Nazir Əli Abbasov Meksikada keçiriləcək konfransda iştirak edəcək

Nazir Əli Abbasov Meksikada keçiriləcək konfransda iştirak edəcək

Oktyabr ayının 4-dən 22-dək Meksikanın Qvadalaxara şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransı keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak edəcək.

Konfransda BTİ-nin ümumi siyasəti müəyyən edilir, dördillik strateji və maliyyə planları qəbul olunur, eləcə də təşkilatın ali rəhbərliyi və Radioreqlament Komitəsinə üzvlər seçilir. Səlahiyyətli Konfrans həmçinin BTİ-nin növbəti Şurasının heyətinə daxil ediləcək üzv-dövlətləri də seçir.

Qeyd etmək lazımdır ki, Azərbaycan BTİ Şurasına C regionundan (Şərqi Avropa və Şimali Asiya) daxil olmaq üçün öz namizədliyini irəli sürüb. Şuraya üzvlərin seçilməsi oktyabrın 11-də keçiriləcək.

Beynəlxalq Telekommunikasiya İttifaqının ali orqanı olan Səlahiyyətli Konfrans dörd ildən bir çağırılır və mühüm əhəmiyyət kəsb edən bir tədbir hesab olunur. Burada BTİ-nin üzv-dövlətləri təşkilatın gələcək fəaliyyətinə dair qərarlar qəbul edir və bununla da İttifaqın dünya üzrə informasiya-kommunikasiya texnologiyalarının inkişafına təsir etmək imkanı müəyyən edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə