Sevinc Fətəliyeva: “Bütün gücümlə uşaq hüquqlarının bərpasına çalışacağam” AÇIQLAMA
"AŞ PA-nın Sosial Məsələlər, Sağlamlıq və Davamlı İnkişaf Komitəsinin iclasında Avropa Şurasının Uşaqlar üzrə Baş Məruzəçisi vəzifəsinə yenidən seçildim. Bu, artıq 2016-2017 illərdə Baş Məruzəçi kimi fəaliyyət göstərməyimə imkan verəcək". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
O qeyd edib ki, Avropa Şurasının Uşaqlar üzrə Baş Məruzəçisinin fəaliyyəti bütün quruma üzv ölkələrdə, ümumiyyətlə dünyada uşaq hüquqlarının müdafiəsində dayanmaq, dünya ictimaiyyəti, parlamentlər və hökumətlərinin diqqətlərini müəyyən hüquq pozuntularına cəlb etmək və uşaq hüquqlarının bərpası ilə bağlı işlər aparmaqdan ibarətdir.
Millət vəkili bildirib ki, AŞ-da Baş Məruzəçi olduğu müddətdə kifayət qədər işlər aparılıb: "Avropa Şurasının aprel sessiyasında "Uşaqların və gənclərin radikallaşmasının qarşısının alınması və onun səbəbləri" adlı məruzəm müakirə olunmuşdu. Dünyada gedən proseslər göstərir ki, bu gün radikallaşma terrorizmin yayılmasında çox böyük rol oynayır. Coğrafi baxımdan harada yaşamasından asılı olmayaraq, uşaqları düzgün yönəltməli və müdafiə etməliyik. Bu istiqamətdə təhsilin, multikultural dəyərlərin, dini məsələlərin düzgün yönəldilməsi çox önəmlidir. Radikallaşma ilə bağlı bir neçə konfranslarda iştirak edib, Baş Məruzəçi kimi öz fikrimi bölüşmüşəm. Xüsusilə, ölkəmizdə bu istiqamətdə aparılan işlər haqqında məlumat verərək, Azərbaycan modelini avropalı həmkarlarıma çatdırmışam. Avropa bu gün böyük problemlər yaşayır. Qaçqınlar və məcburi köçkünlərin arasında çoxlu uşaqlar mövcuddur. Bu isə bilavasitə AŞ ilə bağlıdır. Çünki Avropanın bir sıra ölkələri qaçqın axını ilə üzləşir".
S.Fətəliyeva vurğulayıb ki, miqrantların arasında uşaqların sayı olduqca çoxdur: "Bundan əlavə, itkin düşən uşaqların sayı da kifayət qədərdir. Bu gün münaqişə zonalarında yaşayan uşaqların hüquqları ön plandadır. Azərbaycanda da cəbhə xəttində yaşayan uşaqların həyatı hər gün təhlükədədir. Onlar həm psixoloji, həm də ailəvi problemlər yaşayır. Uşaqların bir çoxu erməni hərbi birləşmələrinin mülki vətəndaşlara açdığı atəşdən valideynlərini itiriblər. Münaqişələrin həlli, sülhün bərqərar olması, uşaqların silahlı münaqişlərdən qorunması çox önəmlidir. Növbəti illərdə də bu sahədə işlər prioritet istiqamətlərdən biri olacaq. Uşaqlara qarşı zorakılıq məsələsi də gündəmdədir. Bu sahədə bir çox işlər aparılsa da, yenə də problemlər qalmaqdadır. Baş Məruzəçi kimi, bütün gücümlə dünyada uşaq hüquqlarının bərpasına çalışacağam".
Qeyd edək ki, AŞ-nin Baş Məruzəçisi S.Fətəliyeva AŞ PA-nın Sosial Məsələlər, Sağlamlıq və Davamlı İnkişaf Komitəsinə "Silahlı münaqişələrdə uşaqların müdafiəsi" adlı sənəd təqdim edib. Bu sənəd ötən sessiyada komitə tərəfindən yekdilliklə qəbul olunub və AŞ-nin bürosuna təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB