“Apreldə bütün siyasi təşkilatlar Prezidentin ətafında birləşdi AXCP xaric”

Siyavuş Novruzov: “Ordumuzun həmləsi Ermənistanda yaranan mifi darmadağın etdi”
“Apreldə bütün siyasi təşkilatlar Prezidentin ətafında birləşdi AXCP xaric”

"Ermənistan Silahlı Qüvvələri işğal edilmiş Azərbaycan ətrazilərindən həm hərbi hissələrimizi, həm də mülki obyektləri atəşə tutur. Ordumuz isə buna layiqli cavab verir". Bunu mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Millət vəkilinin sözlərinə görə, Ermənistandan fərqli olaraq bu gün Azərbaycanda xalq və hakimiyyət arasında tam birlik var: "Azərbaycan xalqı ali baş komandanın ətrafında biləşib. Aprel olayları zamanı AXCP-ni çıxmaq şərti ilə Azərbaycanda fəaliyyət göstərən bütün siyasi təşkilatlar, QHT-lərin hamısı ali baş komandanın ətafında birləşdi və öz bəyanatlarını səsləndirdilər. Onlar bu gün də döyüşə getməyə, Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə hazır olduqlarını bildirdilər. Azərbaycanda bu həmrəylik var. Ermənistanda keçirilən iqtidar-müxalifət görüşlərin mahiyyəti başqadır. Ermənistan hakimiyyəti uzun müddət idi ki, əhalini aldadırdı ki, guya Azərbaycanın güclü ordusu yoxdur, Azərbaycan ordusunun təchizatı zəifdir və s. Azərbaycanda xalqla iqtidar arasındakı birliyi tamam başqa cür qələmə verirdilər, siyasi partiyaların münasibətini də başqa cür təqdim edirdilər. Ordumuzun həmləsi Ermənistanda yaranan mifi darmadağın etdi".

İcra katibinin müavini Türkiyə hökumətində baş verən son olaylara da münasibət bildirib. Qeyd edib ki, Əhməd Davudoğlunun Ədalət və İnkişaf Partiyasının (AKP) liderliyindən və Baş nazir postundan istefa verməsi səs-küylü hadisə deyil: "Növbəti qurultay çağırılıb və burada partiya sədrinin seçilməsi məsələsi gündəmdə durur. Davudoğlu iki ildən artıq idi bu vəzifədə çalışırdı, onun seçildiyi qurultayda mən də iştirak etmişəm. AKP ilə Yeni Azərbaycan Partiyası arasında çox geniş əlaqələr var. Partiyanın qurultayının keçirilməsi hansısa daxili zərurətdən irəli gəlir. Bu zərurət də qurultayda yəqin ki, bilinəcək".

S.Novruzov partiya liderinin istefasının ardında mənfi məqamların axtarılmasını lüzumsuz hesab edir: "Davudoğlu açıqlamasında əslində Ərdoğanla dost olduğunu, axıra qədər dostluğunu davam etdirəcəyini və digər məslələri qeyd edib. Söhbət Ərdoğanla olan münasibətdən getmir. Hökumətin hansısa işində, hansısa proseslərdə razı qalmadığı məsələlər ola bilər. Bununla da bağlı özü açıqlama verəcək. Kənardan buna açıqlama vermək etik cəhətdən və siyasi baxımdan düzgün deyil. AKP vasitəsilə deputat, partiya sədri və Baş nazir seçilib. Ortada yeni nəsə varsa, bunlar qurultayda bilinəcək".

YAP icra katibinin müavini bu hadisədən mənfi nəticə gözləməyə ehtiyac olmadığını vurğulayıb: "Onlar eyni partiyanın üzvləridir, AKP quruculuğunda fəaliyyət göstəriblər. Hərdən elə məsələləri qəlizləşdirir və ya mənfi düşünməyə cəhd göstəririk ki... Əslində belə deyil, hökumətlər gəlir, gedir. Vaxtilə Türkiyədə bir ildə 5 hökumət dəyişilib, parlament seçkiləri keçirilib. Yəni parlament tipli dövlətlərdə belə proseslər olur. Koalisiya dağılanda və ya yenidən qurulanda, partiyadaxili ziddiyətlər yarananda belə hallar baş verir. Bu normal bir haldır".

Qeyd edək ki, Əhməd Davutoğlu bu gün Baş nazir postundan və AKP liderliyindən istefa verdiyini açıqlayıb. Partiyanın fövqəladə qurultayı mayın 22-də keçiriləcək və bu qurultayda partiyanın yeni lideri seçiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə