Sabiq konsul: “Kərimlinin bu günə qədər siyasətdə heç bir uğuru olmayıb, 25 illik siyasi fəaliyyətində heç nəyə nail ola bilməyib, ancaq partiyasında öz şəxsiyyətinə pərəstiş formalaşdırmaqla məşğul olub”
AXCP sədri Əli Kərimlinin zaman-zaman müxtəlif siyasi çevrələrdən haqlı və ağır ittihamlara məruz qalması artıq adi hala çevrilib. Misal üçün, bu günə qədər bir çox müxalifətçilər, xüsusilə mühacirətdə olan şəxslər sonradan Kərimlinin siyasi müxalifətdə atdığı addımlarını pisləyən, tənqid edən fikirlər səsləndirirlər. Bu baxımdan, ötən günlərdə Azərbaycanın Hollandiyadakı sabiq konsulu, hazırda müxalifət sıralarında olan Nahid Cəfərovun AXCP sədri ilə bağlı tənqidi fikirləri maraq doğurur. Daha dəqiq desək, Nahid Cəfərov Kərimliyə qarşı sərt tənqidi ifadələr səsləndirməklə həmin fikirlərini “YouTube” videoşəbəkəsində yayıb. Halbuki, qiyamçı diplomat bir müddət bundan öncəyə qədər cəbhəçilərin sədri ilə isti münasibətlərdə olub, hətta Ə.Kərimliyə daim dəstək göstərəcəyini vəd edib. Ancaq sonradan bir sıra amillər onun öz vədindən geri dönməsinə səbəb olub. Bunun ardınca isə Ə.Kərimlinin sosial şəbəkə trolları sabiq diplomata qarşı bəlli hücumlara keçməyə başlayıblar.
Qiyamçı diplomat: “Siyasi lider özünü necə qurban obrazında təqdim edə bilər..?”
Bəs bütün bunların kökündə dayanan daha hansı məsələdir? İlk başdan deyə bilərik ki, əslində, N.Cəfərovun Kərimliyə “holland” zərbəsi endirməsinin kökündə AXCP sədrinin özündənmüştəbeh davranışları dayanır. Daha doğrusu, Rusiyada Navalnının liderliyi ilə müxalifətçilərin küçələrə çıxmasının, ardınca isə Navalnının həbsinin ətrafında siyasi divident qazanmağa cəhd edən Ə.Kərimlinin bu addımı qiyamçı diplomat tərəfindən pislənilib. Belə ki, Ə.Kərimli dərhal sosial şəbəkədə status yazaraq bildirib ki, Rusiya hakimiyyəti müxalifətin aksiyalarına Azərbaycan hakimiyyətinə nisbətən “daha dözümlü” yanaşır və guya ölkə müxalifətinin uğursuzluğunun əsas baiskarı “liderlər” deyi, xalqdır. AXCP sədri bunu belə “izah” etməyə səy göstərib ki, xalq küçələrə çıxmadıqca, müxaifət heç nə edə bilməzmiş (?!) Beləliklə, öz uğursuzluqlarını növbəti dəfə xalqın üzərinə atan Kərimli nəticədə N.Cəfərovun hədəfinə tuş gəlib. Daha sonradan cəbhəçi sədri “facebook” social şəbəkəsində tənqid etməyə davam edən sabiq konsul yazıb ki, AXCP rəhbərinin mövqeyi onun “siyasi lider” kimi tükəndiyini göstərir. SİTAT: “Əgər bir siyasi lider 25 illik mübarizədən sonra belə deyirsə bu, onun tükəndiyini göstərir. Siyasi lider özünü necə qurban obrazında təqdim edə bilər..?”
Məhz bu kimi fikirlərin ardınca Kərimlinin internet-trolları kütləvi şəkildə keçmiş diplomata qarşı hücuma keçiblər. Onlar N.Cəfərovu “xüsusi xidmət orqanlarına işləməkdə”, onun “müxalifət sıralarına desant kimi atılmaqda” və daha ağıla gəlməyəcək suçlamalarla “atəşə tutublar”. Ancaq bununla da kifayətlənməyərək, onun özünə və ailəsinə qarşı saysız-hesabsız küçə söyüşləri, təhqirlər yağdırıblar.
Nahid Cəfərov: “Bu adam ölkəyə guya liberal dəyərlər gətirmək istəyir, ancaq onu azacıq tənqid etdim, mənə yazılmayan təhqirlər, söyüşlər qalmadı”
Söz yox ki, qiyamçı diplomat da sakit oturmayıb və cavab olaraq yazıb: “Söhbət ölkəyə liberal dəyərlər, demokratik dəyərlər gətirmək iddiasında olan liderin azacıq tənqidinə reaksiyalardan gedir. Kərimlinin bu günə qədər siyasətdə heç bir uğuru olmayıb, 25 illik siyasi fəaliyyətində heç nəyə nail ola bilməyib, ancaq partiyasında öz şəxsiyyətinə pərəstiş formalaşdırmaqla məşğul olub. Bu adam ölkəyə guya liberal dəyərlər gətirmək istəyir, ancaq onu azacıq tənqid etdim, mənə yazılmayan təhqirlər, söyüşlər qalmadı. Onun tərəfdarlarından bir nəfəri də demədi ki, ay qardaş, təhqir niyə yazırsan? Bəyəm bu adam Əli Kərimlinin şəxsiyyətini, ailəsini təhqir edib? Əgər Kərimli rüşvət alan hansısa adi məmura görə hakimiyyəti günahlandırırsa deməli onun sosial şəbəkələrdə söyüş yazan tərəfdarlarına görə də məsuliyyəti o daşımalıdır. Bu adam guya ölkəyə liberal dəyərlər gətirmək istəyir, amma özü həmin dəyərləri tapdalayır”.
N.Cəfərov əlavə edib ki, Ə.Kərimli siyasi lider deyil. “Çünki siyasi lider gələcəyə dair öz baxışları olan, partiyasındakıları və başqalarını bu gələcəyə inandıra bilən adama deyilir”.
Keçmiş konsul: “Sabah Kərimli hakimiyyətə gəlsə cibimə narkotik atıb məni tutduracaq”
Sabiq diplomat daha sonra qeyd edib: “Kərimli isə ancaq keçmişlə məşğuldur, gələcəyə dair heç bir baxışları yoxdur. Bütün fəaliyyətini ancaq hakimiyyətin tənqidi üzərində qurub. Ancaq hakimiyyətin elədiklərini tənqid etməklə insanları necə inandıra bilərsən? Hakimiyyət Əli Kərimlinin mitinqlərindən qətiyyən narahat deyil, ona görə də sənə stadion verib və sən heç bu stadionu da doldura bilmirsən. Bu gün Əli Kərimli Azərbaycanda liberal dəyərlərə ən böyük maneədir, əngəldir. Baxın, bu gün onun adamları mənə böhtan, söyüş yağdırır. Təkcə ona görə ki, mən Kərimlini azacıq tənqid etmişəm. Çünki əllərində olan vasitə ancaq budur-söyüş, böhtan. Deməli sabah Kərimli hakimiyyətə gəlsə cibimə narkotik atıb məni tutduracaq. İndi bunu etməyə onların sadəcə olaraq imkanı yoxdur, əllərində olan imkan söymək, təhqir etməkdir ki, bundan gen-bol istifadə edirlər”.
N.Cəfərovun sözlərinə görə, Kərimli AXCP üzvlərindən ancaq öz şəxsiyyətinə pərəstiş formalaşdırmaq və başqalarını qaralamaq, özünü qorumaq üçün yararlanır. “Özü barədə qurban obrazı yaradır, amma qurban obrazı ilə müxalifətçilik eləmək olmaz”-keçmiş konsul yazır.
İttham: “Siz siyasəti murdarladınız, iyrənc mübarizəyə çevirdiniz, insanların ümidlərini məhv etdiniz”.
N.Cəfərov həmçinin əlavə edib ki, Ə.Kərimli Fikrət Hüseynli kimi dələduzları, saxta sənəd alverçilərini vitrinə çıxarır. Bu da insanlarda siyasətə olan inamı öldürür. Onun sözlərinə görə, Kərimli demokratiya uğrunda mübarizə aparırsa birinci özündən və ətrafından başlamalıdır. “Əli Kərimli bu gedişlə tamamilə iflasa uğrayacaq, mariginallaşacaq və heç kim onu ciddiyə almayacaq”-N.Cəfərov yazıb.
Sabiq diplomat Kərimliyə keçmişini də xatırladıb: “Əli Kərimli, bu 25 ildə nə edib, çıxıb cavab versin...Vaxt var idi oturmuşdun parlamentdə...Sən insanların ümidini, gələcəyə inamını qırdın. Bu gün azacıq tənqidə görə Kərimlinin trolları mənə hücum çəkir. Budur Əli Kərimlinin azərbaycan xalqına vəd etdiyi gələcək? Siz siyasəti murdarladınız, iyrənc mübarizəyə çevirdiniz, insanların ümidlərini məhv etdiniz”.
Beləliklə, zaman keçdikcə, bu gün özünü “ana müxalifətin lideri” kimi sırıyan Ə.Kərimlinin ifşası daha da artır. Bu kimi ifşaların aldanaraq onun tərəfinə keçmiş şəxslərin etməsi isə artıq AXCP sədri ilə bağlı bütün reallıqları tam çılpaqlığı ilə ortaya qoymuş olur.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB