Abbes Benmoussat: "Azərbaycan itirilmiş torpaqlarına sahib olmalıdır" Müsahibə

Abbes Benmoussat: "Azərbaycan itirilmiş torpaqlarına sahib olmalıdır" Müsahibə

Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Abbes Benmoussatın SİA-ya müsahibəsi

- Cənab səfir, 1 noyabr Əlcəzairdə müstəqillik uğrunda inqilabın başladığı tarixdir. Bu tarixin Əlcəzair xalqının və dövlətinin həyatında nə kimi rolu oldu?

- Əlcəzair inqilabı 1954-cü il 1 noyabrda başlayıb. Bu inqilab ilk növbədə insanların baxışını dəyişdi. Fransa 1956-cı ildə Tunusdə və Mərakeşdə olan hərbi qüvvələri Əlcəzairə cəlb etmək üçün hər iki ölkəyə müstəqillik verdi. 1960-cı ildə isə Fransa sırf Əlcəzairi qorumaq üçün Afrikanın 16 ölkəsinə müstəqillik verdi. Əlcəzair müstəqillik qazandıqdan sonra Latın Amerikası, Afrika və Asiyanın müstəmləkə altında olan bir çox ölkələrinə hərbi-siyasi, kadr baxımından yardım göstərdi. Hətta əfsanəvi Nelson Mandella "Mənim həyatım" kitabında Əlcəzairə gəlməsi, burada hərbi-siyasi treninqlərdə iştirak etməsi, ölkənin müstəqillik əldə etməsi üçün hansı addımların atılmalı olması barədə müəyyən təcrübə əldə etdiyini yazıb. Afrika Dövlətləri Birliyinin yaradılması ideyası da Əlcəzair tərəfindən irəli sürülüb. Fransa Əlcəzairi sadəcə işğal etməmişdi, ölkəmizi tamamilə özününkü hesab edirdi, hətta insanların şəxsiyyət vəsiqələri də fransızlarınkı kimi idi. Digər ölkələr, həmçinin Tunus və Mərakeş Fransanın qanun perefekturası sayılırdı. Əlcəzair isə Fransa torpağına çevrilmişdi. 1954-cü ildə başlayıb və 1962-ci ildək, yəni 8 il davam edən müharibə nəticəsində 1,5 milyon əlcəzairli həlak olub. Ümumiyyətlə, 120 il ərzində Əlcəzairdə 74 dəfə Fransaya qarşı üsyanlar baş verib. Fransa Əlcəzairə daxil olduqda xalqımız baş əyməmiş və inqilablar etmişdi. 19- cu əsrin ən böyük inqilabı Emir Abdulqadir tərəfindən həyata keçirilib. O, 17 il ərzində Fransaya qarşı mübarizə aparıb. Birinci Dünya müharibəsi övründə bütün kişilər döyüşə cəlb edilmişdi, amma Fransadakı məşhur Reno zavodunda işlər dayanmasın deyə əlcəzairli imiqrantları ora cəb etmişdilər. 200 min əlcəzairli isə əsgər kimi döyüşürdü. Əlcəzair 120 il ərzində müstəqillik qazanmaq üçün çox şeyi sınaqdan keçirdi. 1962-ci il 18 martda Əlcəzairlə Fransa arasında atəşkəs barədə saziş imzalandı. Fransada bəziləri deyirdilər ki, 1,5 milyon insanın öldürülməsi doğru deyil. Lakin mən deyərdim ki, bu say realdır. Çünki hər ailədə müharibə qurbanı var idi. Mənim əmim və dayım da öldürülmüşdü. Biz müharibədən sonra fransızların Əlcəzairdə qalmasına, öz işlərində çalışmalarına razı idik. Yəni Əlcəzair bəyan etdi ki, hər şey unutmağa hazırdır. Amma ektrimistlər qəbul etmədilər və bildirdilər ki, ərəblər bizə ağıl öyrədə bilməzlər. Həmin dövrdə Əlcəzair müstəqillik ordusu sivil insanları qorumağa başladı. Bu, çox güclü ordu idi. Bundan sonra fransızlar ölkəni tərk etməyə başladı. Ona görə də bu gün Əlcəzairdə fransız yoxdu. Hardasa 46 min fransız var ki, onlar da inqilaba kömək edən, xalqımızın yanında olan insanlardır. Biz inqilabdan sonra sıfırdan hər şeyi yaratdıq.

- Azərbaycanla Əlcəzair arasında əlaqələr sovet dövründən mövcud olub. Amma indi bu əlaqələr o qədər də nəzərə çarpmır. Siz iki ölkənin münasibətləri barədə nə deyə bilərsiniz?

-1991-ci ildə Əlcəzair Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Azərbaycan öz müstəqilliyini elan edəndə Əlcəzair ilk ölkələrdən biri oldu ki, bunu alqışladı. Əlcəzairdə Əbdülrəhman adlı tanınmış bir alim olub, çoxları hesab edir ki, onun kökü İran tərəfdəndir, hardasa Azərbaycan ərazisinə yaxın bir yerdən, hazırda bu məsələ ilə bağlı araşdırma gedir. Hətta onun hansı bölgədən olmasını mütəxəssislər tədqiq edir. Azərbaycanla Əlcəzair arasında əlaqələr ölkənizdə səfirliyimiz açılmazdan əvvəl də olub. Məsələn, 2012-ci ildə xarici işlər naziri Elmar Məmmədyarov beynəlxalq iclasların birində içtirak etmək üçün Əlcəzairə səfər edib, həmçinin SOCAR-la Əlcəzairin SONARTAK neft şirkəti arasında əməkdaşlıq mövcuddur. Sovet vaxtı bir çox əlcəzairli təhsil almaq üçün Azərbaycana gəlib. Onlar hərb dənizçilik məktəbi, Neft Akademiyasında təhsil alıblar. İndi həmin şəxslər hərbi sahədə və SONATRAK-da yüksək vəzifələr tuturlar. Əlaqələrimizin istənilən səviyyədə inkişaf etməməsinin səbəblərindən biri də məsafənin uzaqlığıdır, həmçinin dil fərqi var. Amma siyasi yolla bu problemləri aradan qaldırmaq istəyirik. Bu il Azərbaycanın Əlcəzairdə səfirliyi açılıb, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri həyata keçirilir. Yəni əlaqələrin yüksək səviyyəyə çatdırılması üçün işlərə başlanılb. Bir çox Azərbaycan şirkətlər var ki, onlara Əlcəzairdə iş qurmaq üçün kömək etmişik. Bakıda keçirilən beynəlxalq tədbirlərdə Əlcəzairdən də nümayəndə heyəti iştirak edir. Hətta sırf turist kimi də Əlcəzairdən Bakıya gələnlər olur.

-Qeyd etdiniz ki, iki ölkənin bir-birindən məsafəcə uzaq olması əlaqələrə təsir göstərir. Birbaşa reysin açılması gözlənilirmi və bu turizm sahəsində inkişafa necə təsir göstərə bilər?

-Əvvəlcə onu vurğulayım ki, ötən il Əlcəzairdən Bakıya sırf turist məqsədilə 50 nəfər gəlib. Bu il isə 120 nəfər sırf turist kimi Azərbaycan səfər edib. Biz hüquqi tərəfdən bəzi məsələləri tənzimləməliyik ki, insanlar rahat səfərlər etsinlər. Birbaşa reysin açılması ilə bağlı ideya var. Əgər birbaşa uçuşlar olsa, bizim ölkəmizdən Azərbaycana xeyli turist gələ bilər. Lakin məsafənin uzaq olması bu işə mane olur. Adətən əlcəzairli turistlər Fransaya,Tunisə səfər etməyə üstünlük verirlər. Bu da məsafənin yaxınlığı ilə bağlıdır. Hər il Tunisə 2 milyon, Fransaya isə bir milyondan çox əlcəzairli səyahət edir. Hər gün Əlcəzairlə Fransa arasında 100 reys həyata keçirilir. Çoxları 100 reys deyəndə inanmır. Amma Əlcəzairdə 11 beynəlxalq hava limanı fəaliyyət göstərir, Fransada isə 4 milyon əlcəzairli yaşayır. Həmçinin, gəmi ilə də səfərlər həyata keçirlir. Mən Kanadada diplomat kimi işləyəndə Əlcəzairlə Monreal arasında reysin açılmasına nail oldum. Bunun ideya müəllifi mən idim, reys həftədə iki dəfə idi, hazırda isə gündəlikdir. Kanadada 200 min əlcəzairli yaşayır. Bakı ilə də birbaşa reysin açılması təklifi var, həmçinin Əlcəzair-İran-Bakı reysinin açılması da müzakirə oluna bilər.

- İqtisadi, o cümlədən enerji sahəsində əlaqələrin səviyyəsi nə yerdədir və tərəflər qarşılıqlı olaraq hansı məhsulların mübadiləsini həyata keçirə bilər?

- Azərbaycanla Əlcəzair arasında iqtisadi-ticarət əlaqələri hələ ki, zəifdir. Bir şirkət dünyada ən yaxşı sort sayılan Dekletnur xurmasını burda məhdud həcmdə gətirib satır. Biz bu meyvəni Azərbaycan bazarına ixrac edə bilərik. Məsələn, Azərbaycanda bol olan qız, fındıq, küşmiş və sair kimi çərəzlər bizim bazarlara idxal etmək mümkündür. Bundan başqa, Əlcəzairə taxıl və süd məhsullarına da Azərbaycandandan idxal etmək olar. Yəni bu sahədə də imkan var ki, ticarətimizi genişləndirək. 2015-ci ildə SONATRAK nümayəndə heyəti Azərbaycana gəlmişdi və onlar tərəfindən bir saziş təklif olundu. SONATRAK-ın nümayəndəsi bildirdi ki, Azərbaycanda texnologiya yüksək səviyyədədir və onun satılması üçün saziş də təklif olundu. SONATRAK Azərbaycandan faydalanmaq istəyir.

- Bəs təhsil sahəsində əlaqələr mövcuddur?

- Azərbaycan Tibb Universiteti və ADA Universiteti ilə sazişlər imzalamağı planlaşdırırıq. Bu sazişlər hazırlanır. Sənədlər lazımi yerlərə göndərilib.

- Dağlıq Qarabağ münaqişəsi ilə Əlcəzairin mövqeyi nədən ibarətdir?

- Bizim də sərhədimizdə belə probelm olub. Söhbət Qərbi Səhra ilə Mərakeş arasındakı münaqişədən gedir. Biz bunu yaşadığımız üçün belə aqibətlə üzləşən ölkələri müdafiə edirik. İşğal edilmiş ərazilər müzakirəsiz olaraq Azərbaycana qaytarılmalıdır. Azərbaycan itirilmiş torpaqlarına sahib olmalıdır. Biz hər zaman haqqı, ədaləti müdafiə edirik. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq.Biz işğala qarşıyıq. Qərb ölkələri həmişə öz söhbətlərində bəyan edirlər ki, Qarabağda əhalinin böyük əksəriyyəti erməni olub. Bu, düzgün deyil. Bunu ermənilərə haqq qazandırmaq üçün deyirlər. ABŞ-ın Florida ştatında Kuba, Latın Amerikası və bir sıra digər ölkələrdən insanlar yaşayır. Onda belə çıxır ki, onlar həmin əraziləri iddia etməyə haqqları var?! Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına mane olur. Amma Azərbaycan Prezidenti bütün bu problemlərin öhdəsindən gəlir. Mən həmkarlarımla cəbhə bölgəsində oldum. Orda yaşayan əhali bir çox problemlə üzləşib, yaşayış yerləri, binalar dağıdılıb. Amma dövlət öz vətəndaşlarını tək buraxmayıb. 1945-ci ildə Əlcəzairdə hökmranlıq edən Fransa Liviyanın iki həmsərhəd şəhərini ələ keçirmişdi. Amma Əlcəzair müstəqilliyinə qovuşan kimi həmin şəhərləri saziş əsasında qeyd-şərtsiz Liviyaya qaytardı. Bizim əsas siyasətimiz haqqın, ədalətin yanında olmaqdır. Haqq, ədalət olmayanda, müharibə baş verir. Qarabağ da Azərbaycanın ərazisidir. Ona görə də mövqeyimiz bundan ibarətdir ki, işğal edilmiş torpaqlar Azərbaycana qaytarılmalı, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına dönməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə