"Ermənistanın dinc yolla tənzimlənməyə hazır olmadığını sübut edən arqumentlərin sayı azalmır". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin görüşünün nəticəsi bəlli deyil: "Ermənistanın fəaliyyəti bu görüşün də nəticəsiz qalmasına yönəlib; Azərbaycan XİN bu görüşdən sonra da yeni görüşlərə hazır olduğunu təkrarladı. Hətta prezidentlərin görüşünün keçirilməsinin mümkünlüyünü vurğuladı.
Ermənistan tərəfinin fikrincə isə əvvəlcə regiona həmsədrlər gəlməlidir. Həmsədrlər Dağlıq Qarabağda da olmalıdır. Həmsədrlərin səfərindən sonra Xarici İşlər Nazirlərinin görüşüb-görüşməyəcəyi məsələsi həll olunacaq. Prezidentlərin görüşü barədə heç bir söhbət ola bilməz.
Azərbaycan və Ermənistan tərəfinin dinc tənzimlənməyə hazırlığının dərəcəsini göstərən digər arqumenti də yada salmaq istəyirik. Azərbaycan Xİ naziri E.Məmmədyarov ermənistanlı həmkarı E.Nalbandyanla istənilən vaxt, istənilən yerdə, istənilən formatda görüşməyə hazır olduğunu dəfələrlə bildirib. Ermənistan Xİ naziri E.Nalbandyan isə belə görüşlərdən yayınır. Yalnız yemək stolu arxasında oturmağa üstünlük verir. Təbii ki, onu qarınqulu hesab etmirik. Amma belə vəziyyət ona ikimənalı münasibət bildirməyə şərait yaradır; Lazım olanda həmsədrlərlə görüşdüyünü bildirir. Sərf edəndə isə öz xalqına görüşün rəsmi deyil, qeyri-formal olduğunu bildirir. Ermənistanın təkcə dinc tənzimlənməyə deyil, ümumiyyətlə tənzimlənməyə hazır olmadığını digər arqumentlər də sübut edir:
I. Prezident S.Sərkisyanın parlament seçkilərinin son günlərindən başlayaraq tutduğu mövqe yalnız öz xalqını və ətrafını tənzimlənmədən uzaqlaşdırmağa yönəlib. Parlament seçkilərində özünün, baş nazirin, eks-prezident L.Ter-Petrosyanın Dağlıq Qarabağ tənzimlənməsində ənənəvi erməni mövqeyindən fərqli mövqe bildirməsi görünür Rusiyanın təzyiqlərini neytrallaşdırmaq üçün imiş. Sonradan verdiyi bəyanatlar və Dağlıq Qarabağda olması ənənəvi inkarçılıq mövqeyinə qayıtdığını göstərir.
II. Baş nazir K.Karapetyan Avstriya İctimai radiosunun müxbiri Eliza Vassa verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsini tənzimləmək ideyasından çox uzaqda olduğunu nümayiş etdirdi.
III. Ermənistan XİN-nin mövqeyinin təhlilindən dinc tənzimlənməyə razılıq barədə konkret heç bir mövqe yoxdur. Bütün bəyanatları konkretliyi inkar etməyə və ya neytrallaşdırmağa yönəlib.
IV.Bir neçə gün öncəyədək Fransanın prezidenti olmuş F. Olland Azərbaycan və Ermənistan prezidentlərin görüşünü təşkil etmək üçün ardıcıl addımlar atdı. Yalnız Ermənistan prezidentinə görə F. Olland səyləri nəticəsiz qaldı. Fransadakı ermənilər F.Ollandı ermənipərəst hesab edirlər. Olland administrasiyası son günlərində Marsel şəhərində meydanın erməni terrorçu S.Teyleryanın adına adlanmasına icazə verdi.
V. 300 kiloqram Azərbaycan almasının Yerevan mağazalarında aşkarlanması 300 minlik Azərbaycan ordusunun Yerevana yaxınlaşması görüntüsünü yaratdı.
VI. Dağlıq Qarabağ tənzimlənməsi mövzusunda marağı olan xarici nümayəndəliklər və beynəlxalq təşkilatlar dinc yolla tənzimlənmənin əldə olunması barədə heç bir fikir bildirməyiblər. Amma baş verənlərdən onlarda anlayırlar ki, hadisələr yaxşı istiqamətdə getmir.
VII. Amerikalı həmsədr prezidentlərin görüşünün və ciddi razılaşmalar əldə etməsinin vaxtının çatdığını bildirir. Amma R.Hoqland iki prezidentdən hansının görüşə hazır olduğunu, hansının hazır olmadığını deyə bilmir. Azərbaycan Prezidentinin Ermənistan prezidenti ilə görüşə hazır olduğunu keçmiş amerikalı həmsədr C.Uorlik regiona son səfəri zamanı Bakıda keçirdiyi mətbuat konfransında açıq bildirmişdi. Az sonra Yerevandakı mətbuat konfransında isə Ermənistan prezidentinin görüşə hazır olması barədə heç bir fikir bildirmədi. Başqa sözlə həmsədrlər Azərbaycan Prezidentinin görüşə hazır olduğunu, Ermənistan prezidentinin isə görüşdən qaçdığını dəqiq bilirlər. Amma bunu açıq mətnlə demirlər.
Həmsədrlərin öz işlərinə ciddi yanaşmalarına ciddi ehtiyac var.
Beləliklə Ermənistanın dinc tənzimlənmədən yayınma siyasətində əsas arxalandığı struktur ATƏT MQ həmsədrləridir. Ən azı Ermənistan dediyi variantda həmsədrlər ATƏT-in norma və prinsiplərini nəzərə almaqla yol xəritəsi hazırlayıb geniş ictimaiyyətə təqdim edə bilərdilər. Beləliklə Ermənistanın dinc danışıqlardan yayınma, imitasiya ilə məşğul olmaq və ATƏT MQ-nin buna şərait yaratma kursu sadəcə yeni aranjemanda davam edir. Bu isə müharibəni qaçılmaz edir.
Dağlıq Qarabağ münaqişəsi regionunda müharibə Rusiya üçün təhlükədir. Bunu amerikalı həmsədr bildirdi. Eləcə də həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılmasının yubanmasının da Rusiya üçün təhlükə olduğunu bilirlər. Gec-tez Rusiya bu iki təhlükədən birinin neytrallaşması istiqamətində addım atmaq məcburiyyətində qalacaqdır. Həmsədrlər görünür, bunu nəzərə almırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB