MSK parlament seçkiləri ilə bağlı Təqvim Planını təsdiq etdi

MSK parlament seçkiləri ilə bağlı Təqvim Planını təsdiq etdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov iclası açaraq Azərbaycan Respublikası prezidentinin "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında" sərəncamını iştirakçıların diqqətinə çatdırıb.

 

Daha sonra iclasın gündəliyində duran məsələlərin müzakirəsinə başlanılıb. "Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı" ilə bağlı MSK katibi Natiq Məmmədov məlumat verib. Planın 61 bənddən ibarət olduğunu deyən Komissiya katibi bildirib ki, plan 4 hissədən ibarətdir: "Birinci hissədə əsas hərəkət və tədbirlərin siyahısı hazırlanıb. İkinci hissədə icraçılar göstərilir. Daha sonrakı hissələrdə isə Seçki Məcəlləsində əksini tapan müddətlər yer alıb. Namizədliklərin təsdiq edilib-edilməməsi ilə bağlı qərar 5 gün müddətində dairə seçki komissiyaları tərəfindən veriləcək. Əgər namizədlik təsdiq edilərsə, onların imzatoplama kampaniyası başlanacaq. Azərbaycan Respublikasının ərazisində və dairə seçki komissiyalarında müşahidə aparmaq istəyən şəxslər üçün bu il də eyni müddət müəyyənləşib. Azərbaycan Respublikasının ərazisində müşahidə aparmaq istəyənlər seçki gününə 10 gün, dairə seçki komissiyalarında müşahidə aparmaq istəyənlər isə 5 gün qalana kimi ərizə ilə müraciət edə bilərlər. Müşahidələrin MSK tərəfindən qeydə alınması üçün 3 gün, dairə seçki komissiyaları üçün isə 2 gün müəyyən edilib".

 

N.Məmmədov Təqdim Planına əsasən treninqlərin, kursların keçirilməsinin nəzərdə tutulduğunu bildirib. O, qeyd edib ki, sənədlərin və ilkin maliyyə hesabatlarının seçki gününə ən çoxu 50, ən azı 30 gün qalmış verilməsi mümkün olacaq. N.Məmmədov seçki siyahıları ilə bağlı da mühüm işlərin aparıldığını söyləyib: "Seçki gününə 35 gün qalmış siyahıların bir daha dəqiqləşdirilməsi aparılacaq və seçicilərin ixtiyarına veriləcək. Bu isə oktyabrın 3-ə təsadüf edir".

 

MSK katibi seçki qabağı təşviqatının aparılma vaxtının oktyabrın 15-dən başlayacağını və noyabr ayının 6-da səhər saat 8:00-da başa çatacağını diqqətə çatdırıb. N.Məmmədov "Exit-pol" keçirmək istəyən təşkilatların sənədlərinin seçki gününə 20 gün qalana kimi qəbul ediləcəyini vurğulayıb. Seçki bülletenlərinin hazırlanmasının seçki gününə 10 gün qalana kimi başa çatdırılmalı olduğunu deyən MSK katibi ən azı noyabrın 4-ə kimi bülletenlərin məntəqə seçki komissiyalarına çatdırılmalı olduğunu dilə gətirib.

 

N.Məmmədov eyni zamanda dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqadar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılması haqqında məlumat verib. MSK katibi bu məqsədlə Komissiya tərkibində 9, dairə seçki komissiyalarının tərkibində isə 3 nəfərlik qrupların yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə