Elşən Musayev: “Sadəcə Əli Kərimli şalvar geyinir, onlar ətək. ”
Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir
- Elşən müəllim, son vaxtlar siyasiləşmiş QHT-lərlə dağıdıcı müxalifət partiya sədrləri arasında konflektilər yaranıb. Sizcə, bunun səbəbi nədir?
- Dağıdıcı müxalifətin dırnaqarası liderləri bu dəqiqə az qala öz emissarlarını “qrant radarları”nın, “qrant krantları”nın başında oturdublar ki, birdən kimsə bunlara şərik olar. Belə dönəmdə onlar QHT sayarlar? Əli Kərimli xaricdən gələn pulları QHT-lərlə bölsə oğlunun ildə 200 min avroluq xərclərini necə, nəyin hesabına ödəyər? Bir daha deyirəm, dağıdıcı müxalifət zonasında nə problem varsa pul-para ilə bağlıdır. İdeologiya olmayan yerdə başqa səbəb də olmur.
- Xədicə İsmayıl, Leyla Yunus “beşinci kalon” qismində ortaya çıxıb müxalifətin önündə olmağa çalışırlar. Sizcə Əli Kərimli, Arif Hacılı kimi şəxslər onlara imkan verəcəklərmi?
- Xədicə, Leyla və bu qismdə olan bütün avantüristlər eyni bezin qıraqlarıdır. Kişili-qadınlı. Hər kəs. Sadəcə Əli Kərimli şalvar geyinir, onlar ətək. Fərq bircə libasdadı. Müxalifətin önündə olmaq üçünsə müxalifətin özü mövcud olmalıdır. Yəni, 3 nəfərin olduğu yerdə hər yer həm arxadır, həm yandır, həm də ön. “Beşinci kolon” məsələsinə gəlincə...vallah bunlar otaq-otaq, küçə-küçə, kolon-kolon gəzməyə o qədər aludə olublar ki, adam artıq hesabı-cədvəli itirir. Bilmək olmur, indi kimi, hansı qüvvəni, hansı camiyəni təmsil edirlər. Xədicəyə kim daha çox pul-para versə onun sifariş verəcəyi mahnını, rəqsi oynayacaq biridir. Eyni zamanda da onun ağlında olan digərləri. Zaman-zaman öz yazılarımda bu insanın bütün paxırlarını açmışam. Sübutla-faktla. Başqa deyəcəyim yoxdur.
- Siyasiləşmiş QHT-lərlə dağıdıcı partiyalar arasında konfiliklərin yaşandığı məqamda ikincilər aksiyalara start verirlər. Sizcə mitinqlər AXCP-ni, “Milli Şura”-nı, Müsavatı böhranlı vəziyyətdən çıxara biləcəkmi?
- Son mitinqi gördünüz. Azərbaycanda oğluna “kiçik toy” edən istənilən adam məclisinə bunlardan daha çox adam yığır. Həqiqətən biabırçılıqdır. Amma son mitinqdə qərar verildi ki, 7 oktyabrda yenə rüsvay olsunlar. Nə deyək, olsunlar. Ürəkləri rüsvay olmaqdan, rəzalət yaşamaqdan yana gedirsə, hakimiyyət bu fürsəti müxalifətə tanımalıdır. Necə ki, tanıyır. Bütün şərait yaradılıb. Mitinq ərizəsi Bakı şəhər icra hakimiyyətinə daxil olan kimi icazə verilir. Heç bir problem yaradılmır. Tam da doğru olaraq. Düzdür, müxalifət gözləyir ki, iqtidar cəbhəsi problem yaratsın, bunlar da gileylənsinlər. Amma siyasi iqtidar bu bəhanə üçün heç bir əsas vermir. Əksinə ürəkləri istəyən meydanı müxalifətə təqdim edir ki, buyurub aksiyalarını eləsinlər. Bizim müxalifət o qədər abırsızdır, inanın imkanları olsa hakimiyyətə o müraciəti də edərlər ki, bizə bir az adam da verin, adamımız yoxdur, meydan boşdur. Yəni, müxalifət bunu belə etsə, təəccüblənmərəm. O ki qala vəziyyətdən, böhrandan çıxma məsələsinə...”Milli Şura” dediyiniz qurumun hərflərinin sayı üzvlərinin sayından daha çoxdur. Belə olan halda hansısa böhrandan, vəziyyətdən çıxış yolu ola bilməz. Onlar təməldən bədbəxtdirlər. Məhz təməldən.
- “Milli Şura” uğursuz 23 sentyabr mitinqindən sonra növbəti aksiya keçirməyi planlaşdırır. Bu kimi mitinqlərin sifarişciləri xarici maraqlı dairələrin olduğunu demək olarmı?
- Sifarişçinin kim olduğunu deyə bilmərəm. Amma hər kimdirsə, ağılsız adamdır və ya dairədir. Əli Kərimliyə və onun kimi adamlara pul xərcləməkdən, maya qoymaqdan böyük əbləhlik ola bilməz.
- Sizcə nəyə görə, Əli Kərimli Müsavatla birgə aksiya keçirməkdən imtina edir?
- Onlar əbədi, barışmaz düşmənlərdir. Əli Kərimlinin imkanı olsa İsa Qəmbəri də, Arif Hacılını da dar ağacından asar. Yəni, aralarında bu qədər nifrət var. Belə durumda necə bərabər aksiya keçirsinlər? Hətta keçirsələr belə mitinq şüarları qalar kənarda, bir-biri söyərlər. Ona görə bu məsələ heç müzakirə predmeti belə olmur. Hərçənd hər iki düşərgədə - yəni Müsavat və AXCP-də təmsil olunanlar mahiyyətcə eyni adamlardır. Biri beşinə dəyməz, beşi birinə.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB