"Prezidentlərin üçtərəfli Zirvə görüşü Ermənistan-Azərbaycan münaqişəsinin həllinə də töhfə verə bilər"
Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri və bu səfər çərçivəsində Prezident Həsən Ruhani və Prezident Vladimir Putin ilə keçirdiyi üçtərəfli Zirvə görüşü həm mühüm siyasi, iqtisadi, həm də böyük beynəlxalq əhəmiyyətli hadisədir. Belə bir görüşün keçirilməsi bu üçtərəfli format çərçivəsində əməkdaşlığın əsasının qoyulması sayəsində baş verib. Bu əməkdaşlığın əsası keçən ilin avqust ayında Azərbaycan paytaxtında keçirilən üçtərəfli görüş zamanı qoyulub. Həmin vaxtdan keçən müddət ərzində əldə edilmiş razılaşmaların, xüsusilə iqtisadi sahədə əməkdaşlığın reallaşması istiqamətində çox uğurlu işlər həyata keçirilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib.
Deputat qeyd edib ki, ötən müddət ərzində İranın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu artıb. Azərbaycanda avtomobil və dərman preparatları zavodlarının tikintisi artıq reallaşdırılır, eyni zamanda, Rusiya da Azərbaycanda dərman preparatları zavodunun tikintisinə başlayıb. Yəni, bunlar onu göstərir ki, bir il öncə əldə edilmiş razılaşmalar bu gün müvəffəqiyyətlə reallaşdırılmaqdadır. Bu formatın xüsusi özəlliyi də ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev ikitərəfli münasibətlər formatına xarici siyasətimizin əsas prioriteti kimi baxır. İkitərəfli formatda münasibətlər yüksək səviyyədə olanda üçtərəfli və çoxtərəfli münasibətlər üçün çox geniş imkanlar açılır. Əgər bu gün Azərbaycanın Rusiya ilə ikitərəfli əsasda və İran ilə ikitərəfli formatda yüksək inkişaf etmiş münasibətləri olmasa idi, belə üçtərəfli formatda görüşlərin keçirilməsi və konkret nəticələrin əldə edilməsi mümkün olmazdı. Deməli, düzgün, məntiqli, düşünülmüş siyasət öz konkret bəhrələrini verməkdədir.
Bu görüşün daha bir mühüm əhəmiyyəti ondan ibarətdir ki, bu, üçtərəfli siyasi dialoqun daha da inkişaf etdirilməsinə bir töhfədir. Üç dövlətin rəhbərləri arasında ən yüksək səviyyədə siyasi dialoq formalaşıb. Zirvə görüşü keçən ilin avqustunda Bakıda, bu ilin noyabr ayında Tehranda keçirilib, gələn il isə Rusiyada keçiriləcək. Bunlar nəticə etibarilə ona gətirib çıxarır ki, iqtisadi əlaqələrimizin səviyyəsi daha da güclənir. Rusiya ilə ticarət dövriyyəmizin bu ilin doqquz ayı ərzində 60 faiz, İran ilə 30 faiz artdığına nəzər salsaq görərik ki, aparılan düzgün siyasət konkret nəticələrini verib.
Xüsusilə də üç dövlət arasında enerji təhlükəsizliyi məsələlərində çox uğurlu siyasət həyata keçirilir. Üç dövlətin elektrik enerjisi şəbəkələrinin birləşdirilməsi reallaşıb və onlar paralel şəkildə fəaliyyətdədir. Eyni zamanda, əsasını 2000-ci ilin sentyabr ayında Rusiyanın Sankt-Peterburq şəhərində üç dövlətin – Rusiyanın, İranın və Hindistanın qoyduğu “Şimal-Cənub” nəqliyyat dəhlizinə Azərbaycan 2005-ci ildə qoşulub və bu istiqamətdə bu gün çox uğurlu siyasət həyata keçirilməkdədir. Bu gün artıq məlum olduğu kimi, Azərbaycandan İrana qədər bütün dəmir yolu sistemi tam hazır vəziyyətdədir. Eyni zamanda, Astaraçay üzərində 82 metrlik bir körpü də salınıb. Azərbaycan İran Astarası ilə Rəşt arasında dəmir yolu xəttinin çəkilməsinə 500 milyon dollarlıq kredit verilməsinə dair razılığını verib və bu istiqamətdə müvafiq sənədləşmələr aparılıb.
Nəqliyyat sahəsində də çox uğurlu əməkdaşlıq var. Xüsusilə də oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi ilə bu əməkdaşlığın inkişafı üçün də yeni imkanlar açılacaq və bu da Trans-Avrasiya nəqliyyat sisteminin ən mühüm elementi kimi region dövlətləri ilə əlaqələrin inkişafına çox böyük töhfə verəcək.
Daha bir mühüm məqama da diqqət yetirməyə dəyər. Rusiya nəhəng dövlətdir, eyni zamanda, İran da regionun çox böyük dövlətidir. Azərbaycan isə dünya xəritəsində elə də böyük dövlət deyil, lakin Azərbaycanın sözünün mənası və çəkisi böyükdür. Bu gün iki böyük dövlət Azərbaycan ilə sıx əməkdaşlığa bu cür diqqət ayırırsa, Azərbaycana belə etimad göstərirsə, bu, bir daha onu təsdiqləyir ki, Azərbaycanın düşünülmüş, məntiqli, sistemli siyasəti dünya tərəfindən qəbul edilir. Azərbaycanın təşəbbüsü ilə olan istənilən layihə həyata vəsiqə aldığından ölkəmiz beynəlxalq aləmdə çox müsbət reputasiyaya malikdir. Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü dövlətlərimiz arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafı üçün yeni imkanlar açacaq və regionda sülhə, təhlükəsizliyə töhfə verəcək. Bu görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də öz töhfəsini verə bilər. Prezident İlham Əliyev keçirdiyi görüşlərdə bu məqamı hər zaman diqqətdə saxladığı kimi, bu dəfə də diqqətdə saxladı və nəzərə alsaq ki, Rusiya da münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir, deməli, Rusiya ilə Azərbaycanın əlaqələrinin həm ikitərəfli formatda, həm də İranın iştirakı ilə üçtərəfli formatda inkişafı özlüyündə münaqişənin həlli ilə bağlı yeni imkanlar yarada bilər. Azərbaycan Prezidenti də bu reallığı çox yüksək dəyərləndirərək ikitərəfli, üçtərəfli əməkdaşlıq məsələlərinə xüsusi önəm verir. Biz yaxın perspektivdə bu əməkdaşlığın daha böyük nəticələrinin şahidi olacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB