"Türkiyədə qurulan yeni hökumət ümumilikdə dövlətin apardığı siyasətə o qədər də təsir etməyəcək. Çünki, hökumətdə təmsil olunan istənilən şəxs Türkiyənin həyata keçirdiyi məlum xarici siyasəti davam etdirir". Bu fikirləri SİA-ya açıqlamasında "Azəri-Türk Qadınları" İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, qonşu dövlətdə yeni seçilən hökumət Türkiyənin maraqlarını qoruyacaq: "Qardaş ölkənin hökumətini təmsil edən şəxslər Türkiyənin maraqlarına uyğun olaraq, regionda söz sahibi olmasında əlindən gələni edəcəklər. Hökumətin dəyişməsi, dövlətin milli proqramına təsir edə bilməz. Çünki, dövlət maraqları hər şeydən üstündür".
Azərbaycan-Türkiyə münasibətlərinə gəlincə, T. Rüstəmxanlı söyləyib ki, iki ölkə arasında olan qardaşlıq münasibətləri bundan sonra da davam edəcək: "Bilirsiniz ki, Azərbaycan-Türkiyə arasında olan münasibətlər hər zaman sarsılmaz olub və bundan sonra da belə qalacaq.
Türkiyənin Rusiya ilə münasibətlərinə toxunan birlik sədri vurğulayıb ki, sözügedən ölkələr arasında yaşanan gərginlik uzun müddət davam edə bilməz: "Mövcud olan vəziyyətdən ən çox əziyyət çəkənlərdən biri Rusiyadır. Hesab edirəm ki, yeni hökumətin qurulması münasibətlərin normallaşmasına öz təsirini göstərəcək".
Türkiyənin terror təşkilatlarına qarşı mübarizəsinə gəlincə, T. Rüstəmxanlı qeyd edib ki, qardaş ölkə hər bir terror təşkilatına qarşı çox ciddi mübarizə aparır: "Türkiyə bir neçə ay müddətində 475 şəhid verib. Bu, az rəqəm deyil. Bir sözlə deyə bilərik ki, Türkiyə PKK-nı məhv etmək niyyətindədir və buna da nail olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB