Baş prokuror: “ADNA-da kütləvi qətlin sifarişçisi Mardun Qumaşyanın yeri məlumdur və həbsi ilə bağlı bütün tədbirlər görülür”

Baş prokuror: “ADNA-da kütləvi qətlin sifarişçisi Mardun Qumaşyanın yeri məlumdur və həbsi ilə bağlı bütün tədbirlər görülür”

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ötən ilin aprel ayında baş verən kütləvi qətlin sifarişçisi - erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyanın istintaqa cəlb olunması üçün hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlər görülür. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası baş prokuroru Zakir Qaralov bildirib. O, qeyd edib ki, cinayətkarın artıq yeri məlumdur və onun həbsi ilə bağlı bütün tədbirlər görülür: "Yəni heç kəsdə, heç bir şübhə olmamalıdır ki, Azərbaycan hüquq-mühafizə orqanlarının başladığı işi axıra qədər çatdırmayacaq. Bu terrorun bütün təfərrüatları açıqlanacaq".

 

General Rail Rzayevin qətli ilə bağlı cinayət işi üzrə hazırda müxtəlif fərziyyələr üzərində işin davam etdiyini bildirən Z. Qaralov qeyd edib ki, əgər bu iş üzrə intensiv istintaq tədbirləri davam etdirilməsəydi, onun ətrafında baş verən cinayət hadisələri də açılmamış qalardı: "Bu cinayət işi ictimaiyyəti olduğu kimi, bizi də narahat edir. Həm Daxili İşlər Nazirliyi, həm Milli Təhlükəsizlik Nazirliyi, həm də Baş Prokurorluğun istintaq idarələri tərəfindən bu cinayət işinin istintaqı ilə bağlı baş prokurorun müavini Rüstəm Usubovun iştirakı ilə həftədə bir dəfə toplantı keçirilir, istintaqın gedişatı barədə müzakirələr aparılır. Hazırda müxtəlif fərziyyələr üzərində iş davam etdirilir. Mən əminəm ki, bu cinayəti törədənlər, təşkil edənlər vaxt gələcək, ifşa olunacaqlar".

 

Baş prokuror qeyd edib ki, bu cinayət işi ilə bağlı xaricdən mütəxəssislər dəvət ediblər, müxtəlif ekspertizalar keçirilib: "Bu iş şəxsən mənim nəzarətimdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə