Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Böyük Vətən Müharibəsi illərində Ukraynanın azad olunmasında iştirak etmiş Azərbaycan Respublikasından olan müharibə veteranlarına "Ukraynanın faşist işğalçılarından azad edilməsinin 70-ci ildönümü" fərqlənmə medalının təqdimat mərasimi keçirilib.
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko Azərbaycan dövlətinin rəhbərliyinin veteranlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib. Səfir, Azərbaycanın müharibə illərində verdiyi töhfələri böyük qəhrəmanlıq adlandırıb.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-mayor Dadaş Rzayev çıxış edərək deyib ki, Ukrayna xalqı böyük sərkərdələr yetişdirib. O, II Dünya Müharibəsində Faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan övladlarının göstərdikləri qəhrəmanlıqlarından danışıb.
Qeyd edib ki, dünyanın faşizm taunasından xilas edilməsində misilsiz döyüş rəşadəti göstərən müharibə veteranları hər cür qayğı və diqqətə, hörmət və ehtirama layiqdirlər.
D.Rzayev əlavə edib ki, II Dünya Müharibəsinin odlu-alovlu yollarından keçən döyüş rəşadəti göstərən veteranlarla belə görüşlərin gənclərin hərbi vətənpərvərliyi və milli-mənəvi dəyərlər uğrunda tərbiyəsində böyük rol oynayır.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov bildirib ki, Böyük Vətən Müharibəsi bəşər tarixində ən böyük və dəhşətli müharibə olub: "Azərbaycan xalqı Böyük Vətən Müharibəsində rəşadət, qəhrəmanlıq nümayiş etdirib, həm ön, həm də arxa cəbhədə döyüşərək qələbənin əldə olunmasına öz xidmətlərini göstərib. Siz Böyük Vətən Müharibəsinin cəbhələrində, döyüşlərdə iştirakınızla göstərdiyiniz qəhrəmanlıqla, şücaətlə Azərbaycan xalqının nəyə qadir olduğunu bütün dünyaya sübut etmisiniz. Döşünüzdəki dövlət ordenləri, medallar, nişanlar mənim dediyim sözlərin əyani sübutudur".
Ximdət rəisi qeyd edib ki, müharibə illərində 600 min nəfərdən artıq Azərbaycanlı orduya gedib, onların yarısından çoxu döyüşlərdə həlak olub: "Müharibə zamanı Azərbaycanlılardan xüsusi diviziyalar təşkil edilib ki, onlar da döyüşlərdə qəhrəmanlıqları ilə fərqləniblər. Azərbaycan diviziyalarının keçdiyi döyüş yolunun böyük bir hissəsi Ukraynanın azad edilməsinə aiddir. Beləki Azərbaycanlılardan təşkil edilmiş 77-ci, 223-cü, 271-ci, 416-cı diviziyalar və şəxsi heyətin 70 faizi Azərbaycanlılardan ibarət olan 227-ci diviziya Ukraynanın faşist işğalçılarından azad edilməsi uğrunda qəhrəmanlıqla döyüşüblər".
Sonda müharibə veteranlarına "Ukraynanın faşist işğalçılarından azad edilməsinin 70-ci ildönümü" fərqlənmə medalları təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB