Leyla Yunus Azərbaycan qadını adına ləkədir

Leyla Yunus Azərbaycan qadını adına ləkədir

Azərbaycan hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunduğu, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə edildiyi, eyni zamanda, qanunların aliliyinin təsbit olunduğu aparıcı ölkələr sırasında yer alır. Azərbaycanın öz inkişafına görə regionun lider dövləti olması, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəz kimi tanınması, həmçinin müstəqil siyasət həyata keçirməsi xaricdəki ermənipərəst, anti-azərbaycançı dairələri ciddi narahat edir. Və bunu qəbul edə bilməyən, ölkəmizin uğurlarına qısqanclıqla yanaşan, Azərbaycanı müstəqil inkişaf yolundan sapdırmaq üçün müxtəlif vasitələrə əl atan həmin dairələr öz çirkin əməllərini reallaşdırmaq məqsədilə ölkə daxilindəki "beşinci kolon" nümayəndələrindən də faydalanırlar.

Ölkəmizdə fəaliyyət göstərən bəzi qondarma təşkilatlar və "hüquq müdafiəçisi" adı arxasında pərdələnmiş şəxslər anti-azərbaycançı dairələrin sifarişlərini yerinə yetirir, Azərbaycanın milli maraqlarına zidd mövqe sərgiləyirlər. Həmin qüvvələrin bəzi xarici maraq qruplarından aldıqları qrantların "haqq"ını vermək və maliyyə axınının davamlılığını təmin etmək üçün istinad etdiyi vasitələrdən biri məhz anti-azərbaycançı çağırışlar səsləndirmək, ölkəmizin əleyhinə yönəlmiş pozucu fəaliyyətlərə dəstək vermək, həmçinin, ümummilli məsələlərdə dövlətimizin və xalqımızın ali mənafeyinə zidd mövqe tutmaqdır. Bu dağıdıcı ünsürlər sırasında özünü cəmiyyətə "hüquq müdafiəçisi" kimi tanıdan antimilli şəxs - Leyla Yunus xüsusilə fərqlənir. Bugünlərdə onun ölkəmizlə bağlı sərgilədiyi mövqe bir daha onun içüzünü açır. Şübhəsiz, "hüquq müdafiəçisi" pərdəsi arxasında gizlənmiş bəhs edilən şəxsin bu cür mövqe sərgiləməsi onun xalqımıza və dövlətimizə olan münasibətindən xəbər verir. Başqa sözlə, xarici maraq qruplarından maliyyələşən və konkret anti-azərbaycançı dairələrin korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən Leyla Yunusun nümayiş etdirdiyi "fəaliyyət" bəhs olunan "hüquq müdafiəçi"sinin nəyə və kimlərə xidmət etdiyini növbəti dəfə aşkar surətdə əks etdirir. Daha dəqiq desək, bu şəxsin təkcə ermənilərlə işbirliyinə dair ortada olan çoxsaylı faktlar deyilənlərin bariz nümunəsi qismində çıxış edir. O, erməni lobbisini başlıca tərəfdaş kimi qəbul etməkdədir. Belə ki, Leyla Yunus özünün korporativ maraqları naminə antimilli mövqedən çıxış edərək azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aktı həyata keçirmiş, torpaqlarımızın 20 faizini işğal etmiş erməniləri dost kimi qəbul etməkdən çəkinmir, hətta bu dostluqdan məmnuniyyətlə söz açırlar. Leyla Yunus Azərbaycana qarşı fəaliyyətində ən ifrat və aktiv daşnakdan belə daha çox ermənilik nümayiş etdirir. Onun əsl məqsədi Azərbaycanda insan hüquqlarının müdafiəsi məsələlərinə yardım göstərmək deyil, əksinə, mövcud azadlıqlardan sui-istifadə edərək Azərbaycanın bugünkü uğurlarına, bu uğurların əldə edilməsində xidmətləri olan insanların əməyinə kölgə salmaqdır. Leyla Yunusova indiyədək Azərbaycanda olan söz, ifadə azadlığından antimilli təbliğat aparmaq, dezinformasiya həyata keçirmək, ictimai rəyin yanlış formalaşmasına cəhd göstərmək üçün istifadə edib. Xüsusilə də Azərbaycanın müsbət beynəlxalq imicinə qarşı yönəlmiş, ermənilər və Ermənistanın maraqlarına xidmət edən fikirlərin səsləndirilməsi - mövqeyin ortaya qoyulması bu şəxsin ekstremist daşnaklardan da kəskin mövqedə durduğunu göstərir.

Leyla Yunusun Azərbaycan dövlətinə qarşı yönəltdiyi fikirlərin alt qatında, əslində, onun Azərbaycan xalqına, ölkəmizə qarşı dərin nifrəti dayanır. Müxtəlif məsələlərdən dövlətə qarşı şantaj vasitəsi kimi istifadə edən L.Yunusun milli maraqlar və dəyərlərdən, milli siyasi iradədən kənar əməlləri hüquq müstəvisində öz qarşılığını almalıdır. Bu, Azərbaycan ictimaiyyətinin birmənalı tələbidir. Çünki onun Azərbaycan xalqına və dövlətinə qarşı çevrilmiş əməlləri Azərbaycan ictimaiyyətində dərin narazılıq və ikrah hissi yaradıb.

Bu mənada Azərbaycan qadınları da L.Yunusun əmələrini kəskin şəkildə pisləyir. Bu gün Azərbaycanda həyata keçirilən dövlət qadın siyasəti nəticəsində qadınlarımız cəmiyyətimizin ən fəal üzvlərindən olaraq ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni-humanitar həyatında aktiv iştirak edirlər. Amma L.Yunus kimilər Azərbaycanın uğurlarına daim kölgə salmağa çalışır, ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna zərbə vurmağa cəhd göstərirlər. Ümumiyyətlə, L.Yunus Azərbaycan qadını adına ləkədir. Azərbaycan ictimaiyyətinin digər təmsilçləri kimi qadınlar da onun antiazərbaycançı fəaliyyətini kəskin şəkildə pisləyirlər.

Məhəbbət İbrahimova,

YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə