"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilib
Mili Məclisin plenar iclası davam edir. SİA-nın xəbərinə görə, iclasda "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik müzakirə edilib. Qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, dəyişikliyə əsasən, Xarici Kəşfiyyat Xidmətindən və Dövlət Təhlükəsizliyi Xidmətindən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı və onlara hərbi biletin verilməsi həmin orqanlar tərəfindən həyata keçiriləcək.
Onun sözlərinə görə, Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri kimi dövlət sirri təşkil edən və haqqında məlumat yayılması yolverilməz olan fəaliyyəti həyata keçirirlər: “Müəyyən şəxslərin hərbi xidmətdə saxlanılması və həmin orqanlara mənsubiyyətinin açıqlanmaması prinsipi onlar ehtiyata buraxılan zaman pozula bilər. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən, çağırışçıların və bütün hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən açıq siyahılarla aparılır. Öz növbəsində “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını təşkil edən şəxslər həmin orqanlarda hərbi qeydiyyata alınırlar və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təlim toplanışı keçirirlər. Qeyd olunanları, həmçinin qanunlar arasında yaranmış ziddiyyəti aradan qaldırmaq məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər edilməsi təklif olunur”.
Qanun layihəsi haqqında fikrini bildirən millət vəkili Fazil Mustafa dəyişikliyi dəstəklərək bildirib ki, kəşfiyyatçıların qorunub saxlanması vəzifə kmi görünməli idi.
Müzakirələrdən sonra qanun layihəsinə dəyişiklik qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB