Müşfiq Ələsgərli: “Prezident Münhende Azərbaycanla əməkdaşlığın faydalarını Avropaya çatdırdı” AÇIQLAMA
"Proseslərin gedişi onu göstərir ki, dünyada, o cümlədən yerləşdiyimiz regionda siyasi, iqtisadi, enerji və təhlükəsizlik baxımından yeni düzən formalaşır. Region dövlətlərinin hər biri bu yeni müstəvidə yer tutmaqda, öz təhlükəsizliyini, iqtisadi maraqlarını təmin etməkdə maraqlıdır. Amma bu istəyi doğrultmaq heç də bütün dövlətlərə nəsib olmur, əksinə, son proseslər əksər ölkələr üçün dağıdıcı bir dalğaya çevrilib. Azərbaycanın üstünlüyü ondadır ki, son prosesləri dərindən bilən, onu analiz edib nəticə çıxarmağı bacaran iqtidar komandası və ciddi resursları var". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti" mövzusunda konfransda çıxış edərək, Azərbaycanın enerji resursları, iqtisadi töhvələri barədə məlumat verdi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün oynaya biləcəyi rol barədə təsəvvür formalaşdırdı: "Prezident çıxışı ilə Avropalıları inandıra bildi ki, Cənub Qaz Dəhlizi tamamilə yeni regional əməkdaşlıq formatı yaradır. Prezident, həmçinin, konfrans çərçivəsində çoxlu sayda ikitərəfli görüşlər keçirdi, Azərbaycanla əməkdaşlıq qurulmasının faydaları barədə bilgiləri çatdırdı.
Münhen görüşünün keçirildiyi ərəfədə Bakıda Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi general Cozef Danfordla Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun görüşü keçirildi. Müşahidələr onu deməyə əsas verir ki, bütün bu görüşlərin paralel keçirilməsi və bütün görüşlərdə Azərbaycanın ya iştirakçı, ya da ev sahibi kimi çıxış etməsi təsadüfi deyil. Azərbaycanın iqtisadi, enerji layihələri, hərbi imkanlar baxımından daimi inkişafda olması, əlverişli coğrafi şəraitdə yerləşməsi ölkəmizi regionun mühüm əhəmiyyətli dövlətinə çevirdi. Azərbaycan yeni formalaşan siyasi, iqtisadi, enerji və təhlükəsizlik formatında aparıcı yer tutur. Münhen Təhlükəsizlik Konfransında iştirak və Bakı görüşləri bunun bariz nümunəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB