Deputat: “Azərbaycanla İran arasında dostluq münasibətləri regiona böyük fayda verir” AÇIQLAMA

Deputat: “Azərbaycanla İran arasında dostluq münasibətləri regiona böyük fayda verir” AÇIQLAMA

"Azərbaycan qonşuları ilə yüksək səviyyədə əlaqələr qurur, əməkdaşlığı genişləndirir. Bu əməkdaşlıq regionda sabitliyin təmin olunması, iqtisadiyyatın inkişafına xidmət edir. Azərbaycan Prezidentinin İran İslam Respublikasına səfəri də bu baxımdan böyük əhəmiyyətə malikdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

O qeyd edib ki, Azərbaycan və İran dövlət başçılarının görüşləri ölkələr arasında dostluq və əməkdaşlığı daha da inkişaf etidirir: "Azərbaycan Prezidenti son üç il ərzində üç dəfə İrana səfər edib, səkkiz dəfə İranın dövlət başçısı ilə görüşüb. Məhz bunun göstəricisidir ki, 2016-cı ildə iki ölkə arasında ticarət dövriyəsi 70%-dən çox artıb. Bu, düzgün müəyyənləşdirilmiş dostluq və əməkdaşlığın inkişaf kursunun göstəricisidir. Azərbaycan - İran əlaqələrinin inkişafı region ölkələri arasında ikitərəfli və üçtərəfli münasibətlərin inkişafına təkan verir. Azərbaycanla İranın dostluq münasibətləri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına imkan yaradıb. Bu da region ölkələri, xüsusilə Azərbaycana böyük iqtisadi xeyir verəcək".

Deputat bildirib ki, İranın Azərbaycanda sərmayələri artmaqdadır və yeni iqtisadi layihələrin icrasına başlanılıb. Onun sözlərinə görə, Azərbaycan da İranda qarşılıqlı faydalara əsaslanan sərmayələr qoyur və gələcəkdə birgə yeni enerji ixracı layihələri həyata keçiriləcək.

Millət vəkili vurğulayıb ki, Azərbaycan və İran arasında münasibətlərin yüksək səviyyədə olması, üçtərəfli formatda - Azərbaycan- İran-Rusiya, Azərbaycan-İran-Türkiyə və Azərbaycan - İran- Gürcüstan əməkdaşlığının inkişafını təmin edəcək: "Bu da regionda sabitliyin təmin olunmasında xüsusi rola malikdir. İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və beynəlxalq normalar çərçivəsində işğala son qoyulmasının tərəfdarı olduğunu bəyan edib. Ümumiyyətlə, Azərbaycanla İran arasında dostluq və əməkdaşlıq münasibətləri regiona böyük fayda verir".

Bütün xəbərlər Facebook səhifəmizdə