Qafqaz Müsəlmanları İdarəsi fətva verib

Qafqaz Müsəlmanları İdarəsi fətva verib

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının iclası keçirilib. Mərasim Qurani Kərimin oxunması ilə başlayıb. SİA-nın verdiyi məlumata görə, iclasda QMİ sədri Allahşükür Paşazadə, Dini Qurumlar İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, ilahiyyatçı alimlər, ziyalılar, tələbələr iştirak ediblər.

İclasda müqəddəs Ramazan ayının başlanması münasibətilə fətva verilib.

Bu il Azərbaycanda miladi təqvimlə 27 may, hicri tarixlə Ramazan ayının birinci günü, Eydül-Fitr (Fitr Bayramı) isə iyunun 26-na təsadüf edəcək və həmin gün ölkədə Bayram namazı qılınacaq.

Fətvada deyilir: "Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-kərimin nazil olduğu Mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı təbrik edir, Allah-taaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirik.

Bu ayda ən böyük savab - Quranı tilavət etmək, valideynlərin xeyir-duasını almaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyət, dostluq və qarşılıqlı hörməti təbliğ etməkdir.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib. Bölgə qazıları, səlahiyyətli nümayəndələr, imam və axundlardan, eləcə də dindarlarımızdan tələbimiz budur ki, digər mənbələrdən daxil olmuş, məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərə müraciət edilməsin.

Müsəlman qardaş və bacılarımızı mübarək Ramazanın gəlişi münasibətilə bir daha təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətlərimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən diləyirik!

Allah oruc və namazlarınızı qəbul etsin! Amin!".

Bütün xəbərlər Facebook səhifəmizdə