"Ümummilli Liderin adı ölkəmizin tarixinə əbədi olaraq həkk edilib" MÜNASİBƏT
“Ulu Öndər Heydər Əliyev yaddaşlarda Azərbaycan xalqının böyük dövlətçilik istedadına və zəngin təcrübəyə malik olan nadir tarixi şəxsiyyət olmaqla yanaşı, xalqın və ölkənin taleyində xüsusi rolu olan görkəmli dövlət xadimi kimi qalıb”. Bunu SİA-ya AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, Azərbaycanda dövlət müstəqilliyinin banisi olan Ümummilli Liderin adı ölkəmizin tarixinə əbədi olaraq həkk edilib: “Müstəqil dövlətin siyasi prioritetlərinin önə çıxarılması, yeni idarəetmə strukturunun formalaşdırılması, daxili sabitliyin yaradılması, beynəlxalq aləmdə dostlar və tərəfdaşlar tapmaq, iqtisadi sahədə islahatlar həyata keçirmək, dövlət ideologiyasının formalaşdırılması Heydər Əliyevin həll etdiyi ümumdövlət miqyaslı vəzifələrdir. Dövlətçilik baxımından mühüm əhəmiyyətə malik olan həmin vəzifələrin sırasında azərbaycançılıq ideologiyası, ədəbiyyat siyasəti, elm və təhsil konsepsiyası mühüm yer tutur”.
Ulu Öndərin dövlətçilikdə qeyri-adi müdriklik və uzaqgörənlik istedadına malik olan qüdrətli lider olduğunu deyən komitə sədri söyləyib ki, bu böyük dövlət xadiminin müdriklik və uzaqgörənliyinin hərəkətverici qüvvəsi Vətənə, xalqa, doğma torpağa sonsuz inam və məhəbbətdən, sınaqlardan çıxmış böyük siyasi təcrübədən yoğrulub: “Heydər Əliyev keçdiyi çətin və şərəfli yolla Sovetlər İttifaqında beynəlmiləlçi ideologiyanın sərt dövlətçilik prinsipi kimi qəbul edildiyi dövrlərdə vətənpərvər dövlət xadimi olub, Kremlin zirvəsinə qədər yüksəlməyin mümkünlüyünü isbat edib. Azərbaycanda Sovetlər İttifaqının ən sərt dövrlərində Heydər Əliyevin özünəməxsus bir siyasətlə azərbaycançılıq istiqamətində həyata keçirdiyi böyük tədbirlər gələcək dövlət müstəqilliyinin təməllərinə çevrilib”.
“Hazırda Azərbaycan Respublikasında Heydər Əliyevin müstəqil dövlətçilik təlimi, azərbaycançılıq ideologiyası dünyada dəyişən və inkişaf edən reallıqlarla, zənginləşən yeni proseslərlə birlikdə ölkəmizdə yaradıcı şəkildə ardıcıl olaraq həyata keçirilir. Beləliklə, möhkəm bünövrələr, böyük sütunlar üzərində yeni və möhtəşəm Azərbaycan qurulur.
Prezident İlham Əliyevin çoxcəhətli, məqsədyönlü və yorulmaz fəaliyyəti, dövlətçilik işinə çoxaspektli düşünülmüş yanaşmaları, analitik təfəkkürü, müdrik siyasəti, dərin düşüncəsi ilə müstəqil Azərbaycan dövlətçiliyinin yeni epoxası formalaşır” - deyə, İ. Həbibbəyli əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB