Ərdoğanın baş müşaviri: "Türkiyənin Aİ-yə ehtiyacı yoxdur" EKSKLÜZİV

Ərdoğanın baş müşaviri: "Türkiyənin Aİ-yə ehtiyacı yoxdur" EKSKLÜZİV

"Avropa Parlamentinin Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqları dayandırmaq barədə qərarı əslində Ankara üçün çox xeyirli oldu. Çünki bu, qərar Türkiyənin illərlə yaşadığı bir xülyadan oyanmasına, özünə gəlməsinə səbəb oldu". Bunu SİA-ya açıqlamasında Türkiyə Prezidentinin müşaviri Yalçın Topçu AP-nin qərarını şərh edərkən bildirib.

O vurğulayıb ki, Türkiyə əsla Avropa İttifaqına möhtac deyil: "Türkiyə əslində barışı, azadlığı, rifahı arayan bir ölkədir, Avropa İttiaqı ilə bu çərçivədə əlaqələrimizi bu günə kimi həyata keçirmişik, yenə də davam etdirəcəyik. Ona görə ki, Türkiyə heç bir vaxt savaşın, haqsızlığın tərəfindən olmayıb. Avropa İttifaqı ölkələrinin tarixləri qaranlıqdır, onlar insan ticarəti ilə məşğul olublar, Afrikadakı qara dərili insanların qanları hələ də bunların əlindədir. İndiki nöqtədə bizim mədəniyyət coğrafiyamızı qana boğan, terror təşkilatlarını dəstəkləyən məhz bu ölkələrdir. Təkrar qeyd edirəm ki, AP-nin bu qərarının Türkiyə üçün heç bir təsiri ola bilməz. Çünki bizim onlara ehtiyacımız yoxdur. Aİ-nin bizə, bizim geostrateji, geosiyasi mövqeyimizə, yeraltı yerüstü sərvətlərimizə, tariximizə, mədəniyyətimizə, insan qaynaqlarımıza ehtiyacı var".

Y.Topçu əlavə edib ki, Aİ Türkiyə üçün bir xəyal tuneli idi və qeyd edilən qərarla da bu tunel bitdi. Onun sözlərinə görə, indi edilməsi vacib olan üç məsələ var: "Üç milyon qaçqına sərhəd qapılarımızı dərhal açmağımız lazımdır. Başımızın üzərində Gömrük birliyi deyilən bir bəla var, ona dərhal son verməliyik. Nəhayət, bu xəyal tunelindən çıxıb mədəniyyət coğrafiyamıza dönüb, öz qardaşlarımızla dildə, işdə, fikirdə bir olmağın yollarını aramağımız vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə