Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclası keçirilib YENİLƏNİB - SƏS TV

Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclası keçirilib YENİLƏNİB - SƏS TV

Bu gün Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının təşkilatçılığı ilə "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfrans keçirilib.

SİA-nın məlumatına görə, konfransda Ali Dini Şuranın üzvləri, dövlət, din xadimləri, Rus Pravoslav və Gürcüstan Pravoslav kilsələrinin nümayəndələri, bir sıra ölkələrin səfirləri iştirak ediblər.

Tədbiri açan QMİ-nin sədri Allahşükür Paşazadə bildirib ki, bu konfrans dünyada irqi, milli, etnik və digər zəmində baş verən qarşıdurmalar fonunda Qafqazda sülhə və onun qorunmasına xidmət edir. Şeyxülislam ölkəmizdə müxtəlif dinlərə mənsub insanların sərbəst, rahat yaşamaları üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən danışıb. O, bu baxımdan Azərbaycanın tolerantlıq modelini nümunə göstərib.

Allahşükür Paşazadə deyib ki, bu gün çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri yüksək səviyyədədir və gündən-günə inkişaf edir. Azərbaycanda sabitlik mövcuddur. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Burada siyasi iradə böyük önəm daşıyır.

Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub. Sonra Azərbaycan multikulturalizminə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Azərbaycanla Rusiyanın terrorizmə qarşı mübarizədə mövqeləri üst-üstə düşür. Bunu Moskvanın və bütün Rusiyanın patriarxı Kiril deyib.

Patriarx Kiril Azərbaycanla Rusiya arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. O, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işləri dəstəklədiyini diqqətə çatdırıb.

Kiril Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin din xadimi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fəaliyyətini yüksək qiymətləndirib: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində sizin din xadimi kimi fəaliyyətiniz əvəzsizdir. Siz uzun müddətdir ki, münaqişənin sülh yolu ilə həllinə nail olmaq istiqamətində fəaliyyət göstərirsiniz. Hazırda dünyada baş verən terror hadisələrinin qarşısını almaq üçün din xadimlərinin birgə fəaliyyətinə böyük ehtiyac var".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda tolerantlıq bir ənənədir, dövlət siyasətidir. Komitə sədri deyib ki, hazırda dünyada 169 ölkələrarası və daxili münaqişə var. Dünyanın 40 ölkəsində müxtəlif qanlı savaşlar gedir. Münaqişələr nəticəsində 60 milyon insan yurd-yuvasından didərgin düşüb. Son 15 ildə dünyada 57 min terror aktı törədilib. Bu terror aktlarının iki minini ermənilər azərbaycanlılara qarşı törədiblər. Qafqazda ən qaynar münaqişələrdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə nəticəsində Ermənistan Azərbaycan ərazisinin bir hissəsini işğal edib, yüz minlərlə azərbaycanlını milli, dini zəmində zorakılığa məruz qoyub.

Sonda Qafqaz Xalqları Ali Dini Şurasının adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür müraciəti oxunub.

Bütün xəbərlər Facebook səhifəmizdə