Partiya sədri, Cəmil Həsənli üçün “Toplan”dan misal çəkdi AÇIQLAMA!

Partiya sədri, Cəmil Həsənli üçün “Toplan”dan misal çəkdi AÇIQLAMA!

"Toplan" çizgifilmi haqqında yəqin ki, məlumatınız var. Süjet xətti belədir ki, səhər-səhər günəş aşağıda olanda, Toplan narazılıq edir ki, mən balacayam, günəş yuxarı çıxanda, Toplanın kölgəsi böyük görünür və özünü böyük görür. Yenə də gün batanda kölgəsi aşağı düşür və Toplan yenə də özünü balaca görür. Yəqin Əli Kərimli və Cəmil Həsənli özlərinə günəş pik nöqtədə olanda, baxırlar və kölgələrini böyük görürlər, bu baxımdan özlərini böyük bir şey hesab edirlər".

Bu fikirləri SİA-ya açıqlamasında "Təkamül" partiyasının sədri Teyyub Qənioğlu bildirib.

Ə.Kərimli və C.Həsənlinin AXCP və "Milli şura"nı "yeganə müxalifət" təşkilatları kimi təqdim etməsinə münasibət bildirən T.Qənioğlu qeyd edib ki, ümumiyyətlə, bunların fəaliyyəti göz qabağındadır: "Bu günə qədər bunlar irəliyə doğru heç bir addım ata bilməyiblər. Belə olan halda, hardan göründü bunların liderliyi, böyüklüyü, aparıcı olmaları? Yəni bunun bir meyarı olmalıdır ki, hansı göstəricilərə görə bunlar özlərini aparıcı sayaraq öndə görürlər. Amma müxalifətin fəaliyyətində belə bir göstərici görmürəm. Misal var, deyərlər, əgər heç kəs səni tərifləmirsə, heç olmasa, özüm-özümü tərifləyim. Yəni özləri-özlərini tərifləyirlər və öz dediklərinə də özlərini inandırmağa çalışırlar. Amma insan heç olmasa gərək öz fəaliyyətinə bir qıraqdan durub baxsın ki, fəaliyyətləri necə görünür. Ümumiyyətlə, nə AXCP-ni, nə də "Milli şura"nı siyasi qurum hesab etmirəm. "Milli şura" millilikdən uzaq olan bir şuradır. "Milli şura" sifarişlə yaranan, başqalarının sifarişi ilə oturub-duran və öz fəaliyyətində milli mənafeləri əsas götürməyən bir qurumdur".

T.Qənioğlu müxalifət düşərgəsindəki vəziyyətə də qiymət verib: "Müxalifət düşərgəsində hər kəs yorğanı öz tərəfinə çəkməyə çalışır. Müxalifət tamamilə tükənib, sosial dayaqlardan və maliyyə imkanlarından məhrumdur. Siyasi fəaliyyətlə məşğul olmaq üçün kifayət qədər maliyyə olmalıdır. Artıq bunların maliyyə mənbələri tükənib, yoxdur. Vəziyyətdən çıxmağın yolunu xaricdən maliyyələşməkdə və kiminsə sifarişini yerinə yetirməkdə görürlər. Bu yol isə səhv yoldur. Ümumiyyətlə, müxalifət partiyaları fəaliyyət göstərən gündən bu günə qədər hansı partiyanın öndə olması məsələsi gündəmdə olub. Müxalifət düşərgəsini təmsil edən şəxslərin bu cür hərəkətləri müxalifətin hər dəfə parçalanmasına gətirib çıxarıb. Daim bu kimi məsələnin başında da, AXCP və Müsavat partiyaları durub. Yəni AXCP və Müsavat partiyaları özlərini "qabaqcıl", "aparıcı", "yeganə, "ana" müxalifət partiyaları hesab ediblər. Bununla da müxalifətdə olan digər partiyaları kölgədə qoymağa çalışıblar. Məhz buna görə müxalifət partiyaları arzuolunmaz vəziyyətlə üzləşiblər. Nə qədər ki, AXCP və Müsavat partiyalarının başında indiki rəhbərlər durur, nə onların, nə də ki, müxalifətin birləşməsi mümkün olmayacaq. Hazırda AXCP və Müsavat mehriban düşmənlərdir. Daim bunlar bir-birləri ilə mübarizə aparırlar. Bunlara xaricdən hər hansı bir sifariş olanda, qısa bir müddət ərzində hər hansı bir qurumda birləşirlər, amma nəticə əldə olmayandan sonra bir-biri haqqında qurşaqdan aşağı bütün sözləri deyirlər. Bu cür vəziyyətdə müxalifətin birləşməsindən söhbət gedə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə