Mübariz Əhmədoğlu: “Ermənistan Alxanlıda, həm də nazirlərin görüşünü atəşə tutubmuş” AÇIQLAMA

Mübariz Əhmədoğlu: “Ermənistan Alxanlıda, həm də nazirlərin görüşünü atəşə tutubmuş” AÇIQLAMA

"Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsindən Ermənistanın yayınması yeni məsələ deyil. Ermənistan hər dəfə öz təxribatına “innovativ” yanaşma nümayiş etdirir. Zaman keçdikcə Ermənistan üçün dinc tənzimlənmədən yayınmaq çətinləşir. Çünki təzyiqlər artır. Ona görə Ermənistan Xİ nazirlərinin Vyana görüşündən yayınmaq üçün qanlı hərbi-siyasi aksiya reallaşdırdı. Guya Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndindən işğalçı ermənilərə tərəf “Türkiyə-Amerika” mənşəli TR-107 zenit raket atılıb. Ermənilər cavab atəş açıblar və bunun nəticəsində də dinc sakinlər həlak olub”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanı yaşayış məskənlərində hərbi hissələr və ya hərbi qurğular yerləşdirməkdə ittiham etdi: “Lakin səhəri gün xarici ölkə səfirliklərinin hərbi attaşeləri Alxanlı kəndində oldular, yaşayış məskənində və yaxud onun ətrafında heç bir hərbi qurğuya rast gəlmədilər. “Türkiyə və ABŞ” sözləri təsadüfən ortalığa atılmamışdı. Qanlı hərbi-siyasi aksiyada ermənilər Rusiyanı özlərinə tərəf çəkmək istəyirdilər. Buna qismən nail oldular.

Amma qanlı hərbi-siyasi aksiyanın Azərbaycan və Ermənistan Xİ nazirlərinin görüşünü pozmaq və ya görüş baş tutacağı təqdirdə məzmunu dəyişmək məqsədi olduğunu isbat edən arqumentlər çələngi mövcuddur:

I. Alxanlı faciəsindən dərhal sonra rəsmi Yerevan ekspertlər vasitəsilə Vyana görüşünün baş tutub-tutmayacağı mövzusunu aktuallaşdırdı.

II. ER XİN-in mətbuat katibi Tiqran Balayan Alxanlı faciəsindən cəmi 10 saat sonra erməni hərbçilərinin törətdiyi bu vəhşiliyin siyasi mahiyyətini açıqladı: “Gələcək gərginliklərdən və itkilərdən qaçmaq üçün Azərbaycan hakimiyyəti Vyana və Sankt-Peterburqda əldə olunmuş müqavilələrin yerinə yetirilməsinə razılıq verməlidir”. Bizcə, bu səhv və ya təsadüfi deyilmiş fikir deyil. Ən azı təkzib verilmədi. ER XİN Alxanlı faciəsinin müəllifinin Ermənistan olduğunu rəsmən etiraf etdi.

III. ER Xİ naziri E.Nalbandyan parlamentdə çıxışı zamanı Ermənistanın heç vaxt görüşdən yayınmadığını bildirdi. Ermənistanda bunun yalan olduğunu hamı başa düşdü.

IV. Vyana görüşü ərəfəsində Ermənistan Xİ nazirliyi görüşün baş tutacağını təsdiqləmədi. Beləliklə, son iki ayda hazırlanan Vyana görüşü Ermənistanın səyi nəticəsində alınmadı və ümumilikdə Xarici İşlər Nazirlərinin görüş ehtimalı sıfıra yaxınlaşdı. Bu arada Brüssel görüşü ortalığa çıxdı.

V. ATƏT MQ həmsədrləri Ermənistan tərəfinin Vyanada görüşün baş tutmaq resursunun olmaması bəhanəsini neytrallaşdırdı və görüşü Brüsselə təyin etdi. Beləliklə Azərbaycan və Ermənistan Xİ nazirlərinin görüşü Vyanada deyil, Brüsseldə baş tutdu.

Görüşün müzakirə predmeti ilə bağlı Ermənistan, Azərbaycan XİN-lərinin və həmsədrlərin yaydığı məlumatlar fərqlidir. Azərbaycan XİN-nin bəyanatının məzmunu ATƏT MQ həmsədrlərinin bəyanatının məzmununa yaxındır. Azərbaycan XİN nazirlər səviyyəsində danışıqlara yenidən razılıq verdi. Ermənistandan hələ ki, belə razılıq verilməyib.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışından bəlli oldu ki, Azərbaycan Prezident səviyyəsində Ermənistanla danışıqlara nəinki hazırdır, hətta prezidentlər səviyyəsində danışıqların baş tutması üçün ciddi səy göstərib. Ermənistan prezidentinin görüşə razılıq verməsi barədə hələlik heç bir məlumat yoxdur. S.Sərkisyanın “Ermənistan” televiziyasına müsahibədə dedikləri danışığa razılıq deyil, danışıqdan yayınma variantıdır.

Azərbaycan qeyd-şərtsiz dialoqu bərpa etdirə bildi. Kazan görüşündən sonra bu ikinci haldır: Ermənistan tərəfi 2011-ci ildə Azərbaycan Prezidentinin Kazanda irəli sürdüyü 10 şərti geri götürməyənədək danışıqlara razılıq verməyəcəyini bildirmişdi. Sonradan danışıqlar Azərbaycan şərtini geri götürmədən bərpa edildi. Ermənistanın bu dövrdə danışıqlara qeyri-ciddi yanaşması aprel döyüşlərinə gətirib çıxardı. Aprel döyüşlərindən sonra ermənilər prezidentlərin Vyana Sankt-Peterburq görüşlərində əldə olunmuş müqavilələrin reallaşmasını şərt kimi irəli sürmüşdü. Şərti yerinə yetirilməsəydi, Ermənistan danışıqlara getməyəcəkdi. Ermənistan danışıqlara getdi, şərti də Azərbaycan tərəfindən qəbul edilmədi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə