Meksika səfirliyinin Konsulluq şöbəsi vizaların verilməsinə başlayıb

Meksika səfirliyinin Konsulluq şöbəsi vizaların verilməsinə başlayıb

Meksikanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi vizaların verilməsinə başlayıb. SİA-nın məlumatına görə, bunu Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini keçirdiyi mətbuat konfransında deyib.

Diplomat bildirib ki, Konsulluq şöbəsi ötən ilin sentyabrında açılıb, vizaların verilməsinə isə yeni başlanılıb. Artıq Meksika vizası almaq üçün digər ölkələrə getməyə ehtiyac qalmır. Vizalar 2-3 gün müddətinə verilir. Həmçinin, ABŞ və şengen vizası ilə də Meksikaya səyahət etmək mümkündür. Turist vizası altı ay müddətinə verilir, məbləği isə 36 dollar təşkil edir.

Onun sözlərinə görə, ötən il Azərbaycandan 148 nəfər Meksikaya səfər edib. Səfir vurğulayıb ki, ölkəsi Azərbaycanla turizm sahəsində əlaqələr genişləndirmək niyyətindədir: "Azərbaycanlılar Meksikaya həm səyahətə gedə bilər, həm də iş qurmaq imkanlarını öyrənə bilərlər. Buna ticari turizm deyə bilərik. Meksikanın iş adamları Azərbaycanda turizm sahəsində, xüsusilə otelçilik sahəsində iş qurmağa maraq göstərirlər". Diplomat bildirib ki, Meksika geniş turizm imkanlarına malikdir. Ötən il ölkə beynəlxalq turizm sahəsində 10-cu yerdə olub, bu il isə 9-cu yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə