Dünya ictimaiyyəti bu terora göz yummamalıdır AÇIQLAMA

Dünya ictimaiyyəti bu terora göz yummamalıdır AÇIQLAMA

“İyul ayının 4-ü, axşam saatlarında terrorçu Ermənistan əsgərlərinin atəşkəsi pozması nəticəsində Füzuli rayonunun Alıxanlı kənd sakinləri, 50 yaşlı Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması xəbəri hamımızı sarsıtdı. Həlak olan körpə balamıza və onun nənəsinə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Mahir Abbaszadə deyib. Onun sözlərinə görə, dinc insanlara qarşı hər zaman xüsusi amansızlıq göstərən Ermənistan, bu gün bir daha özünün terrorçu mahiyyətini ortaya qoydu: “Tarixi Azərbaycan torpaqlarında yaradılmış bu qondarma dövlətin terroru dövlət siyasətinə çevirdiyi heç kimə sirr deyil. Təəccüb doğuran isə dünya birliyinin bu siyasətə göz yumması, hətta bəzi hallarda buna rəvac verməsidir.

Əminəm ki, qüdrətli ordumuz şəhidlərin, həlak olan dinc vətəndaşlarımızın qanını yerdə qoymayacaq və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız istənilən yolla düşməndən təmizlənəcək.

İnanıram ki, bu yolda hər birimiz öz mövqeyimizdə əsgər kimi dayanacaq, haqq-ədalətin zəfər çalması üçün əlimizdən gələni edəcəyik. Biz də öz növbəmizdə, millət vəkili olaraq, beynəlxalq hüquqa və insani dəyərlərə açıq-aşkar hörmətsizlik edən Ermənistan dövlətinin terrorçu siyasətinə son qoyulması, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün bütün beynəlxalq səviyyələrdə səylərimizi daha da gücləndirəcəyik. Vətən sağ olsun”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə