Ermənistan ordusunda xəsarət alanların sayı çoxalıb

Qeyri-döyüş şəraitində Ermənistan ordusunda xəsarət alanların sayı çoxalıb. AZƏRTAC xəbər verir ki, son vaxtlar Ermənistan ordusunda silah-texnikanın nasazlığı, xidmətə yarasız, istismar vaxtı bitmiş avadanlığın istifadəsi nəticəsində şəxsi heyət arasında xəsarət alanların və yaralananların sayı artıb. Qısa müddətdə işğalçı ordunun hərbi hissələrində baş verən hadisələr bunu bir daha sübut edir.

Belə ki, işğal olunmuş ərazilərimizdə yerləşən hərbi hissələrdən birində texnikaya qulluq zamanı Lernik Movsesyan adlı əsgər üzərinə silah-sursat yeşiyinin düşməsi nəticəsində xəsarət alıb. Hospitala çatdırılan hərbi qulluqçunun valideynləri isə onun məhz döyüldüyü üçün xəstəxanaya düşdüyünü iddia edirlər.

Başqa bir hadisənin döyüş mövqeyində, guya tonqala atılan patronun partlaması zamanı baş verdiyi bildirilir. Hadisə zamanı sol dizindən və əlindən xəsarət alan əsgər Tiqran Sarkisyan tibb məntəqəsinə yerləşdirilib.

Növbəti hadisə hərbi texnikaya qulluq zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Hadisə zamanı müqavilə əsasında xidmət edən hərbi qulluqçu Burgen Mnasakanyanın ayağı bud nahiyəsindən qırılıb. Onun da təcili olaraq hospitala təxliyə edildiyi bildirilir.

Sonuncu hadisə isə oktyabrın 3-də səhər saatlarında artilleriya alayına məxsus “Zil” markalı avtomobilin aşması nəticəsində baş verib. Belə ki, yanacaq-sürtkü materialları anbarında növbəni dəyişən şəxsi heyəti daşıyan avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəbindən qəza baş verib. Nəticədə ən azı üç erməni hərbçisi müxtəlif dərəcəli ciddi bədən xəsarətləri alıb.

Qəza törədən köhnə “Zil” markalı yük maşınının yola çıxarkən nasaz vəziyyətdə olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə