Aydın Səfixanlı: "Türkiyədən ciddi hüquqi addımların atacağını gözləyirdik" AÇIQLAMA

"Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağa ərazisinə qanunsuz səfər edən Türkiyə vətəndaşlarının əməlinə bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən bu günədək hüquqi qiymət verilməməsi hər iki dövlətin iştirakçısı olduğu beynəlxalq və ikitərəfli müqavilələrin tələblərinə ziddir". Bu fikirləri SİA-ya açıqlamasında Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

Azərbaycan Baş Prokurorluğu tərəfindən hüquqi prosedura uyğun olaraq, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçərək cinayət əməli törətmiş Türkiyə vətəndaşlarının tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edildiyini xatırladan aparat rəhbəri söyləyib ki, lakin ötən müddət ərzində Türkiyənin müvafiq qurumları tərəfindən bu istiqamətdə ciddi hüquqi addımlar atılmır: "Təbii ki, biz Azərbaycan və Türkiyə arasında olan dostluq, qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərini, o cümlədən hər iki dövlətin iştirakçısı olduğu beynəlxalq və ikitərəfli müqavilələrdən irəli gələn öhdəlikləri nəzərə alaraq, qısa bir müddət ərzində Türkiyənin müvafiq qurumları tərəfindən bu istiqamətdə ciddi hüquqi addımların atılacağını gözləyirdik. Lakin bu addımların əvəzinə cinayət törətmiş şəxslərin Türkiyə mətbuatında öz səfərlərini işıqlandırmaları, orada anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndirmələri üçün rahat imkanların yaradılması haqlı olaraq Azərbaycan cəmiyyətində narahatlıq və təəccüb hissi doğurur. İnanırıq ki, Türkiyə dövləti Azərbaycanla Türkiyənin qardaşlıq, dostluq, strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmayan bu hadisələri törətmiş şəxslərin cəzalandırılması və gələcəkdə bu kimi hadisələrin qarşısının alınması məqsədilə tez bir zamanda lazımi hüquqi addımlar atacaq".

Məlumat üçün nəzərinizə çatdıraq ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə