Göygöldə qadın seçicilərlə görüş keçirilib FOTOLAR

Göygöldə qadın seçicilərlə görüş keçirilib FOTOLAR

Bu gün Göygöl rayonunda "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, YAP Göygöl rayon Təşkilatında keçirilən görüşdə millət vəkilləri, ziyalı qadınlar, partiya fəalları, gənclər və ictimaiyyət nümayəndələri, ümumilikdə 120 nəfərə yaxın seçici iştirak edib.

Tədbiri giriş sözü ilə YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev açıb. T.Əliyev ölkəmizin mühüm tarixi hadisə ərəfəsində olduğunu bildirib. O, qeyd edib ki, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi müasir dövrümüzün inkişaf perspektivlərini müəyyənləşdirir və insanların daha firavan həyat tərzini şərtləndirir: "Bu gün hansı sahəyə baxsaq güclü Azərbaycan və onun regionlarının sürətli tərəqqisi diqqət çəkir. Ölkəmizdə qazanılan nailiyyətlər, demokratik, hüquqi islahatlar sahəsində əldə edilən uğurlar, beynəlxalq aləmdəki nüfuz və digər sahələrdəki yüksəlişlər hər zaman yeniləşməni, təkmilləşməni bir tələb kimi qarşıya qoyur. Referendum Aktı ölkədə Azərbaycan Konstitusiyası tərəfindən təminat verilmiş demokratizmin inkişafını nəzərdə tutur ki, buraya vətəndaşların şəxsi həyatı haqqındakı məlumatların qorunması, öz hüquqlarını tələb etmək mexanizmlərinin gücləndirilməsi kimi məsələlər daxildir. Referendum Aktı vasitəsilə Azərbaycan Konstitusiyasına təklif olunan dəyişikliklər Azərbaycan dövlətçiliyini möhkəmləndirəcək, Azərbaycan vətəndaşının hüquqlarını genişləndirəcək, ölkənin beynəlxalq nüfuzunu daha da yüksəldəcək və dövlət müstəqilliyinin 25 illiyi ərəfəsində keçirilən ümumxalq səsverməsi yeni Referendum Aktının tarixi missiyasının gerçəkləşməsi istiqamətində xalqımızın siyasi-mənəvi iradəsini bir daha nümayiş etdirəcək. Sizləri Prezidentimizin ətrafında yumruq kimi sıx birləşməklə, 26 sentyabrda "Həmrəy olaq, Hə deyək!" devizinə dəstək olmağa səsləyirəm".

Sonra Milli Məclisin deputatı Rövşən Rzayev Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin hər birinin mahiyyəti barədə seçicilərə ətraflı məlumat verib. Vitse-prezidentlik institutunun yaradılması məsələsinə toxunan millət vəkili qeyd edib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər siyasi sistemin daha da möhkəmləndirilməsi ilə yanaşı, müasir çağırışlara cavab verən idarəetmə modelini də yaratmış olacaq, Azərbaycanda çevik və radikal qərarlar qəbul etməyə imkan verən təkmil dövlət idarəçiliyi sistemi formalaşdırılacaq: "Vitse-prezidentlik institutu idarəçiliyin operativliyini daha da artıracaq, dövlətçiliyi möhkəmləndirəcək, Prezidentin qəbul etdiyi sərəncamların, fərman və qərarların hökumət tərəfindən vaxtında icra olunmasına nəzarəti artıracaq. Bu, hakimiyyətin daha möhkəm, davamlı olması, arıdıcıllığın gözlənilməsi üçün idarəetmədə çox vacib bir institutdur. Bütövlükdə, vitse-prezidentlik institutunun yaradılması Konstitusiyaya edilən dəyişikliklərin çox mühüm tərkib hissəsidir və Azərbaycan dövlətinin öz inkişafında artıq yeni bir mərhələyə qədəm qoymasından xəbər verir".

Azərbaycanın böyük seçki təcrübəsinə malik olduğunu deyən "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, ölkəmizdə 25 il müddətində 6 prezident, 5 parlament, 4 bələdiyyə seçkiləri keçirilib: "Hazırda Konstitusiyaya təklif edilən dəyişikliklər Azərbaycan cəmiyyətini indiki reallıqlara uyğunlaşdırmaq, ölkəmizi daha da irəli aparmaq məqsədi daşıyır. Bu dəyişikliklər eyni zamanda, insan hüquqlarının qorunmasına xidmət edir. Bu baxımdan düşünürəm ki, hər kəs sentyabrın 26-da seçkilərdə daha fəal olub, öz gələcəyinin inkişafına dəstək olacaq. Ölkəmizin geniş seçki təcrübəsi var və xalqımız dəfələrlə bu seçkilərdə fəal iştirak etməklə, sözünü açıq şəkildə bildirmək imkanına malik olduğunu sübut edib. Bu baxımdan düşünürəm ki, bütün seçkiləri qələbə ilə başa vuran göygöllülər sentyabrın 26-da keçiriləcək referendumda da iştirak edib, müsbət rəylərini bildirəcəklər".

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı qadınlar Şurasının sədri Nuranə Quliyeva çıxışında Azərbaycan qadınlarının cəmiyyətdə aparıcı qüvvə olduğuna diqqət çəkərək, onların dünyanın ən mötəbər məclislərində öz sözlərini cəsarətlə bildirdiklərini, Azərbaycanı şərəf və ləyaqətlə təmsil etdiklərini dilə gətirib.Vurğulayıb ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, Azərbaycan qadınlarının lideri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri, yorulmaz fəaliyyəti dünya qadınlarına örnəkdir: "Qadınlarımızın ağıllı mövqeyinə, müdrik addımlarına, yüksək fəallığına inanırıq. Ümumiyyətlə, qadın həm də anadır, tərbiyəçidir və cəmiyyətdə fəal mövqe sahibidir. Çünki o, övladlarının xoşbəxtliyi, səadəti haqqında düşünür, cəmiyyətin yüksəlişi naminə addımlar atır. Göygöllü xanımlar hər zaman ulu öndər Heydər Əliyevin siyasətini sədaqətlə dəstəkləyiblər, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşiblər".

Nuranə Quliyeva bütün qadınları sentyabrın 26-da seçki məntəqəsinə səsləyərək, müstəqilliyimizin əbədiliyinə, sarsılmazlığına, Vətənimizin daha da güclü və qüdrətli olmasına səs verməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə