Rəsul Quliyev-Hüseyn Abdullayev qapışması davam edir SİYASİ RAKURS

Rəsul Quliyev-Hüseyn Abdullayev qapışması davam edir SİYASİ RAKURS

Eks-spikerlə sabiq deputat ağır təhqirlərə keçiblər

Rəsul Quliyevlə Hüseyn Abdullayev arasında başlanan qalmaqal şiddətli müstəviyə keçib və tərəflər bir-birlərini daha ağır tonda təhqir atəşinə tutmağa başlayıblar. Maraqlıdır ki, adıçəkilən hər iki şəxs zamanında cinayətkar əməllər törədərək, sonda həmin əməllərinə görə qanun və ədalət qarşısında cavab verməli olduqlarından qorxub, Azərbacandan qaçıblar. Halbuki, bu gün özlərini müxalifətin “aktiv mübarizləri” kimi tanıtmağa səy göstərən R.Quliyev və H.Abdullayev hələ də xarici ölkədə xalqdan və dövlətdən oğurladıqları pullar hesabına yaşayırlar. Bütün bunlarla yanaşı, bu iki fərd utanmadan bu il keçiriləcək prezident seçkisinə qatılmaq iddialarını da ortaya qoymaqla nə qədər siyasi həyasızlıq sindromuna tutulduqlarını açıq-aşkar sərgiləməkdədirlər.

Pənah Hüseyn Rəsul Quliyevi “sərsəm”, Oqtay Qasımov isə “psix” adlandırıb

Xatırladaq ki, R.Quliyev bununla yanaşı, eks-prezident Elçibəyin 1992-ci ildə keçirilmiş seçkilərdə saxta yollarla seçildiyini iddia edərək, bu gün özlərini onun davamçıları adlandıran müxalifət “liderlərinin” də saxtakar olduqlarını sosial şəbəkədəki statusunda qeyd edib. Nəticədə o, AXP sədri Pənah Hüseyn və Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovun sərt açıqlamaları ilə daə qarşı-qarşıya qalıb. Misal üçün, P.Hüseyn “Mən güman eləmirəm ki, Rəsul Quliyev ”Əbülfəz Elçibəy saxtalaşdırılmış seçkilərlə prezident seçilmişdi" kimi sərsəm açıqlama versin. Əgər həqiqətən də o cür açıqlama veribsə, bu, yalnız Rəsul Quliyevin hansısa ruhi vəziyyətindən xəbər verə bilər" cavabını verib.

O.Qasımov isə “Rəsul Quliyevin dedikləri psixoloji problemlərindən irəli gəlir. Əbülfəz Elçibəy deyirdi ki, məni sənin pulların yıxdı, Rəsul” açıqlamasını verərək eks-spikerin iddialarına kəskin reaksiya bildirib.

Hüseyn Abdullayev: “Rəsul Quliyev, sən haranın itisən?”

Ancaq bütün bunlar öz yerində...

Siyasi gündəmdə qalmaq üçün sabiq spikerin H.Abdullayevi potensialı olmayan şəxs adlandırmasının ardınca,qarşı tərəf onu “primitiv və özünün gülünc danışıq tərzi ilə boşboğazlıq edən şəxs” adlandırıb. Üstəlik, onun ünvanına “sən haranın itisən”, xitabı da edib.

Maraqlı cəhətlərdən digəri isə R.Quliyevin Azərbaycandakı nümayəndəsi kimi təqdim edilən Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlunun nədənsə bu dəfə onun müdafiəsinə qalxmaması oldu. Çünki son illərdə A.Şakiroğlu R.Quliyevə qarşı olan istənilən açıqlamaya dərhal cavab verirdi, hətta həmin açıqlamalar ən sərt ifadələrlə müşahidə olunurdu. Ümumiyyətlə, GAP sədrinin son zamanlar R.Quliyevdən imtinasını onlara adıçəkilən şəxs tərəfindən maliyyə axınının dayandırılması ilə də əlaqələndirmək mümkündür.

Rəsul Quliyev Hüseyn Abdullayevə: “Başqalarının əsərlərindən musiqi kompozisiyaları yaradıb özünü böyük bəstəkar hesab etməsi onda özünə qarşı müştəbehlik hissi yaradıb”

Məhz buna görədir ki, H.Abdullayevin cavabını da elə R.Quliyevin özü verməli olub. O, H.Abdullayevə xitabən deyib: “...Başqa tip insanlar da mövcuddur. Onların xəmirləri tərbiyəsizliklə yoğrulub. Beş-on manatının olması, başqalarının əsərlərindən musiqi kompozisiyaları yaradıb özünü böyük bəstəkar hesab etməsi onda özünə qarşı müştəbehlik hissi yaradıb. Özünü hər şeyə qadir şəxsiyyət hesab edir. Bu insanlar ancaq tərbiyəsizliklə diqqəti cəlb edə bilər. Bu tiplilərə-xalqa bir qəpiklik xeyri dəyməyən adamlara cavab verməyi heç vaxt özümə layiq görmərəm, belə də davam edə bilər…"

Beləliklə, seçkilərə qalmış az müddətdə parçalanmış müxalifət daha pis vəziyyətə düşüb. Bunun isə səbəbi hər kəsə gün kimi aydındır – xalqın onlardan imtina etməsi. Daha dəqiq desək, bir-birlərini xalq qarşısında ən ağır və təhqiramiz ifadələrlə suçlayanları sağlam düşüncəli cəmiyyət, ictimai rəy üzvü heç vaxt qəbul edə bilməz!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə