Əbu Bəkr əl-Bağdadinin həbsi-təfərrüatlar nəyi göstərir? ANALİTİKA

Yaxud, soyuq müharibənin qaynar tərəfi

Artıq bir neçə gündür ki, dünya KİV-ləri yarandığı vaxt "İraq və Şam İslam Dövləti" ("İŞİD") adlandırılan, sonradan "İslam Dövləti"nə ("İD") çevrilən, yüz minlərlə insanın vəhşicəsinə qətlində ittiham edilən tertorr təşkilatının lideri, özünü "İslam xəlifəsi" elan etmiş Əbu Bəkr əl-Bağdadinin həbsi barədə müxtəlif məlumatlar dərc edirlər. Maraqlısı da budur ki, hazırkı dövrə qədər adıçəkilən terrorçu qurumunun bir çox "əmirləri", "səhra komandirləri" barədə həbs, ələ keçirilmə əməliyyatlarının reallaşdırılması barədə xəbərlər yayılsa da, sonradan qısa müddət ərzində bu məlumatlar məhz terror təşkilatı tərəfindən təkzib edilirdi. Hətta həmin insanlar videomüraciətlərlə çıxış edərək, "tağuta", "kafirlərə" qarşı "mübarizələrinin" davam etdirdiklərini bildirirdilər. O cümlədən, liderləri Əbu Bəkr əl-Bağdadi haqqında bir neçə dəfə ağır yaralanması, hətta onun öldürülməsi haqqında da məlumatlar dünya mediasının gündəminə çatdırılırdısa, anidən həmin məlumatların yalanlanması daha öncəki məlumatı əvəzləyirdi.

"Susmaq razılıq əlamətidir" faktorundan yanaşma etsək...

Lakin bu dəfə eyni hal baş verməyib və yalanlamalar yoxdur. Artıq sual olunur ki, Əl-Bağdadini kimlər ələ keçirib və o hazırda haradadır? Çoxsaylı ərəb mediası bu məsələdə yalnız bir amilin üzərində dayanır - Əbu Bəkr əl-Bağdadinin saxlanması Rusiya və Suriya kəşfiyyatlarının uğurlu müştərək əməliyyatlarının nəticəsidir. Ancaq bu dəfə Rusiya və Suriyanın müvafiq qurumları həmin informasiyanı nə təkzib, nə də təsdiq edirlər. Əgər biz, burada "susmaq razılıq əlamətidir" faktorundan yanaşma etsək, Əbu Bəkr əl-Bağdadinin həbs olunduğunun tamamilə doğru iddia olduğunu deyə bilərik. Çünki burada bir neçə məsələ dayanır.

1. Əbu Bəkr əl-Bağdadinin həbsi baş verib və Rusiya müttəfiqi Suriya ilə birgə, həm də digər müttəfiqləri olan İranın dəstəyi ilə qaniçən terrorbaşının həbsi fonunda formalaşan ümumi rəyi tam şəkildə öyrənir və xeyrinə olmayacaq hər hansı bir addıma qarşı planlı iş qurur.

2. Bir müddət öncə, ABŞ Suriyaya məxsus hərbi aviabazası qanadlı raketlərlə darmadağın edərək, bu ölkənin müttəfiqi Rusiyaya əzələ nümayişi etdirdi və nəticədə Rusiya kəşfiyyatı Suriya və İran kəşfiyyatları ilə əməkdaşlıq edərək, çox sakit şəkildə ABŞ-ın cavabını məhz bu vasitə ilə - Əbu Bəkr əl-Bağdadinin ələ keçirilməsi ilə verdi.

3. Əbu Bəkr əl-Bağdadinin həbsi baş verməyib, sadəcə bu məsələ ətrafında qarşı tərəflərə, xüsusilə ABŞ-a və koalisiya güclərinə siyasi spekulyasiya oyunu oynanılır. Belə oyun isə "İD" liderinə də sərf edir.

Suriya son zamanlar "İD"nə qarşı apardığı uğurlu hərbi əməliyyatlarının ardınca aşkar hücuma məruz qalmışdı

Ancaq bu kimi ehtimallar arasında ikincisi daha real görünür. Ən azından ona görə ki, Suriyaya məxsus hərbi aviabazaya raket zərbələri endirildikdən sonra ABŞ həmin zərbələrin çoxunun hədəfə dəydiyini iddia etmişdi, ancaq Rusiya bir neçə "Tomoqavk"ın hədəfə çatdığını açıqlamışdı. O cümlədən, Rusiya bu məsələdə uduzan tərəf kimi görünürdü, çünki onun hərbi müttəfiqi Suriya son zamanlar "İD"nə qarşı apardığı uğurlu hərbi əməliyyatlarının ardınca aşkar hücuma məruz qalmışdı. Bu baxımdan, Rusiya əməli işə keçməyə məcbur oldu və nəticəvə Əbu Bəkr əl-Bağdadinin ələ keçirilməsini reallaşdırdı.

Terrorçuların liderinin Rusiyanın əlində olması ABŞ üçün ciddi şəkildə arzuolunmaz bir reallıq sayıla bilər

Beləliklə, biz burada soyuq müharibənin qaynar tərəflərinin şahidi oluruq. Hətta Əbu Bəkr əl-Bağdadinin həbsi yaxın dövrdə ABŞ-Rusiya münasibətlərində dönüş nöqtəsi də ola bilər. Məsələn, terrorçuların liderinin Rusiyanın əlində olması ABŞ üçün ciddi şəkildə arzuolunmaz bir reallıq sayıla bilər. Əbu Bəkrin dindirilməsi br çox qaranlıq məqamlara aydınlıq gətirməklə yanaşı, Amerikanın siyasətində "ölkə naminə terroru müdafiə etmək" planı tam şəkildə ifşa edilə bilər. Yəni bu, ABŞ-ın dövlət siyasəti əleyhinə yönəlmiş kifayət qədər güclü, danılmaz arqumentə, silaha çevriləcək.

Yeri gəlmişkən, hələ Obama administrasiyasında dövlət katibi postu tutmuş Hillari Klinton aşkar şəkildə etiraf etmişdi ki, "İŞİD"in yaradıcısı məhz ABŞ-dır və burada əsas məqsəd Rusiyaya və müttəfiqlərinə qarşı savaş meydanı açmaqdan ibarətdir.

Rusiya uzun müddətdir öz hərbi-siyasi balansına qazandıra bilmədiyi üstünlüyü qısa zamanda əldə etmək imkanı qazanıb

Başqa tərəfdən, ABŞ sünni-şiə qarşıdurması fonunda bu planını reallaşdırmaqla, Rusiyanın xüsusilə şiə və şiəmeyli müttəfiqlərini siyasi arenadan çıxdaş etməyi düşünürdü. Bunun üçün isə məzhəblərarası savaşın siyasi maraqlarda istifadəsi ABŞ-a hava və su kimi lazımıydı. Misal kimi İraqdakı məzhəb savaşını, Suriyada eyni halı, Yəməndə şiə husilərə qarşı müharibəni, Bəhreyndə də bənzər baş verən hadisələri incələdikcə, həmin hadisələrin arxasından məhz Amerika siyasəti izinin göründüyünü deyə bilərik. Əbəs yerə deyil ki, Əbu Bəkr əl-Bağdadinin amerialı senator Makkeynlə yayılan fotoları bu gün də internet resurslarında qalmaqda davam edir. Bu isə Hillari Klintonun etirafının sübutu kimi dəyərləndirilə bilər.

Beləliklə, fakt budur ki, əgər Əbu Bəkr əl-Bağdadinin həbsi həqiqəti əks etdirirsə, bu faktor ABŞ-ın siyasi cəhətdən dalana dirənməsi kimi nəticələnər. O cümlədən, Rusiya uzun müddətdir öz hərbi-siyasi balansına qazandıra bilmədiyi üstünlüyü qısa zamanda əldə edər. Ən azından, terrorbaşını insan haqları məhkəməsinə təhvil verməklə, yaxud da ona ölüm hökmü çıxarmaqla...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə