Erməni general ölkəsinin Azərbaycan qarşısında hərbi balansının zəif olduğunu etiraf etdi
“Ermənistanın Azərbaycanla arasında olan hərbi güc balansı çoxdan pozulub. Azərbaycanda o qədər silah var ki, silah muzeyi yarada bilər”. SİA xəbər verir ki, bu barədə erməni hərbi eksperti, birinci Qarabağ müharibəsində Azərbaycana qarşı işğalçılıq siyasətində iştirak etmiş “komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan Rusiyanın Azərbaycana silah satması ilə bağlı fikirlərini 1in.am saytına açıqlayarkən deyib. Lakin o növbəti dəfə sərsəmləyərək bildirib ki, guya Ermçənistanın elə bir silahı var ki, həmin silahdan Azərbaycanda yoxdur. O, buna misal kimi “insan faktorunu” göstərib. Əslində, bu gün Ermənistanın hansı səviyyədə çabalayan ölkə olduğunu, ölkədə səfalətin, aclığın, kütləvi köçlərin baş aldığını nəzərə alarsaq, erməni generalının “insan faktoru” kontekstli fikirlərinin həqiqətən də gülünc olduğunu görə bilərik.
Onun özü də vəziyyətin heç də işğalçı Ermənistan və Qarabağ separatçıları üçün ürəkaçan olmadığını çox yaxşı dərk edir
Başqa tərəfdən, bu gün Ermənistan ordusunda hərbi xidmətə aparmaq üçün insanların tapılmaması, xüsusilə aprel müharibəsində qoca və yaşlıların ordu sıralarına götürülərək cəbhə xəttinə göndərilmələri, müharibə sırasında onların çoxunun həlak olmaları da belə qənaətə gəlməyə əsas verir ki, Arkadi Ter-Tadevosyan bu kimi fikirləri ilə daxili publikaya yönəlmiş siyasət yürüdür. Halbuki, onun özü də vəziyyətin heç də işğalçı Ermənistan və Qarabağ separatçıları üçün ürəkaçan olmadığını çox yaxşı dərk edir. Elə də uzağa getməyərək, biz erməni generalının Azərbaycan kəşfiyyatının ötən ilin aprelində apardığı əməliyyatları tam şəkildə yerinə yetirdiyini, qarşıya qoyulan məqsədin öhdəsindən gəlindiyini açıq-aşkar etiraf etməyə məcbur olmuşdu. Bu baxımdan, onun indiki zamanda erməni ordusunun “insan faktorunun” Azərbaycanda olmaması iddiası yalnız istehza doğura bilər.
Silah balansı gücünün Azərbaycanın tərəfində olduğunu deyən Ter-Tadevosyan bunu belə izah edib ki, Azərbaycan tərəfi yalnız Rusiyadan deyil, eyni zamanda Pakistandan, Türkiyədən, İsraildən də silah əldə edir.
Monoetnik Ermənistan çoxmillətli Azərbaycan qarşısında acizdir
Daha bir diqqətçəkici məqam Arkadi Ter-Tadevosyanın aşkar erməni millətçiliyini, şovinizmliyini və ölkəsindəki monoetnikliyini əks etdirən fikirləridir. Belə ki, erməni general Azərbaycanın aldığı silahların Ermənistana və “dqr”ə qarşı işlədəcəyini deyib. Lakin “insan faktoru” məsələsində guya Azərbaycanın Ermənistana “uduzduğunu” iddia edən sərsəm general belə deyib. SİTAT: “Bizim bilmədiyimiz böyük oyun oynanılır. Biz, (ermənilər-R.N.) bir millət olaraq öz vətənimizi qoruyuruq, onlar isə (azərbaycanlılar – R.N. çoxmillətlidirlər, ona görə də inanmıram ki, Azərbaycan əhalisinin hamısı əlinə silah alıb döyüşsün...” (?!-R.N.).
Göründüyü kimi, Arkadi Ter-Tadevosyan bu məsələdə də ciddi səhvə yol verib. Görünür, o öz millətçiliyinə və şovinizm ideyalarına o qədər aludə olub ki, hər kəsi erməni kimi görməyə başlayıb. Bu sərsəm general unutmamalıdır ki, istər birinci Qarabağ müharibəsində, istərsə də hazırkı vaxtlartda Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən onlarla ləzgilər, avarlar, talışlar, yəhudilər, ruslar və s. xalqların nümayəndələri olub, bundan sonra da olacaq. Çünki monoetnik Ermənistandan fərqli olaraq, çoxmillətli Azərbaycan xalqı bir amal uğrunda - ərazilərinin bütövlüyü uğrunda bir əmrə hazırdır.
“Daha böyük masştablı döyüşlərə başlanıla bilər”
Arkadi Ter-Tadevosyan Türkiyə faktoruna da toxunaraq Azərbaycanla bu ölkə arasındakı sıx əməkdaşlıqdan narahat olduğunu gizlədə bilməyib. “Onların (Azərbaycan və Türkiyənin-R.N.) gələcəklə bağlı çox güman ki, planları var”-deyə iddia irəli sürən sərsəm general Rusiyanın silah satması amilinə də toxunub. SİTAT: “Rusiyanın siyasəti belə bir ardıcıllıqla düzülüb: o, silah almaq istəyən hər kəsə silah sata bilər. Bu sualda müxtəlif baxışlar var. Bəziləri deyirlər ki, Rusiya vəziyyəti gərginləşdirmək istəyir. Mən də deyərdim ki, Rusiyanın siyasəti məhz belədir – onlara pul lazımdır. Çünki hazırda çətin vəziyyətdə olan Rusiyaya gəlir mənbəyi lazımdır”.
Daha bir ilginc nüans Ter-Tadevosyanın cəbhənin təmas xəttində lokal atışmaların get-gedə daha böyük masştaba keçə biləcək ehtimallarını etiraf etməsidir. “Artıq lokal qarşıdurmalar geridə qalıb və hazırda daha böyük masştablı döyüşlərə başlanıla bilər”-deyə erməni generalı bildirib.
Beləliklə, adicə bu müsahibəni təhlil etdiyimiz zaman belə bir nəticəyə gələ bilərik ki, ermənilərin hazırkı vəziyyəti köpəyin bir tərəfdən hürüb, digər tərəfdən quyruq bulamaq məsəlinə bənzəyir. Bu gün işğalçı Ermənistanın mövcud vəziyyəti məhz bundan ibarətdir və onlar hər an başlaya biləcək müharibənin qorxusu ilə yatıb-oyanırlar. Hərdən əsl reallıqları və iç üzlərini açdıqları zaman biz bir daha bütün bunların şahidlərinə çevrilirik.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə