YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədovun SİA-ya müsahibəsi
- Namiq müəllim, xalqımız Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının növbəti ildönümü ərəfəsindədir. Siz, Azərbaycan xalqının Ümummilli Lider tərəfindən təməli qoyulmuş tarixi siyasət və bu siyasətin davamı haqqında hansı fikirlərinizi bildirərdiniz?
-Bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyevin xalqına verdiyi əsas töhfələrdən biri müasir və güclü Azərbaycan dövlətidir. Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra onun yenidən itirilməsinin qarşısının alınmasında Heydər Əliyevin tarixi xidmətləri unudulmazdır. Ümumiyyətlə, ölkəmizin dünya dövlətləri işində yüksəlməsində, öz mühüm yerini tapmasında, demokratiyanın bərqərar olaraq inkişaf etməsində, iqtisadiyyatın tərəqqisində, sosial həyatın yüksək təminatında və həmçinin, insanların ictimai-siyasi sabitlik şəraitində azad-firavan, rifah halında yaşayaraq fəaliyyət göstərməsində Onun oynadığı rol tarixi salnamə kimi qiymətləndirilə bilər.
Bu gün bu siyasətin, Heydər Əliyev məktəbinin ən layiqli davamçısı məhz ölkə Prezidenti İlham Əliyevdir. Çünki o bu gün həmin siyasəti davam etdirməklə yanaşı, həm də inkişaf etdirir. Biz, xalq olaraq bu siyasətin doğru olduğunu bilir və dəstəkləyirik.
Lakin biz onu da bilirik ki, əgər Ulu Öndər zamanında öz qətiyyətini, iradəsini və əsaslı siyasi gücünü ortaya qoymasaydı hazırkı inkişaf dövründən danışa bilməzdik. Əlbəttə, İlham Əliyev daim Heydər Əliyevin yanında olduğuna görə, Onun siyasi bilgilərindən yararlanırdı və nəticədə bu gün O, Azərbaycan dövlətini çox uğurla idarə etməkdədir. Əbəs yerə deyil ki, Azərbaycan istər regionda, istərsə də dünya birliyində aparıcı dövlət kimi özünü təsdiq edib. Eyni zamanda, artıq Azərbaycanla hər yerdə hesablaşırlar. Çünki Azərbaycan regionda yeganə dövlətdir ki, digər dövlətlərdən asılı olmayaraq, müstəqil siyasət yürüdür. Bu baxımdan, qədirbilən xalqımız da əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün İlham Əliyev cənabları tərəfindən davam etdirilən siyasəti dəstəkləyir, öz Prezidentinin ətrafında daha sıx şəkildə birləşir.
- Dövlətin yürütdüyü siyasət faktorunun Yeni Azərbaycan Partiyasının tərkib hissəsi kimi qiymətləndirilməsi fikrini necə şərh edərdiniz?
- Təbii ki, bu belədir. Ona görə də xüsusi bir məqama toxunmaq istərdim ki, ölkəmizdə yürüdülən siyasət eyni zamanda Yeni Azərbaycan Partiyasının fəaliyyəti olmaqla yanaşı, həm də xalq tərəfindən dəstəklənən siyasətdir. Yəni xalq tərəfindən seçilmiş İlham Əliyev cənablarının fəaliyyəti bilavasitə Yeni Azərbacyan Partiyasının fəaliyyətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. O partiyanın ki, əsası Ümummilli Liderimiz tərəfindən qoyulub və artıq yüz minlərlə üzvü olan ümumxalq partiyasına çevrilib.
Cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının Sədridir və partiya üzvlərinin hər biri, yəni rəhbərlik strukturlarından tutmuş sıravi üzvlərinədək hər kəs Onun ən yaxın dəstəkçisi qismində fəaliyyət göstərir. Əbəs yerə deyil ki, bütün seçkilərdə, xüsusilə prezidnet seçkilərində bizim alternativsiz namizədimiz olan cənab İlham Əliyev qələbə qazandı. Həmçinin, Onun öz xalqı qarşısında qazandığı etimad bizim – yeni azərbaycançıların gələcək fəaliyyətinə müsbət, effektli təsirlərini göstərməkdədir. Biz cənab Prezidentin apardığı siyasətində Onun ən yaxın əməkdaşı, sirdaşı, əqidədaşı və yoldaşıyıq.
- YAP Xəzər rayon təşkilatının fəaliyyəti digər rayonların fəaliyyətlərindən hansı xüsusiyyətləri ilə seçilir?
- Yeni Azərbaycan Partiyasının fəaliyyətinin kökündə onun rayon təşkilatlarının da rolu böyükdür. Məsələn, sədri olduğum YAP Xəzər rayon təşkilatı 12 rayon içində elə bir rayondur ki, burada bütün ərazi məhz Bakı qəsəbələrindən ibarətdir. Bu baxımdan, hər bir qəsəbənin hətta bir-birlərinə nə qədər yaxın olsalar belə, öz tarixi, öz adət-ənənəsi və s. spesifik dəyərləri var. Deyərdim ki, belə bir mühitdə işləmək həm şərəfli, həm maraqlı, həm də çətindir. Çünki burada hər bir qəsəbəyə xüsusi yanaşmaq lazımdır, əhalisinin xüsusiyyətlərinə cavab verə biləcək addımlar atmaq gərəkdir.
Həmçinin qeyd edim ki, Bakı qəsəbələrinin sakinləri çox etibarlı, arxalana biləcək insanlardırlar. Onlar düzgün danışan, doğru istiqamət verən insanları qəlbən qəbul edirlər. Məsələn, görəndə ki, kimsə hər hansı bir işdə düzgün addımlar atmır, əməli düzgün deyilsə, dərhal ondan kənarlaşırlar. Bu kimi amilləri nəzərə alaraq demək istədiyim budur ki, Xəzər rayonu daim özünəməxsusluğu ilə seçilib.
- Ümumiyyətlə, partiya yaranarkən, Bakı qəsəbələrinin sakinləri Ulu Öndər Heydər Əliyevə necə dəstək göstərdilər?
- Bilirsiniz, Yeni Azərbaycan Partiyası qurularkən, çox adam fikirləşirdi ki, bu ərazidə siyasi təşkilat yaratmaq çox çətin olacaq, problemlər yaşanacaq və s. Ancaq mən, Xəzər rayonunda Yeni Azərbaycan Partiyasının təməlini quranlardan biri kimi deyərdim ki, çox insanlar bütün qəsəbələrdə hələ yeni yaradılmış partiyaya axınla, böyük kütlə ilə gəlirdilər. Çünki həmin vaxtlar Bakı qəsəbələrində Heydər Əliyevə elə bir inam, elə bir sevgi, elə bir məhəbbət hissi yaranmışdı ki, bir çoxları bu faktoru inanılmaz hesab edirdilər. Xəzər rayon sakinləri o zamanlar Ulu Öndərin Vətən, xalq, millət sevgisini görüb, Onun, eləcə də Yeni Azərbaycan Partiyasının hakimiyyətə gəlməsi istiqamətində birmənalı olaraq dəstək göstərirdilər. Ona görə də hələ 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin tarixi çıxışlarından, müraciətlərindən sonra yeni yaradılan partiya sıralarına yerli adamların kütlə-kütlə aıxnı yaranmışdı. Əbəs yerə deyil ki, bu gün Xəzər rayonunun hər bir qəsəbəsində bir, iki deyil, daha artıq dörd, beş, hətta altı ilk ərazi partiya təşkilatları fəaliyyət göstərməkdədir. Kəndlisi də, fəhləsi də, ziyalısı da, dövlət qulluqçuları, xüsusilə gənclər ümumiyyətlə isə bütün zümrələr partiya sıralarında cəm şəkildə fəaliyyət göstərməkdədirlər.
Belə bir nailiyyəti nəzərə alaraq, Yeni Azərbaycan Partiyasının İcra katibliyindən də tapşırıqlarımızı alır, seçkilərdəki aktivliyimizi qoruyub-saxlayırıq. Məsələn, bu gün bizdə 63 fəaliyyət göstərən seçki məntəqəsi varsa, 90 ilk partiya təşkilatımız var. Bu da bizim seçkilərdə daha rahat, daha əhatəli şəkildə fəaliyyət göstərməmizə böyük köməklik göstərir. Seçkilər ərəfəsində təbliğatların aparılmasında, müxtəlif tədbirlərin həyata keçirilməsində sözügedən faktor bizə stimul verir. Təkcə Xəzər rayonu üzrə qeyd edilən rəqəmlər, statistikalar da göstərir ki, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Biz, bu istiqamətdə hərəkətimizi davam etdiririk, Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu siyasi, mənəvi irsi partiamızın Sədri, Prezident İlham Əliyev cənablarının timsalında yaşadırıq və əlbəttə ki, qələbələrlə, zəfərlərlə qürur duyur, fəxr edirik.
Qətiyyətlə deyə bilərəm ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasət və onun uğurlu davamı hələ bundan sonra uzun illər davam edəcək, Azərbaycan dünyada baş verən böhranlara rəğmən, monolit təməllərinə, xalqın dəstəyinə söykənərək inkişaf yolunu davam etdirəcək. Bunun başqa yolu da yoxdur.
- Son zamanlar bəzi müxalifət partiyaları dünyada baş verən böhranlı vəziyyətdən sui-istifadə edərək, ölkəmizdə pozuculuq fəaliyyəti göstərməyə cəhdlər edirlər. Bu kimi cəhdlərin ictimai rəyə hər hansı bir təsirinin ola biləcəyini hesab edirsiniz?
- Bu gün ölkədə fəaliyyət göstərən və özlərini "müxalifətçi" adlandıran siyasi təşkilatlar da var ki, onların ətrafına yığılanlar beş-on nəfər qohum-əqrabaları, qonum-qonşularıdır. Təəssüf ki, zaman-zaman da hər hansı bir hadisədən sui-istifadə edərək, qanunsuzluqlara əl atırlar. Onlara qarşı hər hansı bir qanuni tələb qoyulanda isə hay-küy yaradır, xaricdəki ağalarından, himayədarlarından pənah ummağa başlayırlar. "Siyasi məhbus", "dissident", şantaj, qarayaxma, haramçılıqla və s. adlarla qrant pulları qazanmağa cəhdlər göstərirlər. Onlardan fərqli olaraq, Yeni Azərbaycan Partiyası yarandığı gündən hazırkı dövrümüzə qədər heç vaxt qrant almayıb, çünki onun arxasında xalq dayanıb. Partiya yalnız partiya üzvlərinin üzvlük haqları sayəsində maliyyələşir və şəffaf hesabatını verir.
Buyursunlar onlar da öz hesabatlarını versinlər. Biz görürük ki, onlar öz hesabatlarını vermək qabiliyyətində deyillər. Ona görə ki, qazandıqları pullar ermənipərəst dairələrdən, xarici agentlərdən gəlir. Bizim isə onlardan fərlqi olaraq gizlədəcək heç nəyimiz yoxdur, onlar kimi, necə deyərlər, "həlləm-qəlləm" işlərimiz də yoxdur.
Son olaraq isə onu demək istərdim ki, belələri hər nə qədər xəyanətkarlıq və satqınçılıq yolu tutmağa çalışsalar da heç nə əldə edə bilməyəcəklər. Azərbaycanda güclü dövlət quruculuğu mövcuddur və zaman da göstərib ki, istər Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə, istərsə də müasir zamanlarımızda çirkin niyyətlər heç vaxt baş tutmayıb. Xalqın iradəsi, dövlətinə və dövlət başçısına inamı, eimadı və etibarı buna imkan verməyib, bundan sonra da verməyəcək. Çünki müasir Azərbaycan dövlətinin təməli elə bir Dahi Şəxsiyyət tərəfindən qoyulub ki, ona heç bir qüvvə təsir etmək gücünə malik deyil.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB