Hərbi xidmətdən qayıdan şəxs sonuncu iş yerinə bərpa oluna bilərmi? RƏY

Hərbi xidmətdən qayıdan şəxs sonuncu iş yerinə bərpa oluna bilərmi? RƏY

"Müddətli hərbi xidmətdən qayıdan şəxs sonuncu iş yerinə bərpa olunmaq hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən, işçi hərbi xidmətə çağırıldıqda, onunla bağlanmış əmək müqaviləsinə tərəflərin iradəsindən asılı olmayaraq, xitam verilir". Bu fikirləri SİA-ya açıqlamasında vəkil Asif Abdullayev deyib.

Vəkil bildirib ki, bu əsasla işdən azad edilən işçiyə orta əmək haqqının iki misli miqdarında müavinət ödənilməlidir: "İstər dövlət müəssisəsində, istərsə də özəl sektorda çalışan şəxs, hərbi xidmət keçməklə bağlı işdən azad edildiyi təqdirdə, xidmətini başa vurduqdan sonra, işə bərpa olunmaq hüququna malikdir. Belə ki, müddətli həqiqi hərbi xidmətə çağırılanadək həmin müəssisədə işləmiş şəxs, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdir.

Nəzərə almaq lazımdır ki, 60 təqvim günü ərzində işlədiyi müəssisənin işəgötürəninə rəsmi qaydada ərizə ilə müraciət etməyən şəxs, bu müddət keçdikdən sonra artıq vəzifəsinə bərpa edilmək hüququnu itirmiş olur".

Asif Abdullayev həmçinin onu da qeyd edib ki, həmin işçinin vəzifəsində başqa işçinin çalışdığı halda, əgər hərbi xidmətdən qayıtmış şəxs öz vəzifəsinə bərpa olunmaq barədə ərizə veribsə, onun yerində çalışan işçinin əmək müqaviləsinə tərəflərin istəyindən asılı olmayaraq Əmək Məcəlləsinin 74-cü maddəsinin birinci hissəsinin "ə" bəndinə əsasən xitam verilməlidir. İşə bərpa olunmaq üçün ərizə vermiş şəxsin ərizəsi işəgötürən tərəfindən təmin edilmədiyi halda, hüququnun pozulduğunu aşkar etmiş işçi bir ay ərzində məhkəməyə müraciət edə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə