Rusiya dövlət başçısının köməkçisi: “Dövlət başçıları Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xəzərdə beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edəcəklər”

Rusiya dövlət başçısının köməkçisi: “Dövlət başçıları Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xəzərdə beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edəcəklər”

Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev sentyabrın 2-3-də Azərbaycana səfəri çərçivəsində ikitərəfli ticari-iqtisadi əməkdaşlığı, eləcə də, Xəzərdə tərəflərin qarşılıqlı əlaqələri məsələlərini müzakirə edəcək. SİA-nın "Rian.ru" saytına istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə Rusiyanın dövlət başçısının köməkçisi Sergey Prixodko deyib. Onun sözlərinə görə, səfər zamanı dövlət sərhədi ilə bağlı müqavilə, eləcə də transsərhəd Samur çayından rasional istifadə və su resurslarının mühafizəsi ilə bağlı saziş imzalanacaq. Sergey Prixodko bildirib ki, Azərbaycan Rusiyanın dövlət sərhədi haqqında müqavilə bağladığı ilk ölkə olacaq. Su ehtiyatlarından danışan prezident köməkçisi deyib ki, imzalanacaq sənəd Samur çayının paritet əsaslarla bölünməsini birgə həyata keçirəcək Rusiya-Azərbaycan komissiyasının yaradılmasını nəzərdə tutur: "Bu sənədlər ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin əsasını təşkil edəcək, Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək". Sergey Prixodko bildirib ki, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq məsələsinə də xüsusi diqqət ayrılacaq. 2009-cu ildə Rusiya və Azərbaycan arasında mal dövriyyəsi 1,78 milyard dollar olub.

 

Beynəlxalq məsələlərə gəldikdə isə, Rusiya prezidentinin köməkçisi deyib ki, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xəzərdə beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

 

"Ermənistanda yerləşən Gümrü hərbi bazası ilə bağlı müzakirələr aparılacaqmı?" sualına cavabında isə : "Regionda mühüm problem Dağlıq Qarabağ münaqişəsidir. Rusiya tərəfindən Gümrü hərbi bazası haqqında nəyinsə müzakirə olunması nəzərdə tutulmayıb. Əgər Azərbaycan tərəfi bu məsələ il bağlı müzakirələrə başlasa əlbətdəki, biz bunu müzakirə edəcik."-deyə o bildirib. Bundan əlavə iki tərəfli görüşlərdə Azərbaycanın Rusiya ilə hərbi sferada əməkdaşlıq və İranın hazırkı durumu barəsində müzakirələr aparılacaq: "Mən hesab edirəm ki, görüşdə İranda müzakirə obyekti olacaq. Çünki Azərbaycan İranla sərhəd dölətdi və orda baş verənləri bizdən daha yaxın izləyə bilir. Bizim üçün Azərbaycanlı həmkarlarımızın İran haqqında fikirləri xüsusi önəm daşıyır".

 

Sergey Prixodko həmçinin Dmitri Medvedevin Azərbaycana səfər proqramını da açıqlayıb. O, bildirib ki, Rusiya prezidenti Bakıya bu gün gələcək və Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək. Bu gün Rusiyanın dövlət başçısının şərəfinə şam yeməyi veriləcək. Sentyabrın 3-də isə Azərbaycan və Rusiya prezidentləri əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə danışıqlar aparacaqlar. Danışıqlar sənədlərin imzalanması ilə başa çatacaq.

 

Bundan əlavə Dmitri Medvedev Bakı Dövlət Universitetində də olacaq. Ona bu ali təhsil müəssisəsinin fəxri doktoru diplomu təqdim ediləcək. Rusiya prezidentini səfərdə köməkçisi Sergey Prixodko, baş nazirin müavini Aleksandr Xloponin, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Sergey Şmatko, bəzi regionların, o cümlədən Dağıstan və İnquşetiyanın rəhbərləri, iş adamları, o cümlədən, "Qazprom"un başçısı Aleksey Miller müşayiət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə