Gənclər Fondu 9-cu qrant müsabiqəsinə yekun vurdu

Gənclər Fondu 9-cu qrant müsabiqəsinə yekun vurdu

2016-cı il sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, toplantının gündəliyinə 9-cu qrant müsabiqəsinin yekunları, Fondun müsabiqələrində iştirak etmək üçün elektron ərizə formalarında dəyişikliklərin edilməsi və s. məsələlər daxil edilib.

Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov 9-cu müsabiqə barədə məlumat verərək bildirib ki, 2016-cı il iyulun 25-dən avqustun 25-dək gənclər təşkilatlarından Fonda "A" (yerli layihələr) kateqoriyası üzrə 159, "B" (beynəlxalq layihələr) kateqoriyası üzrə 10 layihə təklifi daxil olub. Qəbul olunmuş layihələr Fondun aparatının əməkdaşları tərəfindən sistemləşdirilib, hər biri haqqında annotasiya hazırlanmış, qeyri-hökumət təşkilatlarının əvvəlki müsabiqələrdəki layihələri üzrə hesabatlılıq vəziyyəti nəzərdən keçirilib.

Müşahidə Şurasının üzvləri əvvəlki müsabiqələr çərçivəsində maliyyələşdirilmiş layihələrin hesabatlarını indiyədək təqdim etməyən resipiyentlərin müraciətlərinə baxılmaması barədə razılığa gəliblər. Digər təkliflər qiymətləndirilərkən, ilk növbədə, ictimai əhəmiyyət kəsb edən, gənclərin fiziki, intellektual və mənəvi inkişafına xidmət edən, real icra planı və büdcəsi olan, habelə Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə əlaqədar hazırlanmış layihələrə üstünlük verilmişdir. Aparılan müzakirələr nəticəsində "A" kateqoriyası üzrə 110, "B" kateqoriyası üzrə 5 layihənin dəstəklənməsi məqsədəuyğun sayılmışdır. Barələrində müsbət qərar qəbul olunmuş 115 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1 052 000 manat vəsaitin ayrılması nəzərdə tutulub (həmin layihələrin siyahısı 2016-cı il sentyabrın 17-də Fondun rəsmi internet səhifəsində yerləşdiriləcək).

İclasda qeyd edilmişdir ki, 2016-cı ilin əvvəllərindən etibarən keçirilən müsabiqələrin mövzuları sırasına Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə bağlı təşəbbüslər daxil edilib. 8-ci qrant müsabiqəsində gənclər təşkilatlarının Gəncə şəhərində keçirilməsi planlaşdırılan 28 yerli və 6 beynəlxalq, fiziki şəxslərin isə 59 layihəsinə dəstək verilib, onların icrası üçün 595.400 manat vəsait ayrılmışdır. Hazırki müsabiqənin yekunlarına görə isə Gəncədə reallaşdırılması nəzərdə tutulan 5 yerli və 3 beynəlxalq layihə dəstəklənib.

Gündəlikdə duran digər məsələ - qrant müsabiqələrində iştirak etmək üçün elektron ərizə formalarında dəyişikliklər edilməsi barədə məlumat verən Fondun aparat rəhbəri Faq Qürbətov layihələrin tərtibatının daha da təkmilləşdirilməsinə, bir sıra sualların konkretləşdirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. Müşahidə Şurası üzvlərinin müzakirələrindən sonra, işçi qrupu tərəfindən ərizə formalarına təklif edilən dəyişikliklər təsdiq olunub.

İclasın gündəliyindəki məsələlər ətrafında müzakirələrdə Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Müşahidə Şurasının üzvləri - gənclər və idman nazirinin müavini İntiqam Babayev, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiyasının sədri Nurəddin Mehdiyev, Gənclər Təşkilatları Milli Şurasının təmsilçisi Şahin Seyidzadə və başqaları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə