Məkkə şəhərində Kəbənin örtüyünün-kisvənin hazırlandığı xüsusi fabrik fəaliyyət göstərir. SİA-nın məlumatına görə, fabriklə tanışlığımız zamanı məlumat verildi ki, bu örtük bir il ərzində 200 nəfərdən çox işçi tərəfindən hazırlanır. Kəbənin örtüyünü hazırlamaq üçün 700 kq-a yaxın ipək parça, 100 kq-dan çox qızıl və gümüşdən istifadə olunur.
Örtüyün hazırlanmasına təxminən 6 milyon dollar xərclənir. Sahəsi 678 kvadratmetr olan Kəbə üçün hazırlanan qara örtük 16 hissədən ibarətdir. Örtüyü hazırlayan ustalar xüsusi təhsil alıb, daha sonra imtahan verib fabrikdə işə qəbul olunurlar. Kəbə örtüyünün uzunluğu (Kəbənin yuxarısından aşağı)14 metrdir, eni isə müəyyən səbəblərdən dəyişə bilər. Məsələn, Rüknü Yəmani ilə Hacərül Əsyad arasındakı hissə 10 metr 29 sm, Kəbə qapısının olduğu hissə 11 metr 82 sm, İbrahim qapısı tərəf 12 metr 15 sm, qalan sonuncu tərəf isə 10,3 metrdir. Fabrikdə müxtəlif şöbələr fəaliyyət göstərir ki, örtük hazır vəziyyətə gətirilənə kimi həmin şöbələrdə keçir. İstifadə edilən qumaş əvvəlcə qırmızıya, sonra yaşıla, sonda isə qara rəngə boyanır. Örtüyün üzərində qara rəngli toxuma qabartmalar da mövcuddur. Həmin toxuma qabartmalarda Allahın 99 adı, eləcə də kəlimeyi-teyhid, təşbih də əks olunur. Daha sonra Kəbə örtüyünün haradasa üçdən birinin üzərində 47 metr uzunluğunda qurşaq da yer alır ki, burada qızıl suyuna salınmış ipək saplarla Qurani-Kərimdən ayələr nəqş edilir. Onu da qeyd edək ki, Kəbə örtüyü ən keyfiyyətli İtaliya və Almaniya ipək çeşidlərindən toxunur, Almaniyadan gətirilən saf qızılla da işlənilir.
Kəbə örtüyü Ərafat günü Şeybə ailəsi tərəfindən dəyişdirilməsi üçün Səudiyyə rəsmilərinə təhvil verilir. Məlumat üçün deyim ki, Kəbə örtüyü və açarı artıq 14 əsrdir ki, Şeybə ailəsinə təslim edilir. Hətta bu məsələdə Peyğəmbər salavatullahın bir hədisi də mövcuddur: "Şeybə ailəsindən Kəbə örtüyünü və açarını ancaq zalımlar ala bilər".
Kəbəyə ilk dəfə örtüyün sərilməsi barədə müxtəlif rəvayətlər var. İlk örtüyü Hz. İsmayılın, yaxud Yəmən kralı Əsəd Əbu Kəribin örtüyü barədə məlumatlar var. Deyilənə görə, Yəmən kralı Məkkədə altı gün qalıb qurbanlar kəsdib kasıblara paylayıb. Yuxusunda Kəbəyə kisvə geyindirdiyini görüb, səhər Kəbəyə ipəkdən örtük geydirib. Bundan sonra Kəbənin üzəri örtülməyə başlayıb. Kəbəni qədimdə zəngin ərəblər, hökmdarlar örtürdülərsə, islamdan sonra bu vəzifəni xəlifələr daşıyıb. Hətta xəlifələr daha yaxşı örtük hazırlamaq uğrunda yarışıblar. Abbasilər dönəmindən indiyədək örtüyün rəngi qaradır. Həm də o vaxtdan indiyədək hər Qurban bayramının səhəri Kəbə yeni toxunmuş, qızıl saplarla süstlənmiş qara örtüyünə bürünərək hacıları qarşılamaqdadır.
Örtüyü hazırlayan fabrikin özünün də maraqlı tarixi var. 1962-ci ilədək bu örtük üç ölkədən birində - ya Misirdə, ya Yəməndə, ya da ki Hindistand hazırlanıb. Amma buna ehtiyac görməyən Səudiyyə hökuməti sonradan bu fabriki inşa etdirib. Fabrikdə başqa məhsullar istehsal olunmur və sadəcə, Kəbənin örtüyü toxunub başa çatır və bir qayda olaraq hər il Zilhiccə ayının əvvəllərində təslim edilir, Haramül Məscidə aparılır, zəvvarların Ərəfata çıxdığı gün dəyişdirilir.Örtüyün məhz Ərəfat günü dəyişdirilməsinə səbəb isə odur ki, Kəbədə ən az ziyarətçi zəvvarların Ərəfat çıxdığı vaxt olur. Əvvəlki örtük hissələrə ayrılaraq ziyarətçilərə paylanır.
Onu da qeyd edək ki, fabrikdə toxuculuq və tikiş işləri əsasən avtomatlaşdırılsa da, hələlik əl əməyinə də yer verilir. Ən çətin iş 69 nəfərin çalışdığı nəqqaşlıq prosedurdur. Burada işçilər pambıqla ipək üzərinə basılmış xətləri işləyir, sonra da pambığı qızıl ipliklərlə səbir və incəliklə üzləyirlər. Beləcə, Kəbənin ayələrlə süslənmiş füsunkar kəməri hazırlanmış olur.
Kəbənin qapısının pərdəsi də asan başa gəlmir. Yeri gəlmişkən, uzunluğu 7,5 metr olan pərdə 3 metr hündürlüyündəki qapının üzərindən asılır. Pərdənin ən aşağısında isə toxumaya başlanılan tarix və onun Kəbəyə bağışlanmasını əmr verən kralın adı yazılır.
Haremeyn muzeyi
İslam Arxitekturası Muzeyində çox dəyərli əşyalar yer alıb. Muzeyə Məkkə və Mədinəyə verilən ortaq ad - "Haremeyn" də deyilir.
Muzeyin girişində Haramül məscidini şüşə altında saxlanan maketi saxlanılır. Burada həmçinin, Kəbənin 1825-ci ildə istifadə edilmiş pilləkəni qoyulub, Kəbə divarındakı qara daşı haşiyələyən mis qurşaq sərgilənir. Burada müxtəlif dövrlərdən qalma Quran kitabları, üstünə ayələr həkk olunmuş qədim kitabələr, Kəbə evinin sütunlarından biri (Hicrətin 65-ci ilində Abdullah bin Zübeyr dönəmində Kəbənin daxildən təmiri zamanı istifadə edilən sütun və təməl daşı), üçüncü xəlifə həzrəti Osmanın müshəfi – müqəddəs kitabı, Kəbənin açarı və sair var. Muzeyin son bölümündə isə şüşə qoruyucu altında, Mədinədə yerləşən Peyğəmbər məscidinin maketi, Kəbənin iri qapısı, Zəmzəm quyusunun maketi və sair nümayiş olunur.
Pərvanə Sultanova
Bakı-Ciddə-Məkkə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB