Kibernetika İnstitutunun direktoru Türkmənistanda səfərdə olub

Kibernetika İnstitutunun direktoru Türkmənistanda səfərdə olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev Türkmənistanda səfərdə olub. Bu barədə SİA-ya institutun direktoru Telman Əliyev özü məlumat verib. O bildirib ki, səfər Türkmənistan Elmlər Akademiyası (TEA) ilə AMEA arasında əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə baş tutub. T.Əliyevin sözlərinə görə, TEA-da keçirdiyi görüşdə o, "Yeni nəsil neft-qazçıxarma obyektlərinin nəzarət qurğularının monitorinqi və idarəetmə sistemləri" mövzusunda məruzə ilə çıxış edib, anomal seysmik proseslərin monitorinqi və onların nəzarət sisteminin yaradılmasının izlənilməsini öyrənmək məqsədilə rəhbərlik etdiyi institut tərəfindən hazırlanan layihəni təqdim edib.

"Qarşı tərəfin də maraqla qarşıladığı layihəyə görə anomal seysmik proseslərin yaranması və onların inkişafının monitorinqi üçün tələb olunan seysmoakustik informasiyanı almaq və onu yerin səthinə verməkdən ötrü hazırda işləməyən dərin neft quyularının borularından istifadə etmək mümkündür. İnstitutun 2002-ci ildə təklif etdiyi bu layihə indiyə qədər bir neçə dəfə beynəlxalq patent alıb. Hazırda Qum adasında layihə üzrə eksperiment aparılır", - deyə o əlavə edib.

Səfər müddətində akademik T.Əliyev Türkmənistan Respublikasında keçirilən rabitə və informasiya texnologiyalarına həsr olunmuş sərgidə də iştirak edib. Sərgidə institut tərəfindən hazırlanan və tətbiqə yararlı olan 10-a qədər sistem nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə