Mütərəqqi sosial siyasətin uğurlu davamı - ANALİTİK

Mütərəqqi sosial siyasətin uğurlu davamı - ANALİTİK

“Prezident İlham Əliyev qarşıya belə məqsəd qoyub ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrinin sırasında olmalıdır və bu istiqamətdə 2003-cü ildən məqsədyönlü siyasət həyata keçirilir”

Əhalinin yüksək rifahının təmin olunmasına yönəldilmiş konkret tədbirlər sistemi olan sosial siyasət mürəkkəb struktura malik olmaqla çoxcəhətli prosesdir. Bu siyasətin hər hansı bir göstəricisini əsas götürərək bütövlükdə cəmiyyətin inkişafı barədə fikir yürütmək olar. Hər bir cəmiyyət öz inkişafına uyğun olaraq sosial siyasəti formalaşdırır və bu siyasətin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir. Baş verən ictimai, iqtisadi və digər inkişaf reallıqları sosial siyasətin məzmununun, mahiyyətinin zənginləşməsində böyük əhəmiyyət kəsb edir. Belə ki, müasir dövrümüzdə sosial siyasətin müəyyən olunmuş əsas tərkib hissələri bir çox tədqiqatçılar və mütəxəssislər, eləcə də politoloqlar tərəfindən yüksək qiymətləndirilməkdədir. Bunlar məşğulluq, sosial təminat, təhsil, səhiyyə, mənzil şəraiti, əməyin mühafizəsi, istirahət və asudə vaxtın təşkili və sairdir. Bu tərkib hissələrinin hər birinin özü müxtəlif, lakin bir-birinə bağlı məsələləri qadın, ailə, gənclər və uşaqların, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsini özündə birləşdirir. Bütövlükdə isə bütün bunlar Azərbaycan xalqının sosial təminatını təşkil edir. Məhz bu baxımdan, ötən 14 ildə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət öz davamlı uğurları ilə nəticəsini göstərməkdədir.

Onu da qeyd etmək yerinə düşərdi ki, ötən dövrdə regionlarda iqtisadiyyatın inkişafını sürətləndirən tədbirlərin, bununla bağlı dövlət dəstəyinin istiqamətlərinin müəyyən edildiyi proqramların təsdiqi ölkəmizin inkişafında yeni bir mərhələnin başlanğıcı olmuş və onun uğurla icrası nəticəsində Azərbaycanın, demək olar ki, bütün bölgələrində davamlı olaraq əməktutumlu, rəqabətqabiliyyətli yeni istehsal müəssisələri, xidmət sahələri istifadəyə verilmiş, ölkənin hərtərəfli potensialı hərəkətə gətirilmişdir. Belə ki, beş ildən bir qəbul olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkənin iqtisadi inkişafının mühüm təkanvericisi missiyasını yerinə yetirməklə vətəndaşların sosial rifahının yüksəldilməsində müstəsna rol oynamışdır. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi regionlarda tarazlı inkişafla yanaşı, sosial məsələlər də yoluna qoyulmuş, əhalinin məşğulluğu və real gəlirləri artmış, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür.

Millət vəkili Musa Quliyev: “Ölkəmizdə bütün vətəndaşların sosial təminat hüquqları təmin edilir”

"Azərbaycanda həyata keçirilən sosial siyasətin bir neçə istiqaməti var və bu siyasət insanların keyfiyyətli həyat sürməsinə yönəlib". Bunu SİA-ya Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Musa Quliyev deyib.

Azərbaycan BMT-nin İnsan İnkişafı İndeksinə görə, 200 dövlət arasında 70-ci yerlərdə dayandığını deyən deputat qeyd edib ki, bu göstəriciyə əhalinin sosial rifah halının ardıcıl şəkildə yaxşılaşması, pensiya təminatı, məşğulluğun təmini, yoxsulluğun aşağı salınması, mənzil təminatının yaxşılaşdırılması, təhsil və səhiyyə imkanlarının yaxşılaşdırılması ilə nail olunub: "Ölkəmizdə bütün vətəndaşların sosial təminat hüquqları təmin edilir. Yəni, vətəndaşlar işlə təmin olunur, dövlət hər bir kəsin sağlamlığına, təhsil almasına, sağlam mühitdə yaşamasına təminat verir".

M. Quliyev qeyd edib ki, Azərbaycanda eyni zamanda sosial müdafiəyə ehtiyacı olan insanlara dövlət öz yardımını göstərir: "Yəni, onlara ünvanlı sosial müavinətlər verilir, əməkdə, təhsildə, mədəniyyətdə və s. sahələrdə fərqlənənlərə Prezidentin xüsusi təqaüdü verilir. Bundan başqa dövlət tərəfindən əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür".

Millət vəkili Eldar İbrahimov: “Sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir”

“Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır”. Bu fikirləri isə Milli Məclisin deputatı Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyən bölgəsi yoxdur: “Biz daim yeni tikinti, sosial, mədəni və digər obyektlərin təməlinin qoyulmasının və ya açılışının şahidi oluruq. Bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Prezident İlham Əliyev qarşıya belə məqsəd qoyub ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrinin sırasında olmalıdır və bu istiqamətdə 2003-cü ildən məqsədyönlü siyasət həyata keçirilir. Bu, həm daxili, həm də xarici siyasətdə özünü göstərir”.

E.İbrahimov əlavə edib ki, Azərbaycanın daxili siyasətində inkişaf şaxələndirilmiş iqtisadi strategiyaya əsaslanır.

Onun sözlərinə görə, Azərbaycan dövləti neft kapitalının insan kapitalına çevrilməsini, neft gəlirlərinin qeyri-neft sektoruna yatırılması ilə ölkənin bütün regionlarının inkişafının təmin etdirilməsini qarşıya məqsəd qoyub.

Deputat qeyd edib ki, 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları icra olunur və hazırda bu proqramların üçüncü mərhələsi həyata keçirilir.

Onun sözlərinə görə, dövlət proqramlarında qarşıya qoyulan məqsədlərin hamısı demək olar ki, icra olunur.

Azərbaycanda təhlükəsizlik tədbirlərinin də yüksək səviyyədə olduğunu vurğulayan E.İbrahimov bildirib ki, ölkəmiz dünyada sabitlik məkanı kimi tanınır. Belə bir şəraitdə isə həm investisiyaların qoyuluşuna maraq göstərilir, həm də əhalimizin rifah halı yaxşılaşır.

Millət vəkili Fazil Mustafa : “Azərbaycanda son illər ərzində sosial sahədə gözlənildiyindən daha çox addımlar atılıb”

“Son illər ərzində Prezident İlham Əliyev tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün infrastruktur layihələrinə xüsusi diqqət yetirilib”. Bu fikirləri isə deputat Fazil Mustafa sözügedən mövzu ilə bağlı mətbuata verdiyi açıqlamasında vurğulayıb.O qeyd edib ki, əhalinin aztəminatlı, xüsusilə yoxsul təbəqəsinin və əlillərin problemlərinin həlli istiqamətində addımlar atılıb: “Azərbaycan İpoteka Fondunun yaradılması, ipoteka şərtlərinin asanlaşdırılması, əhalinin mənzil problemlərinin həlli üçün imkanların yaradılması, sosial evlərin tikintisinə başlanılması, əlillər üçün evlərin tikilməsi, jurnalistlərə evlərin paylanılması - bunlar hamısı sosial kateqoriyaya aid olan məsələlərdir”.

Deputat son illər ərzində sosial sahədə mövcud olan bir çox nöqsanların aradan qaldırıldığını söyləyib.

Onun sözlərinə görə, əvvəllər sosial müavinətlərin verilməsi, əlilliyin müəyyən edilməsi sahəsində mövcud olan bir çox neqativ hallar ortadan qaldırılıb.

F.Mustafayev deyib ki, sosial sahə bütün ölkələrdə, o cümlədən ABŞ-da həmişə nöqsanların olduğu sahə olub: ”İstər-istəməz əhalinin işsizi də, yoxsulu da, müəyyən problemləri həll edilməyənləri də olur. Amma bu insanların çox sıxıntı içində qalmaması üçün bu istiqamətdə vaxtaşırı çevik qərarların qəbul olunması vacibdir. Devolvasiya zamanı kreditlərlə, bank kartları ilə bağlı insanların müəyyən çətinlikləri yarandı. Amma bu sahədə də müəyyən islahatların aparılması ümid yaratdı ki, devolvasiya və başqa proseslərdən zərər çəkmiş insanların problemlərinin həlli istiqamətində müəyyən müsbət addımlar atılacaq”.

Verilən açıqlamalardan və rəylərdən də göründüyü kimi, məhz bu siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə reallaşdırması vətəndaşların rifah halının yaxşılaşmasına xidmət edən tədbirlərin ilbəil güclənməsinə şərait yaradıb. Bu baxımdan, tam əminliklə deyə bilərik ki, əhalinin rifahının yüksəldilməsini şərtləndirən bir amil – uğurlu sosial siyasət faktoru reallaşdırılmaqda davam edir. Belə ki, əhalinin sosial durumunun yüksəlməsi həm də ölkədə sabitliyə və davamlı inkişafa təminatdır. Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında görülən işlər ölkəmizdə iqtisadi islahatların dərinləşməsini və xalqın həyat səviyyəsinin dinamik olaraq daha da yaxşılaşmasına xidmət edir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə