasi fəaliyyətdə iştirak etmirlər, heç bir proqressiv təklif irəli sürmürlər, heç bir yeni fikir, ideya istehsalı ilə məşğul olmurlar və mütərəqqi siyasi dəyəri təbliğ etmirlər. Ona görə də onlarn ətrafında ciddi siyasi elektorat toplaşmır. Belə olan halda təəssüf ki, bəzi marginal qruplar Azərbaycanın uğurlarını istəməyən anti azərbaycançı mərkəzlər tərəfindən Azərbaycan cəmiyyətinə müxalifət kimi sırınmağa çalışırlar. Onlar da xaricdən aldıqları tezislər əsasında anti Azərbaycan fəaliyyətlərini ölkə daxilində həyata keçirməyə çalışırlar.
Biz bunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə, Azərbaycanın iqtisadi, siyasi uğurlarına münasibətdə də görürük. Ona görə də siyasi təşkilatın özünün həm fəaliyyəti, həm də funksionallığı bir də onunla qiymətləndirilir ki, hər hansı bir siyasi təşkilat ölkədə baş verəcək istənilən siyasi prosesə hazır olmalıdır. Əgər bu belə deyilsə, demək o siyasi təşkilatlanma uğurlu bir siyasi təşkilatlanma deyil. Bu mənada əgər bu gün hansısa müxalifət partiyası 11 aprel prezident seçkilərini özlərinin hazırlıqsız yaxalanmaları kimi qiymətləndirirsə və yaxud bununla bağlı namizəd irəli sürə bilmirsə demək problem həmin siyasi təşkilatlanmanın özündədir. Çünki siyasi təşkilat dediyimiz odur ki, daima ictimai-siyasi proseslərə hazırlıqlı olsun. Ona görə də xaricdəki mərkəzlərdən qrant alıb silməklə, tezislər alıb ölkədəki sabitliyi pozmaq məqsədilə fəaliyyət göstərməyə çalışan “müxalifət” müxalifət ola bilməz və bütün bəhanələr də yalnız onların fəaliyyətsizliyi ilə izah oluna bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB