Vardan Arutunyan: “Özbaşınalıq bundan sonra da davam edəcək” İTTİHAM

Vardan Arutunyan: “Özbaşınalıq bundan sonra da davam edəcək” İTTİHAM

"Sarkisyanın hüquq-mühafizə orqanlarının əməkdaşlarını tərifləyən ifadələrindən belə nəticəyə gəlmək olar ki, qanunsuzluq və özbaşınalıq bundan sonra da davam edəcək. Şübhə etməyin ki, gələcəkdə onların xidmətlərinə görə medallar, fəxri fərmanlar veriləcək". SİA-nın məlumatına görə, bu fikirləri 1in.am saytına erməni hüquq müdafiəçisi Vardan Arutunyan deyib.

Onun sözlərinə görə, Sarkisyan İrəvanda baş verən hadisələrdə polisin qanundankənar addım atmasını hesab etmir: "Ona görə də Ermənistan respublikasının vətəndaşları, jurnslitlər, ictimai-siyasi xadimlər və sülhpərvər nümayişçilər bundan sonra hər zaman bilməlidirlər ki, onların qarşısında daim əlizopalı, xüsusi texnikalarla təchiz olunmuş polislər dayanacaq ki, nəticədə döyüləcəklər".

"Jurnalistlərə təklif olunur ki, baş verənlər barədə unutsunlar"-deyə qeyd edən hüquq müdafiəçisi bildirib ki, jurnalistlər bunu unuda bilərlər, ancaq polisin xüsusi təyinatlıları bunu unutmayacaqlar: "Onlar hər zaman baş verənləri yadda saxlayıb lazım olduqca öz işlərini görəcəklər".

Vardan Arutunyan həmçinin onu da qeyd edib ki, jurnalistlərə "unudun" deyənlər bununla media nümayəndələrinə qarşı törədilmiş qanunsuzluqların heç vaxt araşdırılmayacağını, müvafiq qərarlar çıxarılmayacağını demək istəyiblər. "Halbuki, ölkə prezidenti günahkarların cəzalandırılacağını, jurnalistləri döyənlərin qanunun sərt tələbləri qarşısında dayanacaqlarını deməliydi"-deyə hüquq müdafiəşisi bildirib.

Hüquq müdafiəçisi bildirib ki, son hadisələrdən bir çoxları nəticə çxıardı, cəmiyyət baş verənləri müzakirə etdi, ancaq Serj Sarkisyanın çıxışında hakimiyyətin də nədənsə dərs çıxarması barədə bir kəlmə olsa da deyilmədi.

"Sarkisyan ümumiyyətlə, baş verənlərlə bağlı heç bir analiz aparmayıb. O deməyib ki, ölkədəki siyasi hadisələr məhz hakimiyyətin yanlış siyasəti üzündən dalana dirənib, deməyib ki, artıq müxalifət nümayəndələrinin bu ölkədə heç bir işi qalmayıb. Və ən əsası, deməyib ki, ölkədəki siyasi proseslər artıq kriminal sahəyə keçid edib. Lakin ictimai rəy çoxdan axtarılan suallara cavab tapıb. Serj Sarkisyanın çıxışı növbəti dəfə sübut etdi ki, hakimiyyət yaranan səbəbləri aradan qaldırmaq hazırlığında, gücündə deyil"-deyə Vardan Arutunyan sözlərini bu cür sonlandırıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə