Hikmət Babaoğlu: “Prezidentin səfəri mühüm əhəmiyyətli bir səfər kimi yadda qaldı” AÇIQLAMA

Hikmət Babaoğlu: “Prezidentin səfəri mühüm əhəmiyyətli bir səfər kimi yadda qaldı” AÇIQLAMA

"Azərbaycan Prezidentinin İrana səfəri mühüm mühüm tarixi mərhələdə baş tutdu". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, hazırda İran və Azərbaycanın da daxil olduğu müsəlman siyasi -coğrafiyasında olduqca mürəkkəb proseslər cərəyan etməkdədir: "Ona görə də iki qonşu ölkənin əməkdaşlığının əhəmiyyətindən danışan Prezident İlham Əliyev bildirdi ki, İran və Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir. Bizim yaxın əlaqələrimiz regionda sabitliyin möhkəmlənməsinə böyük töhfədir. Bu əlaqələrin hazırda ən yüksək səviyyədə olduğunun vurğulandığını da nəzərə alsaq görüşdə 20 -dək sənədin imzalanmasının özünü bir göstərici hesab etmək olar.

Hazırda İranla Azərbaycan arasında ticarət dövriyyəsi 70 faizdən çox artıb. Bu göstəricinin daha da artması üçün çox ciddi potensial mövcuddur. Əgər nəzərə alsaq ki, artıq Şimal -Cənub beynəlxalq nəqliyyat dəhlizi də işə düşür, o zaman irəlidə daha böyük rəqəmlərin tələffüz ediləcəyini əminliklə söyləmək olar. Çünki bu mühüm nəqliyyat dəhlizi Rusiya- Azərbaycan- İran və nəhayət Hindistan arasında ciddi kommunikasiya yaratmaqla gələcəkdə həm də Şimali Avropadan başlamış Cənubi Şərqi Asiyaya qədər geniş bir iqtisadi coğrafiyada yükdaşımaları həyata keçirə biləcək potensiala sahibdir".

H.Babaoğlu əlavə edib ki, ona görə də cənab Prezident İlham Əliyev Şimal - Cənub beynəlxalq nəqliyyat dəhlizinin işə düşməsini tarixi hadisə kimi qiymətləndirdi: "Artıq Astara (Azərbaycan ) - Astara (İran ) sınaq səfəri baş tutub və demək olar ki, nəqliyyat dəhlizi işlək vəziyyətə gəlib. Bundan başqa iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Xəzərin sektorlara bölunməsi, əməkdaşlığın gələcək perspektivləri də müzakirə edilib və siyasi, iqtisadi və digər bütün sahələrdə olduqca əlverişli qarşılıqlı fəaliyyət sahələrinin olduğu vurğulanıb. Ona görə də Azərbaycan Prezidentinin bu səfəri ölkəmizin maraqları baxımından mühüm əhəmiyyətli bir səfər kimi yadda qaldı".

Bütün xəbərlər Facebook səhifəmizdə