Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Seçki Qərargahı Gəncə şəhər şöbəsinin Tədbirlər Planına uyğun olaraq, təbliğat-təşviqat kampaniyası çərçivəsində seçiçilərlə keçirdiyi görüşlərin bu gün Gəncə şəhər İsrafilbəyov küçəsində yerləşən meydanda yekun tədbiri reallaşıb. SİA-nın xəbərinə görə, millət vəkillərinin, partiya fəallarının, şəhər ictimaiyyətinin, gənclərin iştirak etdiyi tədbirə 4 min nəfərdən çox seçiçi toplaşıb.
Tədbiri "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Naqif Həmzəyev açaraq iştirakçıları salamlayıb, bu günədək şəhərin müxtəlif yerlərində təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşlərdə bütün seçicilərin yüksək fəallıqla, sonsuz fərəhlə, mütəşəkkil şəkildə iştirak etdiklərinə görə minnətdarlığını bildirib, 26 sentyabr- referendum günü gəncəlilərin bu möhtəşəm birliyi, həmrəyliyi, qürur və məmnunluğu bir daha nümayiş etdirəcəklərinə əminliyini deyib.
Millət vəkili vurğulayıb ki, gəncəlilər hər zaman Heydər Əliyev siyasi kursuna sədaqətli olublar, ölkəmizdəki mühüm ictimai, hüquqi - siyasi proseslərin önündə qətiyyətlə addımlayıblar, Prezident İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə dəstəkləyiblər, qüdrətli Vətənimizin yüksəlişi, xalqımızın rifahı, milli maraqları naminə əzmkarlıq,cəsarət və iradə göstəriblər: "Prezident İlham Əliyevin diqqət və qayğısı, göstəriş və tapşırıqları, Gəncəyə və gəncəlilərə sonsuz rəğbəti sayəsində qədim Şeyx Nizami yurdu inkişafının yeni intibah mərhələsinə qovuşub, layiq olduğu şöhrət zirvəsinə uçalıb, dünya miqyasında cəlbedici məkan olaraq tanınıb. Burada keçirilən beynəlxalq tədbirlər, konfranslar, forumlar, festivallar ölkələrarası və millətlərarası əməkdaşlığın, dostluq münasibətlərinin genişlənməsinə, möhkəmləndirilməsinə dəyərli töhfələr verir, xüsusən gəncliyin inkişafında mühüm, əhəmiyyətli rol oynayır. Gəncənin son illərdə qazandığı titullar əldə olunan görkəmli nailiyyətlərin bariz nümunəsidir".
Millət vəkili Naqif Həmzəyev "Yaşasın müstəqil Azərbaycan və müdrik liderimiz cənab İlham Əliyev!","Var olsun, güclü Vətənimiz və birliyimiz!","Xoşbəxt gələcək, firavan həyat naminə həmrəy olaq, "HƏ" deyək!" şüarları ilə bütün seçkilərdə qələbə qazanan gəncəliləri 26 sentyabrda hamılıqla seçki məntəqələrinə səsləyib, onları daha parlaq gələcəyə səs verməyə çağırıb.
Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs, millət vəkili Pərvin Kərimzadə son illər Azərbaycanın qazandığı görkəmli nailiyyətlər sırasında beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsinin mühüm yer tutduğunu, xarici əlaqələr sahəsində uğurlar əldə edildiyini diqqətə çatdırıb: "Ötən illərdə olduğu kimi, 2016-cı ilin 7 ayında da Azərbaycan rəhbərliyinin beynəlxalq tədbirlərdə iştirakı və xarici dövlətlərə səfərləri ölkəmizin dünya miqyasında nüfuzunun yüksəltdiyini bir daha sübuta yetirib. Prezident İlham Əliyevin xaricə səfərləri çərçivəsində dövlət və hökumət başçıları ilə keçirdiyi yüksək səviyyəli görüşlər Azərbaycanın tanıdılması baxımından böyük əhəmiyyət kəsb edib. Qeyd edək ki, dövlət rəhbəri İlham Əliyev son 7 ayda 7 beynəlxalq toplantıda iştirak edib, 10 ölkəyə 13 səfər edib və ümumilikdə, 59 görüş keçirib. Beynəlxalq tədbirlərdə Azərbaycanın söz sahibi kimi təmsil olunması ölkəmizin nüfuzunun dünyada getdikcə artmasını sübut edən amillərdir. Bu, həm də dünya miqyasında Azərbaycana verilən önəmin daha bir nümunəsidir. Konstitusiya islahatları ölkəmizdə gedən sürətli inkişafın, demokratik, dünyəvi və hüquqi dövlətimizdə qanunların daha da təkmilləşdirilməsinin, insan hüquq və azadlıqlarının genişləndirilməsinin tələbi olaraq, yalnız ölkə vətəndaşlarının maraqlarına və mənafeyinə xidmət edir.Məhz buna görə də, hər birimiz Konstitusiya islahatlarına müsbət rəy bildirərək,xoşbəxt gələcəyimizə, zəfəfrlər hədəflərinə doğru irəliləməliyik!".
Çıxış edən AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsi ölkəmizin siyasi həyatına, idarəetmə orqanlarının fəaliyyətinə təsir imkanları baxımından zəruridir və ölkəmizin sürətli tərəqqisinə, insanların daha firavan həyatına dəyərli töhfələr verəcək.
Onu da qeyd etmək vacibdir ki, təklif olunan 23 dəyişikliyin 16-sı insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır: "Göründüyü kimi, "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyən möhtərəm Prezidentimizin yorulmaz, fədakar fəaliyyətinin, sərəncam və göstərişlərinin əsas meyarı Azərbaycan vətəndaşlarının maraqları, mənafeyi, ölkəmizin dünya miqyasında qüdrətlənməsi, sürətli tərəqqisidir".
Təbliğatçılardan YAP Gəncə şəhər Təşkilatının sədr müavini İbrahim Cəfərov, YAP Gəncə şəhər Təşkilatı İdarə Heyətinin üzvü Mehman Rzayev, dosentlər Cavid Bağırzadə, Hüseyn Bəxtiyar, Gənc alim Elnur Həsənov və digər natiqlər bildirib ki, ətrafımızda sürətli inkişaf gedir, zaman dəyişir və biz də zamanla birlikdə dəyişirik.
Qeytd olunub ki, dövlət və siyasi-ictimai, sosial münasibətlər də inkişaf etdikcə, bu münasibətləri tənzimləyən hüquq normaları da dəyişməli və mövcud şəraitə uyğunlaşdırılmalıdır. Onlar, Konstitusiyanın 68-ci maddəsində edilən dəyişikliklərə diqqət çəkərək bildirib ki, hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.
İrəli sürülən müddəalarda Prezident cənab İlham Əliyevin dəfələrlə dediyi kimi, "Dövlət məmuru – xalqın xidmətçisi olmalıdır" sözlərinin hüquqi müstəvidə reallaşmasını görürük. Dəyişiklik və əlavələr vətəndaşların dövlət məmurlarının özbaşınalıq, qanuna zidd davranışlarından qorunmasına əlavə təminat yaradır. Yeni müddəalar ölkədə aparılan siyasi və idarəçilik islahatlarının Konstitusiyada möhkəmləndirilməsi kimi qəbul edilməlidir.
Həmçinin bildirilib ki, hər bir valideynin arzusu övladının rahat yaşaması, yaxşı təhsil alması, Vətənə layiq övlad olması, xoşbəxt gələcəyidir.Dünyada münaqişələrin, müharibələrin, terror aktlarının, miqrant probleminin yaşandığı bir zamanda biz bu gün əmin-amanlıq şəraitində yaşayır, xoş istək və arzularımızı gerçəkləşdiririk, Vətənə gücümüzlə, bacarığımızla daha çox fayda və töhfələr verməyə çalışırıq. Nə qədər xoşdur, belə bir ölkədə yaşamaq, uğurları, gözəl ənənələri davam etdirmək. Konstitusiya islahatlarından da məhz gözləntilərimiz bunlardır. 26 sentyabrda biz ölkəmizin Ali Qanuna möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə edilən əlavə və dəyişikliklərə tərəfdar olduğumuzu təsdiqləyəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB