İlham Əliyev: "9 ayda qeyri-neft iqtisadiyyatımızın 2,5 faiz artması son illərdə apardığımız siyasətin nəticəsidir"

"Doqquz ayda iqtisadi göstəricilərimiz çox müsbətdir. Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır"

SİA-nın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.

Qeyri-neft sektorunun sənaye hissəsinin də uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı vurğulayıb ki, qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artıb. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir. Son illər kənd təsərrüfatında çox böyük inkişaf var, böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artıb.

Azərbaycan Prezidenti xarici ticarət dövriyyəmizin 7 faiz artdığını qeyd edərək deyib: “Burada da ixrac idxalı böyük fərqlə üstələyir. Hər bir inkişafın göstəricisi, o cümlədən xarici ticarətin tarazlığından asılıdır. Bizdə isə ilin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. Əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Əlbəttə, bu, bizim həm iqtisadi uğurlarımızı əks etdirir, eyni zamanda, milli valyutamız manatın məzənnəsinə çox müsbət təsir göstərir. Valyuta bazarının tənzimlənməsi istiqamətində əlbəttə ki, bu, çox böyük imkanlar açır. Eyni zamanda, bu, bizim uğurlu inkişafımızın təzahürüdür. İxracımız idxaldan 4,4 milyard dollardan çoxdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...