Politoloq: "Qazaxıstanın mövqeyi Azərbaycanın mövqeyinə ən yaxındır" MÜNASİBƏT
"Qazaxıstan prezidenti N.Nazarbayev Azərbaycana səfər etdi. Prezident İlham Əliyevlə görüş zamanı qarşılıqlı maraq doğuran bütün məsələlər müzakirə edildi. Qazaxıstanla Azərbaycan arasında heç zaman problem müşahidə olunmayıb". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsində Qazaxıstanın mövqeyi Azərbaycanın mövqeyinə ən yaxındır: "Azərbaycanın üzv olmadığı, Qazaxıstanın isə üzv olduğu AİB və KTMT-də Dağlıq Qarabağ məsələsini Qazaxıstan həmişə diqqətdə saxlayıb. Ermənistanın mövqeyini neytrallaşdırıb. Bir neçə dəfə isə Ermənistanın qarşısına tutarlı tələb qoyub. Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyən dövlətlər çoxdur. Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, Cibuti məhz Dağlıq Qarabağ məsələsinə görə Ermənistanla diplomatik əlaqələrə malik deyillər. Qazaxıstanın Ermənistanla diplomatik əlaqələri olsa da bu simvolikdir. Lakin Qazaxıstanın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyi Azərbaycanın digər tərəfdarlarından aktivliyi və funksionallığı ilə seçilir. Başqa sözlə, Qazaxıstanın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyi Azərbaycanın siyasi diplomatik fəaliyyətinin kiçildilmiş formasıdır.
Ölkə prezidentləri iqtisadi və kommunikasiya əlaqələrini xüsusi müzakirə etdilər. Ticari-iqtisadi və kommunikasiya sahəsində qarşılıqlı faydalı layihələrin reallaşması üzrə ciddi razılıq əldə etdi. Azərbaycanın ehtiyacı olan məhsul Qazaxıstanda istehsal olunursa, Qazaxıstan bu məhsulları Azərbaycana satacaq. Məsələn, siqaret məhsulları. N.Nazarbayevin fikrincə Azərbaycanın siqaret bazarı illik 500 milyon dollardır. Bunun 250 milyon dollarını Qazaxıstan məhsulları ödəyəcəkdir. Qazaxıstan şəkəri xaricdən idxal edir, Azərbaycan isə şəkər istehsal edir. Azərbaycan Qazaxıstanın şəkər bazarına məhdudiyyətsiz miqdarda məhsul çıxara bilər. Azərbaycan Prezidenti İlham Əliyev dərhal şəkər çuğunduru istehsalının stimullaşdırması üçün yeni daha sərfəli maliyyə şərtləri müəyyənləşdirdi. N.Nazarbayev Bakıdan ölkəsinə qayıdarkən ilk olaraq Aktau şəhərinə baş çəkdi. Aktauda olarkən Azərbaycanın investisiyası ilə tikilən terminala və "Azərsun İstehsal və Logistika" mərkəzinə baş çəkdi.
Qazaxıstan Suriya tənzimlənməsi üzrə Astana formatının aktuallaşması üçün xeyli fəallıq nümayiş etdirir. Bunun üçün Xİ naziri K.Abdulrahmanov Səudiyyə Ərəbistanına səfər etdi.
Qazaxıstanın Xİ naziri Kayrat Abdulrahmanov Nyu-Yorkda ABŞ dövlət katibi R.Tillersonla görüşüb, Suriya və Əfqanıstan məsələlərini müzakirə etdi. Qazaxıstan ABŞ-ı Astana danışıqlarında müşahidəçi statusunda iştiraka dəvət etdi.
Aİ-nin də Suriya tənzimlənməsi prosesinə qoşulması istiqamətində diplomatik aktivlik başlayıb.
Qazaxıstan-Aİ münasibətlərində yeni reallıqlar baş verir. Bu məsələ Əməkdaşlıq komitəsinin həmsədrləri olan Aİ-nin xarici işlər xidmətinin direktoru L.Devin və Qazaxıstanın Xİ nazirinin müavini R.Vasilenkonun Astanadakı görüşündə müzakirə edildi. Yeni razılaşma terrorizm və iqtisadiyyat da daxil olmaqla bütün sahələrdə əməkdaşlığı genişləndirəcəkdir.
Özbəkistan prezidenti Ş.Mirziyayev qısa müddət ərzində ikinci dəfə Qazaxıstana səfər etdi.
N.Nazarbayev Çin Xalq Respublikasının baş nazirinin müavini Çjan Qaolini qəbul edərkən Qazaxıstanla Çin arasında tərəfdaşlığın xüsusi modelinin mövcud olduğunu bildirdi.
Prezident N.Nazarbayev latın qrafikasına keçməklə bağlı yeni qərar verdi. Qərar yerli rusiyapərəst ekspertlərdə və Rusiyanın bəzi dairələrində ciddi müzakirəyə səbəb oldu. N.Nazarbayev müraciətlə bəyan etdi ki, latın qrafikasına keçməklə ölkə rus dilini unutmayacaq.
N.Nazarbayev gənclərə saqqal saxlamağı, qızlara isə tam qara paltara bürünməyi qanun vasitəsilə qadağan etməyi təklif etdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB