Prezident İlham Əliyev: "Sizin qələbəniz onu göstərir ki, Azərbaycanda idmanın inkişafı çox düşünülmüş və məqsədyönlü şəkildə təmin edilir"

Avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul edib.

SİA-nın məlumatına görə, dövlətimizin başçısı İlham ƏLİYEV Sinqapurda qazanılmış böyük və inamlı qələbə münasibətilə idmançıları, məşqçiləri və mütəxəssisləri təbrik edərək deyib: "Əziz dostlar, mən sizi ürəkdən salamlayıram. Sinqapurda keçirilmiş yeniyetmələrin birinci Olimpiya Oyunlarında qazanılmış böyük və inamlı qələbə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, həqiqətən böyük qələbədir, Azərbaycan idmanının təntənəsidir. Bildiyiniz kimi, bu oyunlarda 204 ölkə öz idmançıları ilə təmsil olunmuşdur və Azərbaycan idmançıları bu gərgin yarışda komanda hesabında 11-ci yeri tuta bilmişlər. Bu, həqiqətən böyük və tarixi nailiyyətdir. Azərbaycan artıq dünyanın aparıcı idman ölkələrinin sırasındadır. Bu qələbə onu göstərir ki, Azərbaycanda idmanın inkişafı üçün çox böyük işlər görülmüşdür. İdman hərtərəfli inkişaf edir. Həm kütləvilik artır, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılmışdır. Gənclərimiz, yeniyetmələrimiz idmana böyük həvəslə yanaşırlar. İdman bölmələrinə axın çox güclüdür. Bu, Azərbaycanda idman sahəsində aparılmış köklü islahatların nəticəsidir. Mən çox şadam və çox sevinirəm ki, idmançılarımız bu böyük qələbəni qazandılar.

Bu oyunlar tarixdə qalacaqdır. Hər bir Olimpiya oyunları idman sahəsində tarixi bir mərhələdir. Bu oyunlar isə yeniyetmələrin birinci oyunlarıdır. Siz artıq öz adlarınızı bu şanlı tarixə yazdırmısınız. Siz birinci oyunlarda qələbələr qazanmısınız. Komandamız oyunlarda cəmi 12 idmançı ilə iştirak edirdi. On iki idmançıdan səkkizi medal qazanmışdır. Beş qızıl, üç gümüş medal böyük və tarixi qələbədir. Mən sizi bu böyük nailiyyət münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, siz gələcəkdə də, artıq böyüklər arasında keçiriləcək Olimpiya oyunlarında ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz.

Azərbaycanın dövlət himni Sinqapurda beş dəfə səslənmişdir, səkkiz dəfə bayrağımız orada ucalmışdır. Bu, böyük iftixar hissi oyadan bir hadisədir. Azərbaycan sürətlə, çox dinamik inkişaf edən ölkədir. Azərbaycanda bütün sahələrdə quruculuq işləri aparılır, islahatlar keçirilir, ölkəmiz dünyadakı mövqelərini möhkəmləndirir, dünyada böyük və müsbət imicə malikdir. İdman elə bir sahədir ki, ölkələri dünya miqyasında təqdim edir. İndi o yekun nəticələr dərc olunandan sonra hər kəs görəcək ki, aparıcı ölkələrin sırasına öz gəncləri, öz idmançıları ilə Azərbaycan da daxildir.

Azərbaycanın çox şanlı və gözəl idman tarixi vardır. İdmançılarımız Olimpiya oyunlarında böyük qələbələr qazanmışlar. Hər dəfə medalların sayı artır. Birinci dəfə biz Atlanta Olimpiya Oyunlarında müstəqil ölkə kimi iştirak etmişdik. Orada bir medal qazanıldı. Ondan sonra Sidneydə 3, Afinada 5, Pekində 7 medal qazanıldı. Əminəm ki, iki ildən sonra keçiriləcək London Olimpiya Oyunlarında da idmançılarımız Vətənimizi ləyaqətlə təmsil edəcəklər. Sizin qələbəniz onu göstərir ki, Azərbaycanda idmanın inkişafı çox düşünülmüş və məqsədyönlü şəkildə təmin edilir. Çünki gənc nəslin yetişməsi idman qələbələrinin əsas şərtidir. Əgər gənc nəsil idmançılar yetişmirsə, onda gələcək idman uğurlarından söhbət aparıla bilməz. Siz idmanımızın ümidlərisiniz. Bir daha demək istəyirəm ki, siz artıq adlarınızı idman tarixinə yazdırmısınız. Ancaq bununla bərabər, sizin böyük gələcəyiniz vardır və elə etməlisiniz ki, bu qələbələr sizin üçün bir mərhələ olsun. Sizin üçün elə bir stimul olsun ki, əldə edilmiş bu gözəl nailiyyətlə kifayətlənməyəsiniz. Yəni bu, sizi arxayın etməməlidir. Siz daim peşəkarlığınızı artırmalısınız, daim məşq etməlisiniz, nizam-intizama tabe olmalısınız, məşqçilərin sözlərinə qulaq asmalısınız ki, gələcəkdə, bundan sonra uzun illər Azərbaycanı ləyaqətlə təmsil edəsiniz.

Mən, eyni zamanda, bu qələbənin əldə olunmasında iştirak etmiş bütün insanları da - idmançıların məşqçilərini, idman mütəxəssislərini təbrik etmək, onlara minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycanda idmanla məşğul olan bütün qurumlar vahid mexanizm, vahid komanda kimi fəaliyyət göstərir. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar – idmana cavabdehlik daşıyan bütün bu qurumlar məqsədyönlü və əlaqəli şəkildə təşkil olunmuş fəaliyyətlə uğurlarımızı təmin edirlər. Azərbaycan nadir ölkələrdəndir ki, burada bütün idman qurumları bir-biri ilə sıx əlaqədədir. Heç bir qarşıdurma, heç bir qısqanclıq yoxdur, ola da bilməz. Çünki hamımız bir məqsədə qulluq edirik ki, o da Azərbaycanın idman şöhrətini ucaltmaq və daim beynəlxalq yarışlarda qələbə qazanmaqdır. Sizin fəaliyyətiniz Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir və bu qələbə layiqincə qiymətləndiriləcəkdir.

Bu gün bu qələbənin təşkilində və əldə olunmasında iştirak etmiş bütün insanlar – həm idmançılar, həm onların məşqçiləri mükafatlandırılacaqlar. Bu da Azərbaycan dövlətinin sizə olan münasibətidir. Əlbəttə bu münasibət ancaq mükafatlarla, maddi amillərlə ölçülmür. Baxmayaraq ki, bu da çox vacibdir. Bilməlisiniz ki, Azərbaycan dövləti sizi daim dəstəkləyəcəkdir. Azərbaycan dövləti ölkədə idmanın inkişafı üçün bütün lazımi tədbirləri görür və gələcəkdə də görəcəkdir. Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə yeni-yeni qələbələr və uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə